Giriş
Prezident İlham Əliyevin çıxışları, adətən, elm adamları üçün son dərəcə faydalı olur. Belə ki, Prezident 2025-ci il ərzindəki müsahibələrində və 2026-cı ilin yanvar ayında ötən ilin dəyərləndirməsinə əsasən verdiyi geniş müsahibədə kimlik məsələsi ilə bağlı dövlətin mövqeyini ictimaiyyətin nəzərinə çatdırdı. Prezidentin çıxışı ərazi bütövlüyünü tamamlamış dövlət adından edildiyindən daxili və xarici auditoriyada böyük diqqət və maraqla izlənmişdir.
Etiraf etmək lazımdır ki, modern dünyada arxasında dövlət təşkilatlanması olmayan bir millətin varlığından bəhs etmək çox da mümkün deyil. Prezidentin lazımi məqamda (Zəfərdən sonra) kimliklə bağlı (ana dili, tarix, Türk dünyası və s.) açıqlamalarına bu çərçivədə baxmaq lazımdır. Xatırlatmaq yerinə düşər ki, Heydər Əliyevin də kimliklə bağlı açıqlamaları, xüsusilə ana dili ilə bağlı cəsur və qərarlı mövqeyi ölkədə ana dilinə dair təqdirəlayiq addımların atılmasına xidmət etmişdir. Daha doğrusu, Sovet dövründə rus dili tərəfindən sıxışdırılan Azərbaycan dilinin və ana dilində oxuyub yazanların sosial status qazanmalarını asanlaşdırmışdır.
Bu çərçivədə Hegelin “Afrikanın tarixi yoxdur” əsaslandırması da anlaşılandır. Daha doğrusu, arxasında bir dövlət olmayan “Madaqaskar” millətinin bir tarix yazması mümkün görünmür. Qeyd edildiyi kimi, tarixi qaliblər yazır. Belə olan halda Azərbaycan milli kimliyinin varlığı üçün Zəfər, ərazi bütövlüyünün təmini zəruri şərt olaraq siyasət institutunun gündəliyində birinci sırada durmaqda idi. İlham Əliyevin müsahibədə kimliklə bağlı fikirləri belə idi:
“Bizim üçün, ilk növbədə, milli, etnik kimlik gəlir. İkincisi vətəndaşlıqdır. Yaxud ola bilər ki, vətəndaşlıq birinci, etnik kimliklə yanaşıdır. Azərbaycanlıların mütləq əksəriyyəti üçün məzhəb məsələsinin, ümumiyyətlə, yeri yoxdur, heç 100-cü yerdə də deyil. Azərbaycanlılar etnik qrup kimi İslamın müxtəlif qollarından olan nümayəndələrdən ibarətdir. Lakin biz hamımız etnikliyimizlə, dilimizlə və dövlətimizlə birləşmişik. Təkcə müsəlmanlar deyil, Azərbaycanda digər dinlərin nümayəndələri də özlərini eyni cür hiss edirlər. Müstəqillik dövründə bu sahədə gördüyümüz işlər həmin müsbət tendensiyaları gücləndirməkdən ibarət olub. Azərbaycan şiə və sünni müsəlmanların eyni vaxtda, eyni məsciddə ibadət etdikləri az sayda ölkələrdən biridir. Biz fərq qoymuruq. Biz düşünürük ki, müsəlman dünyası üçün ən böyük təhlükə məzhəblərə ayrılmaqdır” (1).

Qısası, suverenliyi (territorial integrity) təmin edən zəfər və müvafiq olaraq siyasi dəyərləndirmənin olduğu şəraitdə milli kimliyə dair akademik, nəzəri dəyərləndirmə də qaçılmaz olmaqdadır. Kimliyə dair yeni dəyərləndirmə müstəmləkə izləri ilə hesablaşmağı özündə ehtiva edəcəkdir.
Bu məqsədlə məqalə milli kimliyi dil, tarix, coğrafiya, din kimi strateji məsələləri ələ alaraq nəzərdən keçirməkdədir. Bir məsələ vurğulanmalıdır ki, bu məqalədə artıq “Biz kimik?” sualından daha çox ərazi bütövlüyünü təmin etmiş millətin kimliyinin yenidən təhlili nəzərdə tutulmuşdur. Sonda isə kimlik və xarici siyasət üçün yeni milli strategiya təklif edilmişdir.
Tarixi və nəzəri perspektiv
Milli kimlik inşası, əsasən, dövlət dəstəyi ilə cərəyan etmişdir. Bu proses isə özündə texnoloji inkişafı, rabitə imkanlarını, logistika, istehsal sistemlərindəki dəyişikliyi, yeni və müxtəlif siyasi təşkilatları ehtiva edən modernizasiya ilə mümkün olmuşdur. Yeni modernizasiya dövlət və insan (vətəndaş) münasibətlərini yenidən tənzim edəcək qanuni, institusional və məkan dəyişikliklərini də gətirmişdir (2). Etimoloji olaraq latın dilinin qədimliyində özünə yer tapan millət anlayışının birbaşa nizamın mühafizə edilməsi üçün istifadəsi ancaq modern dövrdə mümkün olmuşdur.
