Ədəbiyyat Təhlil Təhsil Xəbərlər

Azərbaycan ədəbiyyatı xaricdə – SORĞU

Ötən ilin dekabr ayı Azərbaycan ədəbiyyatı tarixi üçün mühüm bir qərarla yadda qaldı. Ayın 4-də Mədəniyyət Nazirliyi rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov 2026-cı ildə Azərbaycan Kitab Mükafatı elan olunacağını bildirdi. Bu xəbər ədəbi cameə tərəfindən böyük sevinclə qarşılandı və ədəbiyyat mühitində yeni ümidlər doğurdu.

Ardınca daha bir əlamətdar təşəbbüs ictimaiyyətə açıqlanıb. Bildirilib ki, Azərbaycan ədəbiyyatının, o cümlədən elmi ədəbiyyatın beynəlxalq miqyasda tanıdılması, Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərinə, türk dillərinə və digər xarici dillərə sistemli şəkildə tərcümə olunaraq yayılması məqsədilə “Azərbaycan ədəbiyyatı xaricdə” (“Azerbaijani Literature Abroad”) layihəsi təsis ediləcək. Sözügedən təşəbbüs Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında da öz əksini tapıb.

Bəs bütün bu təşəbbüslər Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı kontekstində yerini və təsir imkanlarını necə dəyişəcək?

“Füyuzat” bu sual ətrafında ədəbiyyat adamları arasında sorğu keçirib. Cavabları oxucularımıza təqdim edirik:

Elnarə Akimova
Milli Məclisin deputatı

“Azərbaycan ədəbiyyatı xaricdə” layihəsi vaxtında ortaya çıxan və uzun illərdir ehtiyac duyulan təşəbbüsdür. Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı kontekstində yetərincə görünməməsinin əsas səbəbi istedad və mətn çatışmazlığı yox, sistemli və davamlı tərcümə, təqdimat və yayım mexanizmlərinin olmaması idi. Ayrı-ayrı müəlliflərin, fərdi təşəbbüslərin və ya təsadüfi layihələrin hesabına müəyyən nəticələr əldə olunsa da, bunlar ümumi mənzərəni dəyişmək gücündə deyildi.

Bu layihə düzgün qurularsa, Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı ilə dialoqa girməsi üçün real platformaya çevrilə bilər. Burada əsas məsələ yalnız əsərlərin xarici dillərə çevrilməsi deyil, onların hansı dildə, hansı auditoriya üçün, hansı nəşriyyatlar və hansı ədəbi mühitlər vasitəsilə təqdim olunmasıdır. Dünya ədəbiyyatı kontekstində görünmək üçün keyfiyyətli ədəbi tərcümə, peşəkar redaktə, beynəlxalq nəşriyyatlarla əməkdaşlıq və ədəbi agentlik mexanizmləri paralel şəkildə işləməlidir.

Layihənin üstün cəhətlərindən biri odur ki, o, klassik irslə yanaşı, müasir Azərbaycan ədəbiyyatına da diqqət yetirməlidir. Çünki dünya oxucusu üçün ölkənin bugünkü düşüncə tərzi, estetik axtarışları, sosial və mədəni problemləri daha maraqlıdır. Eyni zamanda, elmi və esseistik mətnlərin də bu proqramda yer alması Azərbaycanın intellektual potensialının tanıdılması baxımından vacibdir.

Əgər “Azərbaycan ədəbiyyatı xaricdə” təşəbbüsü şəffaf seçim prinsipləri, müstəqil ekspert rəyi və açıq müsabiqə mexanizmləri əsasında həyata keçirilərsə, bu həm ədəbiyyat adamlarında inam yaradacaq, həm də layihəni formal deyil, yaşayan bir prosesə çevirəcək. Bu halda Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatında ekzotik və kənar bir hadisə kimi yox, öz səsi, mövzuları və estetikası olan bərabərhüquqlu iştirakçı kimi qəbul oluna bilər.

