Köşə Yazıları Tural İsmayılov

Azərbaycan Atabəyləri və ya ekranlaşdırılan tarix

Azərbaycan tarixinin hər bir səhifəsi o qədər qürurlu və doludur ki…

11-ci əsrdən 13-cü əsrə qədər olan dövrdə tariximizdə bir çox önəmli hadisələr baş verib.

Atabəylər dövləti mənim xüsusi marağım olan və daim araşdırmağa çalışdığım dövrdür. Hətta dəyərli tarixçi dostumuz Əkbər Nəcəfin “Füyuzat” jurnalı üçün qələmə aldığı Zəngilər haqqında silsilə məqalələr barədə danışaraq mövzuya “FÜYUZAT tv” yutub kanalımızda yayımlanan “Arxa Plan” verilişində də toxunmuşuq. Ümumiyyətlə, Atabəylər dövrü ilə bağlı həm tarixi bilgilərin təbliğinə, həm də bədii işlərə çox böyük ehtiyac var.

Atabəylər dövrü təkcə siyasi baxımdan öz mükəmməl töhfələri ilə yadda qalmadı, həmin dövrdəki incəsənət, ədəbiyyat da bizim sənət tariximizin qızıl keçmişinin vacib fraqmentləridir. Bizim həmin dövrü daha yaxşı işıqlandıran işlərimiz gələcək nəsillər üçün müstəsna əhəmiyyətə malikdir. Bu xüsusda yazılan romanlar, çəkilən filmlər xüsusən əhəmiyyətlidir.

Bu baxımdan da Heydər Əliyev Mərkəzində qala-premyerası keçirilən  “Azərbaycan Atabəyləri” bədii-sənədli filminə böyük zövqlə qatıldım. Şəxsi söhbətlərimizdə, özünün üstün televiziyaçılıq keyfiyyətlərində AzTV sədri Rövşən Məmmədovun estetik zövqünü müşahidə etmək imkanlarım daim olur. Son illərdə AzTV-nin layihələri, çəkilişləri, yenilikləri göz önündədir. Belə bir gözəl filmi ərsəyə gətirdiyi üçün filmin bütün tərəfləri böyük alqışlara layiqdir. Qala-premyeranın sonunda bütün iştirakçıların işdən sonra mənəvi baxımdan necə yorğunluqlarından kənarlaşdıqlarını da ayrıca qeyd etmək istəyirəm.

Azərbaycan Televiziyası, “Şahdağfilm”, Türkiyənin “İkinci Yeni Film”, “Patik Prodüksiyon” və “Ernet Grup” prodakşnlarının birgə səyi ilə ərsəyə gələn filmdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, eyni zamanda Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) rəsmi tərəfdaş qismində yer alıb.

Burada kollektiv əmək var. Azərbaycan və Türkiyədən olan film üçün məsul şəxslərin gözlərində sevinc və işığı görmək mümkün idi. Bu, sadə bir film deyil, Azərbaycan tarixinin ən gözəl dövrlərindən birinə yer verən dəyərli bir işdir və uzun illər böyük maraqla izlənəcək milli filmlərimiz sırasında yer alacaq.

Filmin bütün yaradıcı heyəti tarixi inikas etdirdiklərinin fərqində idilər. Təkcə aktyor və aktrisaların peşəkarlığı yadda qalmırdı, ssenari müəlliflərinin incə nünasları peşəkarlıla bədiiləşdirməsi, məsləhətçi tarixçilərin hər kəskin nöqtəni qrafiklərlə aydın izah etməsi, Fəxrəddin Manafovun arxa fondakı təsirli səs tonu izləyicini filmin ağuşuna alır və film boyunca diqqət qətiyyən yayınmır.

Filmdə 100-dən çox aktyor epizodları canlandırıb, ümumilikdə isə heyətdə 500 nəfərdən çox insan çalışıb. Bu, böyük bir komanda işinin nəticəsidir. Film kollektiv məsuliyyətin nəticədə alternativsiz, üst səviyyə bir yaradıcılıq məhsulu yaratdığını bir daha nümayiş etdirir.

Ən yeni dövr kino yaradıcılığımıza “Azərbaycan Atabəyləri” öz imzasını atmış olur. Adicə döyüş səhnələri (normalda mən filmlərdə döyüş səhnələrini sevmirəm) izləyicini sıxmır, fiılmdə ta 12-ci əsrdən bu günə qədər zəfərlər ölkəsi olan Azərbaycan o qədər gözəl tərənnüm olunur ki…

Mən hər zaman yazılarımda, çıxışlarımda, efirlərimdə tarixin bədiiləşdirilməsinə böyük dəyər verdiyimi bildirmişəm. Çünki tarixçi tarixi tədqiq edəndir, bəlkə də, tarixi sevdirmək missiyası yoxdur, amma yazar, ssenarist, prodüser, rəssam, bəstəkar, heykəltəraş və sair peşə fədailəri tarixi rəngləndirənlər və tarixə maraq yaradanlardır.