Bununla belə, millətin “mərkəzi prinsip” olduğu siyasi təşkilatlanma (milli-dövlət) müxtəlif formalarda gerçəkləşmişdir. Belə ki, müstəmləkə altındakı xalqların millət inşa prosesi, əsasən, dövlətsiz formada cərəyan etmişdir. Modernizasiya prosesini çarizmin müstəmləkəsi altında təcrübə edən Azərbaycanda (3) da bu proses müstəqil dövlətçilik institutu olmadan gerçəkləşmişdir. Daha doğrusu, modernizasiya “uçitel”, “şkol” anlayışları çərçivəsində gerçəkləşmiş; dövlətlə qanuni, institusional münasibətlər də çar Rusiyasının siyasəti çərçivəsində əks olunmuşdur. Belə olan halda Azərbaycan modernləşməsi texnoloji inkişaf və s. yeniliklərdən daha çox Mirzə Fətəli Axundzadə kimi çarizm üçün çalışan ilkin modernistlərin nəzəri maariflənmə təşəbbüsləri ilə məhdud qalmışdır. Modernizasiya prosesi yeni nizamın qurulması və davamlılığı üçün milli kimliyi zəruri etmişdir. Ancaq Azərbaycan kimi müstəmləkə altında yaşayan xalqlar üçün milli kimlik inşası fərqli konteksdə gerçəkləşmişdir. Hər şeydən əvvəl milli kimliyi zəruri edəcək dövlət əksikliyi siyasi mahiyyətin formalaşmasını gecikdirmişdir. Məlum olduğu kimi, modern dövr insana məkan konteksində fərdi və kollektiv öz müqəddəratını təyin haqqı/imkanı vermişdir.
Beləliklə, Azərbaycan kimliyinin Osmanlı və çar Rusiya millətçiliyinin, yaxud modernizasiyanın içindən çıxaraq muxtar şəkildə formalaşdığını demək olar (Bax., şəkil 1). Nəticədə, Azərbaycan modern dünyanın mərkəzləri ilə çar Rusiyası və Osmanlı vasitəsilə əlaqə qura bilmişdir. Ancaq Qarabağda əldə edilən hərbi-siyasi zəfərlə Azərbaycan çağdaş dünya ilə vasitəsiz əlaqə qurmaq imkan və qabiliyyətini qazanmışdır (Bax. Şəkil 2).

Şəkil 1: Periferiyanın periferiyası
Mənbə: O.Valiyev. Azerbaycan Milliyetçiliği, 2-ci nəşr. Ankara: Nobel Akademik. 2023. s. 181.

Şəkil 2: Reqional Güc
Mənbə: Dadashli, R. & O. Valiyev. “Debating on Transport Corridors of Azerbaijan in the Context of Globalization”, Cild 6, sayı 1, 1–20, 2024. s. 5.
Dil
Dil milli kimliyin kanonik bir aidiyyata çevrilməsində strateji elementdir. Belə ki, milli şüurun formalaşması üçün millətin üzvlərinin eyni dildə təhsil alması, hərbi xidməti eyni dildə keçməsi və s. zəruridir. Qısası, dil vətəndaşlar arasında ortaq qənaətin formalaşdırılması üçün ilkin alət rolunu oynayır. Modern dövrdə bazarın (kapitalizm) da tələbi daxil olmaqla şərtlər insan qrupuna dair yeni bir yanaşmanı tələb edirdi. İnsanın (millət) siyasi təşkilatlanmanın mərkəzi prinsipi olduğu şəraitdə millət anlayışına yeni yanaşma zəruri idi. Belə olan halda millətşünaslığın klassiklərindən Benedikt Andersonun ifadə etdiyi kimi, Orta əsr insanını “birləşdirən” müqəddəs dillərin standart, yaxud milli dillərlə əvəzlənməsi zərurəti yaranmışdır (4). Bununla bərabər, tarixi təcrübə onu göstərir ki, müstəmləkə altındakı mübarizə nəticəsində müstəqillik qazanan millətlərdə ana dilin mənimsənilməsi uzun illər tələb edir.
Millətləşmə dövrünün intellektualları və ya ideoloqları milli fərqliliklərini ilkin olaraq dil vasitəsilə kəşf etdilər. Lakin uzun müddətli müstəmləkə varlığı ana dili məsələsində hədəflənən məqsədə nail olmağa mane oldu.