Qısası, bu təşəbbüs potensial olaraq Azərbaycan ədəbiyyatının beynəlxalq mövqeyini gücləndirə, onu qapalı milli mühitdən çıxarıb qlobal ədəbi dövriyyəyə daxil edə bilər. Amma bunun üçün layihə kampaniya xarakterli deyil, uzunmüddətli mədəni strategiyanın tərkib hissəsi kimi həyata keçirilməlidir.

Əsəd Aslanoğlu
“MİMTA
Yayımları”nın direktoru

Cənab Prezidentin “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiqi haqqında Sərəncamı, ümumiyyətlə, mədəniyyətimizin, ədəbiyyatımızın təbliği istiqamətində böyük imkanlar yaradır. Sərəncamın milli ədəbiyyatın təbliği və nəşriyyat işinin inkişafı ilə bağlı hissəsi bizi xüsusilə maraqlandırır. Ədəbiyyatımızın, yazarlarımızın təbliği və tanıdılması istiqamətində yeni bir dövrə qədəm qoyuruq. Tərcümə dəstək proqramı kimi də adlandıra biləcəyimiz bu tədbirlər planı müasir yaxınlaşmalar tələb edir. Azərbaycan ədəbiyyatının, o cümlədən Azərbaycan elmi ədəbiyyatının tanıdılması, BMT-nin rəsmi dillərinə və digər dillərə sistemli tərcüməsi və yayılması məqsədilə “Azərbaycan ədəbiyyatı xaricdə” (“Azerbaijani Literature Abroad”) layihəsi xüsusilə diqqət çəkir. Proqramın ədəbiyyatımızın hansı istiqamətlərini və dövrlərini əhatə edəcəyi, seçim kriteriyalarının nələrdən ibarət olacağı, tərcümənin keyfiyyətinə nəzarət, əqli mülkiyyət hüquqlarının qorunması məsələləri isə ciddi sual doğurur. Ümid edirəm, layihənin həyata keçirilməsindən məsul olan dövlət qurumları, xüsusən Mədəniyyət Nazirliyi və AMEA dünya təcrübəsinin tətbiqi istiqamətində ədəbiyyat agentlikləri və beynəlxalq sərgilər istiqamətində təcrübəsi olan naşirlərlə, ədəbiyyatçı və yazarlarla sıx işləyəcəklər. Yeri gəlmişkən biz “MİMTA Yayımları” olaraq bir müddətdir ki, bu istiqamətdə fəaliyyət göstəririk. Belə ki, nəşriyyatımızda əsərləri nəşr olunan yazarlarımızın, ümumilikdə ədəbiyyatımızın  təbliği məqsədilə başlatdığımız “The Spring of Words” proqramı çərçivəsində seçilən əsərlərə MİMTA Fondu tərəfindən tərcümə dəstəyi verilir. Bu da bizə imkan verir ki, yazarlarımızı xaricdə daha yaxşı tanıdaq, ədəbiyyatımız daha çox dilə tərcümə olunsun. Təbii ki, belə bir dəstəyin dövlət tərəfindən verilməsi daha mühüm idi və konkret nəticələr qazandıracaq. Dünyada tərcümə dəstək proqramları çoxdur, Türkiyənin “TEDA” proqramı bu istiqamətdə təqdirəlayiq fəaliyyət ortaya qoyur. Biz beynəlxalq sərgilərdə xarici naşirlərin “sizin ölkənizdə də tərcümə dəstək proqramı varmı?” sualı ilə vaxtaşırı qarşılaşırıq.

Düşünürəm ki, artıq bu dövlət proqramının təbliğinə başlamalı, bu sahədə fəaliyyət planımızı hazır etməliyik. İnanıram ki, “Azərbaycan ədəbiyyatı xaricdə” layihəsi uğurla həyata keçiriləcək və milli ədəbiyyatımızın, yerli yazarlarımızın xaricdə tanınmasında mühüm rol oynayacaq.

