Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı sazişə qoşulacaq.
“Füyuzat” xəbər verir ki, bu, parlamentin 16 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Kosmonavtların xilas edilməsi, geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulmaq barədə qanun layihəsində əksini tapıb.
“Kosmonavtların xilas edilməsi, geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş” kosmik gəminin şəxsi heyətinin qəzaya uğraması, təcili və gözlənilmədən eniş etmə barədə məlumat alan tərəfin vəzifələrini müəyyən edir bu sahədə yarana biləcək münasibətlərin effektiv qaydada tənzimlənməsini nəzərdə tutur. Sazişdə kosmonavtlara mümkün olan bütün yardımların göstərilməsini, onların dərhal təhlükəsiz geri qaytarılmasını və s. məsələləri tənzimləyən bir sıra vacib müddəalar müəyyən edilib. Sazişdə qəza, fəlakət, təcili və ya gözlənilmədən eniş səbəbi ilə kosmik gəminin şəxsi heyəti üçün bütün mümkün tədbirlərin görülməsi öhdəliyi müəyyənləşir, razılığa gələn tərəflərin üzərinə bu barədə Birləşmiş Millətlər Təşkilatının baş katibinin dərhal məlumatlandırılması vəzifəsi qoyulur.