Ana dili məsələsi Axundovdan üzübəri qaysaq bağlamayan bir yara kimi mütəmadi olaraq cəmiyyətin gündəmini məşğul edir. “Kəşkül”, “Həyat”, “Füyuzat” və “Açıq söz” kimi milli şüurun formalaşmasına xidmət etmiş mətbu orqanların sütunlarında ana dili ilə bağlı müxtəlif dəyərləndirmə və yanaşmalar ortaya qoyuldu. Lakin ana dili ilə bağlı ən uğurlu addım 1918, 1991 və 2020-ci illərdən sonra atıla bildi. Bu tarixlərin oxşar xüsusiyyəti müstəqil və sonuncusu tam təşəküllü suveren dövlətdir. Çünki arxasında dövlət olmayan bir fəaliyyətin müvəffəq olması müşkül məsələdir. Lakin Zəfərdən sonra prezidentin şəxsində, dövlətin ana dilinə olan münasibətində daha cəsur və qərarlı addımların atıldığı müşahidə edilməyə başlandı. Belə ki, prezidentin ana dili ilə bağlı iki çıxışına diqqət yetirdikdə dövlətin post–münaqişə dövründə bir sıra məsələlərə olduğu kimi, ana dili məsələsinə də Azərbaycan dövlətinin sərhədlərindən kənarda yaşayan soydaşları da ehtiva edən makro siyasətə sahib olduğu aydın olur. Birinci sitat:
“Artıq bu torpaqlarda, bu səmada bu torpaq üçün, bu səma üçün yad dildə nə mahnı eşidiləcək, nə başqa bir bəyənat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki tarixdə belə olub. Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bax budur reallıq” (5).

İkinci sitat:
“İlk növbədə, dil insanları birləşdirir, əhalini birləşdirir. Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də, birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə” (6).

Nəticə etibarı ilə post-münaqişə dövründə Azərbaycan dilinin statusunun artırılması strateji bir məsələdir. Bununla belə, rus dili ilə yanaşı, türk və ingilis dillərində özəl və dövlət təhsil müəssisələrində təhsilin ləğvindən daha çox, Azərbaycan dili dərs saatlarının və tarix dərslərinin Azərbaycan dilində tədrisinə dair bir strategiya izləndiyi aydın olur. Qısası, digər dillərdə təlim və tədrisin Azərbaycan dilinin şərtlərinə inteqrasiya olunacağı bir dövr və siyasət formalaşır.
Tarix
İnsanın bilmək aktını fəlsəfə və tarixin ətrafında müəyyən etmək mümkündür (7). Hər iki aktın reallaşması dövlətin varlığı ilə mümkündür. Həqiqətin axtarışı ilə məşğul olan fəlsəfədən fərqli olaraq, tarix çərçivəsində olan bilmək aktı ortaq, qrup, kollektiv kimliyin formalaşmasına və davamlılığına töhfə verməkdədir. Məsələn, bir filosof üçün Çaldıran döyüşündə şahın qılıncı ilə sultanın toplarının zəncirini sındırıb-sındırmadığı fikri nəinki maraqlı, hətta yersiz görünə bilər. Bundan fərqli olaraq, insan şüurunun kollektivlik ətrafında formalaşdırılması üçün şahın qılıncı ilə topların zəncirini bir səfərdə ikiyə böldüyünə dair tezisi insan şüuruna işləyə bilər. Beləliklə, tarix insanın müvafiq siyasi quruluşa dair aidiyyatının, bağlılığının formalaşmasına xidmət etmiş olar. Misal üçün, Fərman Kərimzadənin və Əzizə Cəfərzadənin yazdığı tarixi romanlar məhz milli şüurun formalaşmasına xidmət etmişdir. Qısası, müvəffəqiyyətli milli kimlik hekayəsi tarixin ehtivasını zəruri edir.
Alman fəlsəfəsinin ziddiyyətli filosoflarından Nitşe insanın və xalqların həyatda qalmaq üçün keçmişin biliyini ehtiva edən tarixə ehtiyac duyduqlarını yazır. Əlavə olaraq, Nitşe tarixə ancaq güclülərin tab gətirə biləcəyini də yazır (8). Xülasə, Azərbaycan böyük bir keçmişə sahibdir. Ancaq güclü bir dövlət inşa edəcəyi təqdirdə sahib olduğu keçmişin tarixi biliyini istehsal edib bu gün üçün özünə bir kimlik inşa edə bilər. Əks halda, eyni anda bir neçə tarixi rol oynamalı olacaqdır ki, bu da öz növbəsində kimlik böhranına səbəb ola bilər.
Tarix, adətən, suverenin və ya qalib olanın nəzarətində, yaxud sifarişi əsasında yazılır. Fəlsəfə isə siyasət və tarixin əməkdaşlığı əsasında yaranan doğmaların sorğulanması ilə məşğul olur (9). Fəlsəfənin arxeoloji qazıntı apara bilməsi üçün ilkin olaraq siyasət və tarixin əməkdaşlığında sosial-siyasi quruluşun inşasına ehtiyac vardır.