Hədiyyə Şəfaqət
yazıçı

Əlbəttə, sevindirici və çoxdan gözlənilən xəbərdir. Bizdə ədəbiyyat bu və ya digər məlum səbəblərdən uzun illərin sıxıntıları içindədir. Hələ ölkəmizdə kitablarının nəşrində, yayılmasında, tanınmasında, təbliğ olunmasında, oxunmasında kifayət qədər problemlərlə qarşılaşan Azərbaycan yazıçısının xaricdə tanıdılmasında vəziyyət, yüngül desək, heç ürəkaçan deyil. Kimlərsə şəxsi təşəbbüs, şəxsi əzm, bəzi hallarda şəxsi tanışlıqlar, nüfuz və vəsait hesabına kənara çıxa bilir; lakin bu nə dərəcədə ədəbiyyatdır? Nə dərəcədə ciddi işdir? Nə dərəcədə diqqət cəlb edə bilir? Nə dərəcədə qiymətini ala bilir? Bəzi hallarda bu məqsədlə həyata keçirilən tədbirlər isə, adətən, dar bir çevrəni əhatələməkdən uzağa getməyib. Bunun da nəticəsində dünya bizi nəinki tanımır, hətta bir çox hallarda çox zəif dəyərləndirir, ən yaxşı halda isə yanımızdan sukutla ötüb keçir…

Bir çox hallarda yazıçıların bununla bağlı haqlı narazılıqlarına cavab kimi ölkənin müstəqilliyinə yeni qovuşması, müharibə şəraitində olması, iqtisadi çətinliklər kimi səbəblər gətirilsə də, bu illər ərzində bahalı idman və musiqi yarışlarına kifayət qədər vəsait ayrılıb ki, bunlardan heç birinin ölkəmizə elm, sənət, ədəbiyyat qədər nüfuz qazandırdığına inanmıram. Əsasən, sənət və ədəbiyyat bəşəriyyətin ortaq dilidir və dünyanın humanizm, ədalət, insani dəyərlər ətrafında birləşməsinə, haqsızlıqlara, müharibələrə, ayrı-seçkiliyə, zorakılığa, insan taleyinə qarşı amansız laqeydliyə birlikdə etiraz etməsinə xidmət göstərir. Bir ölkənin ədəbiyyatının dünyada yayılması onun daha çox görünməsi və səsinin daha çox eşidilməsi deməkdir. Bu, xüsusi bir missiyadır.

Şübhəsiz, bu layihənin irəli sürülməsi təqdirəlayiqdir, həyata keçirilməsi də uzun müddət və böyük vəsait hesabına başa gələcək. Necə deyərlər, bahalı (və cəsarətli) layihədir. Ümid edirəm, bu vəsait küləyə sovrulmayacaq, kimlərinsə cibinə axmayacaq, kimlərinsə ölkəyə bir damcı da xeyri olmayan məqsədlərinə  xərclənməyəcək; şəffaf şəkildə yuxarıda qeyd etdiyim missiyanın həyata keçirilməsinə sərf olunacaq.

Necə deyərlər, yaşayıb görəcəyik…

Fəxri Uğurlu
redaktor

Mən də bu təşəbbüsü alqışlayıram, çox gözəl bir addımdır. Əvvəllər biz eşidirdik ki, başqa ölkələrdə belə layihələr olub. Məsələn, Türkiyədə TEDA proqramı var idi. Türk ədəbiyyatının dünyada yayılmasına çox böyük qatqıları olub. Biz də belə bir şeyin olmağını arzulayırdıq. Nə yaxşı ki, nəhayət, arzumuza çatdıq. İndi qalır bu işi yaxşı təşkil etmək. Bu məsələyə çox obyektiv baxmaq lazımdır. Burada həlledici rolu münsiflərin, seçici şəxslərin doğru seçilməsi oynayır. Çünki əvvəl seçicilər doğru seçilməlidir ki, seçimlər də layiqli olsun. Arzu edirəm ki, bu işlər çox yüksək səviyyədə keçiriləcək. Azərbaycan ədəbiyyatının dünyaya çıxarılası, dünya oxucusuna təqdim ediləsi əsərləri az deyil. Əsər seçimində də doğru seçim olmalıdır. Məsələn, ola bilər ki, eyni müəllifin bir əsəri dünya oxucusu üçün maraqlı, anlaşıqlı olsun, amma başqa bir əsəri yox. Yəni deməyim odur ki, bu məsələlərə zərgər dəqiqliyi ilə işləmək lazımdır ki, səhvə yol verməyəsən və sonra da pəjmürdəlik olmasın. Bu da işi görənlərin savadından, istedadından, intellektual dünyagörüşündən çox asılıdır. Arzu edirəm ki, bu işlər bizim istədiyimiz kimi obyektiv keçirilə biləcək.

