Azərbaycan mayın 22-24-də Almaniyanın Leypsiq şəhərində nəqliyyat nazirləri və bir sıra beynəlxalq təşkilatların nümayəndələri daxil olmaqla 1500-dən çox iştirakçısı olan Beynəlxalq Nəqliyyat Forumunun yaşıl nəqliyyat mövzusuna həsr olunmuş Sammitində (ITF Summit 2024) iştirak edib.
“Füyuzat” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Forumun 2-ci vitse-prezidenti olan Azərbaycan tərəfinin təşkilatçılığı və COP29 Əməliyyat Şirkətinin dəstəyi ilə Sammit çərçivəsində keçirilən sərgidə ilk dəfə olaraq milli pavilyonla təmsil olunub. Tədbirdə ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
R.Hümmətov Sammitdə çıxış edərək Prezident İlham Əliyevin 2024-cü ili ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan etdiyini, bu ilin noyabrında ölkənin COP29 tədbirinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Nazir müavini Orta Dəhlizin inkişafı, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan ərazilərinin “yaşıl enerji “zonası elan edilməsi, ölkəmizdə həyata keçirilən mikromobillik layihələri, yaxın müddət ərzində yerli istehsal vasitəsilə avtobus parkının tam elektrikləşdirilməsi, eləcə də ictimai nəqliyyatın yaşıllaşdırılması istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.
Sammit çərçivəsində bir sıra ölkələrin və beynəlxalq təşkilatların nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilib. Görüşlərdə mövcud əməkdaşlıq və gələcək perspektivlər ətraflı müzakirə olunub.
Sərgidə yaradılan milli pavilyonda COP29-a bu il ölkəmizin ev sahibliyi etməsi ilə bağlı ətraflı məlumat verilib. Bununla yanaşı, ölkəmizdə nəqliyyat sektorunda karbon qazı emissiyasının azaldılması, “Azərbaycanda mobilliyin transformasiyası” proqramı çərçivəsində həyata keçirilən layihələr və görüləcək işlər haqqında məlumatlar təqdim edilib.
Bakının “Rəqəmsal əkiz”inin yaradıldığı, son infrastruktur layihələrinin planlanması, müntəzəm marşrut xətlərinin optimallaşdırılması işlərinin məhz həmin “Rəqəmsal əkiz”ə əsaslanmaqla icra edildiyi bildirilib.
Beynəlxalq Nəqliyyat Forumunun 69 üzvü var. Azərbaycan 1998-ci ildən Forumun həqiqi üzvüdür. Ötən il Sammit çərçivəsində keçirilən Nəqliyyat Nazirlərinin Şura iclasında Azərbaycan yekdil səslə 2025 – 2026-cı illər üçün tarixində ilk dəfə Forumun prezidenti seçilib.