Modern dövlət müəyyən coğrafiyada hüdudlarını müəyyənləşdirərək suveren və legitim bir güc kimi ortaya çıxmışdır. Bu prinsipdən yola çıxanda modern zamanlarda Azərbaycanda əvvəlcə xanlıqların, ardınca isə çar və sovet müstəmləkəsinin suverenlik və legitimlik qarşısında əngəl olduğu aydın olur. Əlbəttə, Cümhuriyyət modern dünyanın bəxş etdiyi öz müqəddəratını təyinetmə haqqının təcəssümü olmuşdur. Lakin Cümhuriyyət İstiqlal Bəyənnaməsindəqarşıya qoyulan hədəfləri tam mənası ilə reallaşdırmış konstitusion siyasi təşkilatlanma olmaq imkan və qabiliyyətinə sahib ola bilməmişdir (10). Yəni Cümhuriyyətin siyasəti öz tarixini yazma imkanı tapa bilmədi. Azərbaycandan siyasət və tarixin institusional əməkdaşlığı xüsusən Sovet dövründə formalaşdırıldı. Ona görə XXI əsrin Azərbaycanı bu reallığı nəzərə alaraq milli siyasət və tarix anlayışını nəzərdən keçirsə, daha məqbul bir nəticə hasil ola bilər. Məlum olduğu kimi, “siyasət mümkün olana dair qərar vermə sənətidir”.
Modern dünyanın siyasi inşası institutların dini doktrinal əsasının dünyəviləşməsi ilə başlamışdır. Siyasi dəyişiklik üçün Kral VIII Henrinin Papanın qadağasını çeynəməsi və dini doktrinanın hakimiyyətində təkid edən Tomas Moru edam etdirməsi Fransada inqilabçıların köhnə rejimi gilyotinə layiq görməsi kimi inqilablarla mümkün olmuşdur. Bu inqilablar bəzən Rusiyada olduğu kimi, köhnə siyasi elitanın edamı ilə də nəticələnmişdir. İngilis siyasəti modern tarix anlayışını ilk millət kimi; fransızlar Böyük Millət (La Grande Nation); türklər işğalçıları (yunan) dənizə tökən millət kimi inşa etdilər. Azərbaycan isə modern tarix anlayışını “Gülüstani-İrəm”də müstəmləkə sifarişi əsasında zəfərdən məhrum bir şəkildə çarın sifarişi əsasında yazmışdır. Axundzadənin tarix anlayışı isə daha çox islami keçmişlə mübarizə ilə formalaşmış və cəmiyyət (millət) formalaşdırmaq iqtidarında olmamışdır. Modern dünyaya xanlıqların parçalanmışlığı və müstəmləkə altında başlayan Azərbaycanın (qısa müddət olduğu üçün Cümhuriyyət dönəmini nəzərə almasaq) yetkin və ilkin zəfəri ancaq iki əsr sonra Şuşada mümkün olmuşdur. Yəni XXI əsr Azərbaycanında suverenlik məsələsini həll edən Azərbaycanın keçmişə (tarixə) dair daha müstəqil addım atacağını (sifariş) gözləmək mümkündür.
XIX əsrin sonlarından etibarən müstəmləkənin modern təhsil sistemi içində yetişən yeni aydınlar tarixə dair modern yanaşmaları ortaya qoymağa başladılar. Ancaq müstəmləkə altında olan bir xalqın aydınlarının Rusiya (sol) və Osmanlıdan (türkçülük və islamçılıq) təsirlənəcəyi aydın idi. Yəni Azərbaycan aydınları modern dünyanın prinsiplərini Sankt-Peterburq və İstanbul (şəkil 1) üzərindən əldə etməyini danmamaq lazımdır. Bu iki imperiya şəhəri Azərbaycan aydınlarının modern dünyadakı dəyişiklik və yeniliklərlə tanış etmişdir. Belə demək mümkündürsə, Nərimanov rus dili, Hüseynzadə Osmanlı türkçəsi ilə modern dünyanı tanımışdır. Buradan yola çıxacaq və hər iki ölkənin təsirini inkar etməyən Rəsulzadə modern Azərbaycan fikrini (davasını) türklüyün zənginliyi içində özünəməxsusluğu mühafizə edəcək konteksdə azərbaycançılıq yaxud Azərbaycan millətçiliyi çərçivəsində yaradanlardan olmuşdur.
Azərbaycanın modern siyasi tarixininin şərti olaraq Gülüstan və Türkmənçaydan başladığını qəbul etsək, siyasətin (dövlətin) müstəqil tarix yazdırmaq imkan və qabiliyyətinin iki əsr sonra Şuşanın azad edilməsi ilə mümkün olduğunu demək daha doğru olacaq. Bu səbəblə, Azərbaycanda siyasət və tarix ətrafındakı müzakirə və mübahisələri anlamaq mümkündür. Keçmişin siyasət, cəmiyyətin tələbat və sifariş əsasında təkrardan yazılması məsələsi gündəlikdədir. Belə demək mümkündürsə, Azərbaycan Sankt-Peterburq (çarlıq) və Moskvanın (SSRİ) sifarişi əsasında yazılmış tarixi yenidən nəzərdən keçirdib, yazmaq imkan və qabiliyyətinə sahibdir. Ancaq unutmamaq lazımdır ki, bu müstəqil siyasətin sifarişi əsasında yazılacaq tarix ideallardakı deyil, reallıqda mümkün olana dair olacaqdır.