Xəyalə Murad
Beynəlxalq ədəbiyyat agenti

Bu təşəbbüs Azərbaycan ədəbiyyatı üçün son dərəcə əhəmiyyətlidir. Milli bədii və elmi ədəbiyyatımızın ölkə hüdudlarından kənarda tanıdılması və sistemli şəkildə təmsil olunması, həm beynəlxalq oxucu auditoriyasının diqqətini ölkəmizin tarixinə, mədəniyyətinə və ədəbi düşüncəsinə yönəldəcək, həm də Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı kontekstində mövqeyini möhkəmləndirəcək.

Eyni zamanda, bu cür təşəbbüslər müəlliflər üçün əlavə yaradıcılıq motivasiyası yaradacaq, onları daha geniş, bəşəri mövzular üzərində düşünməyə və yazmağa təşviq edəcək. Nəticədə Azərbaycan ədəbiyyatının beynəlxalq ədəbi prosesə daha inamlı və davamlı şəkildə inteqrasiya olunmasına müsbət təsir göstərəcək.

İlham Əziz
yazıçı

Azərbaycan ədəbiyyatı adına çox böyük hadisədir. Buna qədər xeyli pərakəndə cəhdlər olub, ancaq faydalı deyildi. Kompleks şəkildə, dünya təcrübəsi nəzərə alınmaqla dövlətin layihə təşkil etməsi çox yerində addımdır. Bizim yazıçı və mətn problemimiz yoxdur. Problem sistemsizlik idi, o da həll olunur. Bu həm də ölkə yazıçı və şairləri üçün ciddi motivasiyadır. Ölkəmizin tanıdılması yolunda da layiqli addımdır. Bu işlər nəzərdə tutulan kimi getsə, qısa vaxtda yazıçılarımızı dünya səviyyəli müsabiqələrdə görəcəyik. Məncə, bu gün ədəbiyyatımızın ən gözəl günlərindəndir. Bütün ədəbiyyatsevərləri təbrik edirəm.

Şahnaz Kamal
yazıçı-türkoloq

Çox yaxşı xəbərdir. Və ümid edirəm ki, “kruq” ədəbiyyatı çərçivəsində yox, sistemli şəkildə həyata keçirilər. Çünki indi ədəbiyyatda hərənin öz çevrəsi var, hamı da öz dostlarına, yoldaşlarına öncəlik verir. Arzu edirəm ki, bu layihədə belə şeylər olmasın.

Öz təcrübəmdə məsələyə yanaşsam, görürəm ki, yaşadığım bölgədə rus oxucusuna Azərbaycan ədəbiyyatı tanış deyil. Ona görə də bu təşəbbüs çox gərəklidir.

Bir də yaxşı olar ki, xarici ölkələrin nüfuzlu yerli nəşriyyatlarında ədəbiyyatımızın çap olunması məsələsi daha çox diqqət mərkəzində saxlanılsın. Niyə? Çünki kitab Azərbaycanda çap olunursa, onun xaricə gəlişi mümkün olur, amma burada istənilən səviyyədə yayılmır. Konkret Rusiya üçün deyim ki, bu mümkün deyil. Amma kitab orada nəşr olunanda, məsələn, Kitab palatası üçün dərhal 16 kitab ayrılır. Bu artıq yayılma deməkdir. Çox istəyərəm ki, bu nəzərə alınsın. Amma ümumilikdə götürdükdə çox əla xəbərdir və məni də olduqca sevindirdi.

