Xəbərlər

Azərbaycan 57-ci Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Yanvarın 21-də Misirdə 57-ci ənənəvi Qahirə Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb. Fevralın 3-dək davam edəcək kitab sərgisində 83 ölkədən 1457 nəşriyyat iştirak edir. Budəfəki sərgi iştirakçı sayına və bu çərçivədə keçiriləcək mədəni və ədəbi proqramların müxtəlifliyinə görə əvvəlkilərlə müqayisədə böyük sayılır.

“Füyuzat” AZƏRTAC-a istinadən xəbər verir ki, Misirdəki səfirliyimizin dəstəyi ilə sərgidə ölkəmizin kitab stendi yaradılıb.

Misirin bir sıra nazirliklərinin rəhbərləri, xarici ölkə səfirliklərinin nümayəndələri, Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, o cümlədən səfirliyimizin digər əməkdaşları sərginin açılışında iştirak ediblər.

Azərbaycana dair yeni nəşr olunan qiymətli kitabların nümayiş olunduğu milli stendimizi Misirin və Rumıniyanın mədəniyyət nazirləri, eləcə də digər mədəniyyət xadimləri ziyarət ediblər. Onlara ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı geniş məlumat verilib. Stendimizdə nümayiş olunan kitablar sonda kitab həvəskarlarına hədiyyə olunacaq.

“Bir saat mütaliədən qalan bir əsr geri qalar” devizi altında keçirilən sərgi çərçivəsində mədəni tədbirlərin, o cümlədən simpoziumların, uşaqlara həsr olunmuş təqdimatların keçirilməsi planlaşdırılır.

Rumıniya builki tədbirdə fəxri qonaq qismində çıxış edir. Misir yazıçısı Nəcib Məhfuz sərginin və misirli rəssam Muhyiddin əl-Ləbbad isə uşaq kitabları sərgisinin simaları seçiliblər.

Qeyd edək ki, 1969-cu ildən keçirilən Qahirə sərgisi Yaxın Şərqin ən böyük kitab sərgilərindəndir. Frankfurt sərgisindən sonra 2006-cı ildə dünyada ən böyük ikinci kitab sərgisi hesab edilib.