Coğrafiya
Ernest Renan millətin varlığına dair klassik bir mətn olaraq qəbul edilən “Millət nədir?” (1882) [əslində, bir mühazirə mətnidir] məqaləsində millət inşasında coğrafiyanın rolunu qəbul etməyib. İrq, tarix, din və s. ünsürlərin millət yaratmayacağını əsaslandıran Renan torpağın (coğrafiya) da millət inşasındakı rolunu qəbul etməmişdir (11). Lakin modern siyasi fəlsəfənin qurucu mətnlərindən millətə söykənən milli-dövlət nizamının məkanla birbaşa bağlı olduğunu bilirik. Beləliklə, millətə dair komponentlər arasında coğrafiyanın (məkan) ələ alınması zəruridir.
Hər şeydən əvvəl modern dünya insanın məkana (coğrafiya) dair bilik sahibi olmaq imkan və qabiliyyətini təşviq etmişdir. İnkişaf insanın yeni məkanları kəşf və fəth etməsinə bağlı olmuş və coğrafi səfərlərin asanlaşması üçün yeni texnoloji alətlər ixtira edilmişdir. Kompas da bunlardan biridir. Coğrafiyaya dair tarixdə müxtəlif tədqiqatçılar yazmışdılar. Dili filoloqlar yaratmadığı kimi, coğrafiya deyəndə də coğrafiyaçıların texniki dəyərləndirməsindən daha artığı nəzərdə tutulur. Coğrafiya milli kimlik kontekstində nəzərdən keçirildiyindən məkana dair siyasi dəyərləndirmə əsas götürüləcəkdir. Azərbaycan coğrafiyasına dair tarixdə ilk yazılı əsərin X əsrdə Əbül-Heyca ər-Rəvvadi tərəfindən qələmə alınan “Azərbaycan tarixi” (Tarix-i Azərbaycan) olduğunu bilirik (12).
Ancaq coğrafiya bu məqalədə modern milli kimlik çərçivəsində nəzərdən keçirilir. Belə olan halda coğrafiyanın siyasiləşməsində (vətənləşmə) ədəbiyyatın (roman və şeir) rolu modern dövrün əsas instrumentləri olmuşdur. Misal üçün, roman yeni qurulan Türkiyə Respublikası tərəfindən Anadolunun vətənləşməsinə xüsusi töhfə vermişdir (13).
Azərbaycanla bağlı ədəbi izlərin axtarışına düşdükdə isə şeirin (nəzm) daha çox üstünlük təşkil etdiyinə təsadüf edilir. Halbuki Platon şeirin düşüncədəki yerini 2500 il əvvəl müəyyən etmişdir (14). Bununla belə, Azərbaycan şeirində məkana dair şeirlərin üstünlük təşkil etdiyi də məlumdur.
Azərbaycana dair əsas şeirlər Sovet dövründə yazılmış olsa da, sürgün və mühacirət həyatı yaşamış Almas İldırım və Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən Məhəmmədhüseyn Şəhriyarın “Azərbaycan” şeirləri kəskinliyi ilə fərqlənir. Belə ki, Almas İldırım “Əsir Azərbaycanım” şeirində yazır:
I
Hanı məni göl qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə “layla balam” çağıran…
Azərbaycan, mənim baxtsız anam oy…
Neçə ildir həsrətinlə yanam oy…
II
Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağından Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy…
Hökm etsə, bu sərsəm gediş dursa oy…
Şair həm vətənə həsrəti, həm də vətənin düşməsini (cümhuriyyət) öz talesizliyi ilə bağlayır və xilas ümidini də yenə Azərbaycan vətəninin Sovet işğalından xilasına bağlayır.
Şəhriyar isə öz növbəsində “Azərbaycan” şeirində nisgilini belə ifadə edir:
I
Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan,
Xoş günlərin getməz müdam xəyalımdan, Azərbaycan!
Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan.
II
Övladların nə vaxtadək tərki-vətən olacaqdır
Əl-ələ ver, üsyan eylə, oyan, oyan Azərbaycan!
Bəsdir, fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!
Bu misralarda coğrafi parçalanmışlıq, vətənin ikiyə bölünməsi açıq şəkildə müşahidə edilir. Şeirdə Azərbaycan siyasətinə, düşüncəsinə yer etmiş Cənubi Azərbaycan, yəni coğrafi parçalanma məsələsi özünü göstərir.
Məmməd Arazın müstəqillikdən sonra yazdığı “Ayağa dur, Azərbaycan!” şeirində Azərbaycan coğrafiyasının millətləşməsi, vətənləşməsinə dair daha açıq mövqe görə bilirik. Şair yazır:
I
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
II
Qara Çoban, Dəli Domrul oğulların.