Ramil Əhməd
yazar-ədəbiyyatşünas

Ədəbiyyatımızın dünya dillərində oxunması və ədiblərimizin sistemli şəkildə tərcümə olunması hamımız üçün sevindirici xəbərdir. Uzun müddətdir beynəlxalq mükafatlarda iştirak və tanınma yollarını müzakirə edirdik, bunun üçün əsərlərin xarici dillərdə əlçatan olması əsas şərtdir.

Sistemli tərcümə nəticəsində müəlliflərimiz beynəlxalq mükafat komitələrinin diqqətini çəkə bilər. Layihə ölkədə peşəkar ədəbi təmsilçilərin, beynəlxalq naşirlərlə işləyən mütəxəssislərin yetişməsini sürətləndirəcək. Tərcüməçilərimiz bədii tərcüməyə üstünlük verəcək və dünya miqyasında Azərbaycan dilinə, mədəniyyətinə maraq artacaq.

Layihənin müsbət təsirləri o qədər çoxdur ki, hamısını qeyd etmək sorğunun çərçivəsini aşa bilər. Düşünürəm ki, 2030-cu illərdə biz bunun real nəticələrini görməyə başlayacağıq. Prosesin inkişafına töhfə verəcək hər kəsə uğurlar arzulayıram!

Gülay Tahirli
yazar-ədəbiyyatşünas

Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiqlənməsi ölkəmizin mədəni inkişaf strategiyası baxımından olduqca mühüm addımdır. Konsepsiyada ədəbiyyat sahəsinə dair planlaşdırılan layihələr biz ədəbiyyat adamlarını xüsusilə sevindirdi, çünki bu konsepsiya böyük ümidlər vəd edir. Xəbəri oxuduğum anda dilimdə Hüseyn Cavidin bu misraları səsləndi: “Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”

Azərbaycan 2020-ci ildə bütün dünyaya öz qılıncının gücünü göstərdi, haqqı olan torpaqları geri qaytardı, indi isə sıra mədəniyyətdədir! Qılıncla özümüzü təsdiq etmişik, qələmimizlə də təsdiq etməyi bacaracağıq.

Konsepsiyada “Azərbaycan ədəbiyyatı xaricdə” layihəsinin təsis edilməsi ədəbiyyatımızın qlobal mədəniyyətə açılması baxımından böyük əhəmiyyət daşıyır. Uzun illərdir, ədəbiyyatımızın əsas problemlərindən biri tərcümənin pərakəndə xarakter daşıması olub. Bu proses ardıcıl, sistemli şəkildə icra olunsa, Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatında öz nüfuzunu qazana bilər. Bu məsələdə ədəbiyyatşünasların, tərcüməçilərin üzərinə böyük məsuliyyət düşür: dünyanın oxumalı olduğu mətnləri ortaya çıxarmaq, əsərləri bəşərilik baxımından düzgün qiymətləndirmək. Azərbaycan ədəbiyyatının Nizami, Hüseyn Cavid kimi bəşəri ədibləri, həmçinin çağdaş dövrümüzdə dünya ilə ayaqlaşa biləcək yazarları var, onları layiqincə tanıtmalıyıq.

Həm “Azərbaycan ədəbiyyatı xaricdə”, həm də “Ədiblər Azərbaycanda” layihələri Azərbaycan ədəbiyyatının tale məsələsidir. Ədəbiyyatımız müxtəlif estetik ədəbi dəyərlərin arasında öz layiqli yerini tapacaq. Azərbaycan ədəbiyyatı əsərləri çağdaş dövrdə sadəcə öz-özünə yaranmayacaq, həm də formalaşdırılacaq – bu çox önəmli məsələdir.

Mən bu çətin, məsuliyyətli yeni Azərbaycan ədəbiyyatı mərhələsində bütün qələm adamlarına uğur diləyirəm.

Sorğunu hazırladı: Fidan Vahid