Çək sinənə-qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Enməzliyə qalxmış olan bayrağını!
Azərbaycan, Azərbaycan,
Azərbaycan bayrağını!
III
Səninləyəm,
Sözü qəmli, özü dəmli rəhbər adam!
1918-də vuruşurdu,
Danışmırdı rəncbər atan, rəncbər atam!
IV
Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm,
V
Oyat bizi, ey yaradan, səninləyəm!
Ya bilmərrə yatırt bizi,
Ya bilmərrə oyat bizi,
Ya yenidən yarat bizi,
Ey yaradan, səninləyəm,
Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan, Səninləyəm!
Milli hərəkat sonrasında bərpa edilən müstəqillikdən sonra şair coğrafiya (Azərbaycan) metaforu ilə milləti oyanıb Vətənə sahib çıxmağa səsləyir. 70 ildən sonra müstəqilliyin bərpasının yaratdığı coşqu və erməni işğalı düşünüldükdə şairin misralarındakı kəskinlik anlaşılır.
Sovet dövründə yazan Səməd Vurğunun “Azərbaycan”şeiri komunizm maşınının institutlaşmağa başladığı 30-cu illərdə yazılmışdır. Şair Azərbaycanı Sovet ideologiyasına uyğun belə təsvir edir:
I
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
II
Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan;
Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.
Səməd Vurğun Azərbaycanı Sovet ideologiyasının tələblərinə uyğun təsvir etmiş olsa da, coğrafiyanın Azərbaycan xalqının kollektiv hafizəsinə uyğun şəkildə vətənləşməsinə də xidmət etmişdir (15). Misal üçün, şeirdə Qarabağın vurğulanması strateji bir məsələdir. Çünki 1923-cü ildə DQMV yaradılmışdı və ermənilər Qarabağa dair siyasi iddialarından əl çəkmirdilər.
Digər tərəfdən coğrafiyanın siyasiləşməsinə dair romanlara da baxmaq lazımıdır. Bununla belə, ədəbiyyatın nəsr hissəsində coğrafiyanı işləyən ciddi bir romançılıq ənənəsinin olmadığını demək mümkündür.
Şeirlə müqayisədə romançılıq (nəsr) həm zəif olmuş, həm də mövcud romanlarda coğrafiyanın işlənməsinə nadir hallarda təsadüf edilmişdir. Beləliklə, şeirin üstünlüyü özünü göstərmişdir. Bu məqsədlə Aqşin Yeniseyin son dövrlərdə yazılmış və müstəmləkənin coğrafiyada buraxdığı izlərin dekonstruksiyasını edən “Tarix və Tale” (16) romanına istinad etməklə kifayətlənəcəyəm. Belə ki, yazıçı romanda ata obrazının Azərbaycanda (coğrafiya) hələ də Rusiya (müstəmləkə) vaxtı ilə yaşadığını və onun otağında (coğrafiya) keçmiş zamanın (müstəmləkə izləri) hələ başa çatmadığı anlayışı ilə məkanda öz zamanının (hakimiyyət) formalaşmasına maneə olan müstəmləkəçiliyi dekonstruksiya edir.
Azərbaycanın millət və dövlət inşa tarixinə nəzər saldıqda coğrafiyanın vətənləşdirilməsi olmadan gerkçəkləşdiyi aydın olur. İntellektuallar və ideoloqlar fikirlərini tətbiq edib ölkə, vətən yaratmaq imkanından məhrum qaldılar. Bu səbəblə Azərbaycan cəmiyyətində Cümhuriyyətə dair özünəməxsus yanaşma var. İlk modern dövlət təşəbbüsü olan Cümhuriyyət fikrən, siyasətən (de-fakto) elan edilməsinə baxmayaraq, coğrafiyaya hakim olan (suverenlik) bir dövlət ola bilmək imkanını qazana bilməmişdir. Buna görə də Cümhuriyyət və qurucularına qarşı cəmiyyətdə özünəməxsus bir yanaşma, sahiblənmə var. Cümhuriyyət və qurucuları xüsusi bir toxunulmazlığa sahibdir.
Coğrafiyaya dair istinad edilən şeirlər və romanlar onu göstərir ki, siyasətin də tələbi olan coğrafi əsaslı vətənləşdirmə mənimsənmişdir. Əlbəttə, şeir və romanlarda türk kültürünün izlərini müşahidə etmək mümkündür. Ancaq son təhlildə şeirin adı coğrafiya əsasında (Azərbaycan) müəyyən edilirsə, vətənləşmənin, kimlik inşasının coğrafi əsaslı davam etdirildiyini demək mümkündür. Ancaq Qarabağda əldə edilən zəfər Azərbaycan coğrafiyasının vətənləşməsinə dair tarixi imkan yaratmışdır.
Din və Dünyəvilik
Modern dövlət dünyəvilik prinsipi çərçivəsində formalaşdırılmışdır. Bu səbəbdən ictimai müqavilə olaraq qəbul edilən və dövlət-cəmiyyət (vətəndaş) arasındakı münasibətləri tənzimləyən konstitusiyalarda bu öz əksini tapmışdır. Azərbaycan konstitusiyasında da dövlət təsvir olunarkən dünyəvilik öz yerini almışdır.
Din milli kimliyimizin bir parçası olmaqla bərabər, xüsusilə cəmiyyətin əksər hissəsinin inancı olan İslam dininin siyasət institutuna və cəmiyyətə birbaşa təsiri Türkiyə və İranla müqayisədə daha zəif olmuşdur. Bu faktoloji durumun sosial-tarixi səbəbləri var. Belə ki, qismən Osmanlı və əsasən, Səfəvi hakimiyyətində olan (şimali) Azərbyacanda hər iki imperiya hakimiyyətində dinə dair geniş institusional (yazılı – mədrəsə) ənənənin formalaşdığı müşahidə edilmir. Çünki indiki Azərbaycan dövlətinin formalaşdığı coğrafiya hər iki imperiyanın nəzdində “ucqar” [frontier] rolunu icra etmişdir (17). Müqayisə üçün, Səfəvi dövlətinin dini gücü Cənubi Azərbaycanda (Ərdəbil, Təbriz və s.), Osmanlının dini ənənəsi isə Anadoluda (Konya, Bursa və s.) formalaşmışdır. Beləliklə, Azərbaycanda sekulyar cəmiyyətin formalaşdırılması qonşu iki ölkə ilə müqayisədə daha rahat olmuşdur. Qaldı ki Osmanlı və Səfəvi mirası də institusional olaraq Türkiyə və İran tərəfindən sahiblənilmişdir.
Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” kanalına verdiyi müsahibədə bu məsələyə xüsisi diqqət ayırması da diqqətdən qaçırılmamalı nüansdır. Hökumətlər ətrafında iqtisadi, mədəni hakimiyyət quracağı siyasi diskursu mənimsəmək istəyərlər. Belə olan halda Azərbaycan dövləti və hökuməti üçün siyasətin dini mahiyyət daşıması və siyasi faəliyyətin bir sıra müsəlman ölkələrində olduğu kimi dini sektalar, qruplar, camaatlar tərəfindən yönləndirilməsi prioritet olmadığı aydın olur. Çünki bu vəziyyət Azərbaycan dövlətinin mahiyyəti ilə ziddiyyət təşkil etməkdədir. Azərbaycan hökumətinin, dövlət qurumlarının dinə, dini qurumlara, camaatlara dair multikultural (18) siyasəti bilinməkdədir. Bununla bərabər, dinin siyasət institutuna dair yeni təsirləri nəzərə alındıqda Azərbaycan dövlətinin dinə dair özünəməxsusluğunu mühafizə edəcək şəkildə strategiyasının olması da zərurətdir.
Bununla belə, Azərbaycan dövləti dinə dair öz siyasətini formalaşdırmağa davam edir. Belə ki, işğaldan azad olunan Şuşada ilk addımlardan birisi məhz Gövhər Ağa məscidinin təmirinə dair olmuşdur. Gövhər Ağa məscidi başda olmaqla, dini məbədlərin təmir olunması, Şuşada ənənəvi memarlıq izlərini də ehtiva edəcək çağdaş üslubda məscidin inşası, Bakıda dini azlıqlara mədəblərin açılmasına verilən siyasi dəstək siyasətin dinə və dindarlara biganə qalmadığını göstərir. Beləliklə, din Azərbaycan kimliyinin parçası olmaqla bərabər, siyasi və hüquqi qərar vermək imkan və qabiliyyətinə sahib deyildir.
Digər məsələ isə din anlayışının inkar olunduğu 70 illik sovet dövrüdür. Beləliklə, modern Azərbaycan cəmiyyətinin, kimliyinin formalaşmasında dinin rolunun yuxarıda sadalanan iki səbəbdən ötrü zəif olduğu aydın olur.
Bununla bərabər, zəfərdən sonra müəyyən yenilənməni də tələb edən kimlik inşası, siyasətinin dinə dair yeni yanaşmasını zəruri edir.
Türkçülük, azərbaycançılıq
Hər şeydən əvvəl Azərbaycan milli kimliyi özündə türklüyü (ethnie) inkar etmir. Daha doğrusu, türklüyün ehtivası özünəməxsus və sağlam milli kimliyin inşasının əsas şərtlərindən olmalıdır. Belə ki, Azərbaycan kimliyinin birləşdirici iki ünsürü dil və tarixə, kültürü də əlavə etmək olar. Tarixi perspektivdə baxıldıqda isə Azərbaycan kimliyinin ortaya çıxışı məhz türklük yaxud türkçülük vasitəsilə formalaşdığı aydın olur. Bu Azərbaycanlılara parçalanmağa üz tutan çar kimliyi daxilində özünəməxsusluq qazandırmışdır. Lakin Azərbaycan kimliyini var edəcək dövlət 1918-ci ildə yaradılmasına baxmayaraq, kimliyin institusional inşası Sovet dövründə gerçəkləşmişdir (19). Bununla belə Cümhuriyyətin milli kimlik siyasətinin əssası, siyasi-hüquqi bazası azərbaycançılıq çərçivəsində formalaşdırılmışdır. Bu müəyyən bir məkan (vətən, ölkə) çərçivəsində formalaşan Azərbaycan milli kimliyinə özünəməxsusluq (varlıq) təmin etmişdir.
Müstəqilliyin bərpasından sonrakı dövrü isə işğal faktoru ilə yanaşı milli kimliyin ana elementlərindən (dil, tarix, kültür) Sovet təsirinin müzakirəsi ilə keçmişdir. Qarabağ zəfəri isə kimliklə bağlı müstəmləkə izlərinin dekonstruksiyasına başlanmasını mümkün etdi. Bir sözlə, Azərbaycan kimliyi yaxud azərbaycanlılıq təməlində türklük olan kimliyin özünəməxsusluğunu ifadə edir. Nəticə etibarilə məlum Azərbaycan kimliyi ilkin olaraq Osmanlı və Çarlığın pozitif və neqativ təsirləri nəticəsində formalaşmışdır (Bax., Cədvəl 1).
Türklük danılmaz bir reallıqdır. Belə ki, Azərbaycanda xalq, kültür, dil, tarix geniş mənada türkdür. Lakin dövlət isə azərbaycançılıq ideologiyası çərçivəsində inşa edilmişdir. Buradakı inşada əsas kimi siyasi və hüquqi baza nəzərdə alınır. Azərbaycanda yuxarıda sadalanan ünsürlərin türklükdən güc aldığı qəbul edilir. Hətta türkçülük milli kimliyi bəsləyən tarix və ədəbiyyat tədqiqatlarında özünü göstərir. Bununla belə milli kimliyin siyasi və hüquqi statusu azərbaycançılıq (coğrafiya) əsasında formalaşdırılmışdır. Misal üçün, Türkiyədə siyasi və hüquqi baza birbaşa türkçülük konteksində formalaşdırılıb və dövlətə vətəndaş bağı (hüquq) olan hər kəs türk olaraq qəbul edilir. Hətta son illərdəki bir çox inqilabi reform belə Türkiyədə siyasət və hüququn türklüyünü sarsıda bilmiş deyildir. Qısası, Azərbaycanda siyasətin hüquqi kimlik (vətəndaşlıq) inşası coğrafiya çərçivəsində formalaşdırılmışdır. Coğrafi əsaslı kimlik azərbaycan türklərinin ümumi türk dünyası içində özünəməxsusluğunu göstərməsi baxımından əhəmiyyətlidir. Nəticə etibarilə milli kimlik müəyyən sərhədləri olan məkanla (Vətən) bağlıdır. Belə olan halda Azərbaycan sərhədlərində formalaşan milli kimlik kökü etibarilə türkiyə və orta Asiya türk xalqları ilə oxşarlıqları daşısa da, fərqlilikləri də ehtiva etməkdədir.
Nəticə yaxud təklif: inteqrativ milli siyasət
XX əsr siyasi tarix (qərb) təhlili ingilis və fransız dominasiyası arasında qalan və yol axtararkən siyasəti “dost-düşmən” şəklində anlayan almanların uğursuz strategiyası (faşizm) və ödədikləri bədəldən (məğlubiyyət, parçalanma, bayraq dəyişimi, ordunun ləğvi) ibarətdir. Bu məqsədlə Rusiya, Türkiyə və İran arasında öz yolunu axtarmaqda olan Azərbaycanın milli strategiyasını reallığa əsasən formalaşdırması zəruridir. Buna müvafiq olaraq Azərbaycan milli strategiyasının birbaşa post-kolonial tədqqiqatlara təslim olması Azərbaycanı uzun perspektivdə içindən çıxdığı Osmanlı, Çar və İran (fars) hakimiyyəti ilə mübarizəyə apara bilər.
Müstəmləkə altında yaşamış xalqların milli-kimlik, dövlət inşası əsasən post-kolonyal nəzəriyyə əsasında aparılır. Halbuki post-kolonyal nəzəriyyə və metoda təslim olmağın müvafiq millətlər üçün yeni təhdid və çağırışları yanaşı gətirəcəyini ifadə etmək mümkündür. Birləşmiş Krallıq kiçilmədiyi yaxud yox olmadığı, hətta qlobal siyasətdə dominant rolunu mühafizə etdiyi reallıqda Hindisatan və ya Pakistanın adaya qarşı kəskin post-kolonyal iddiadan çıxışının nəticə verməyəcəyini ifadə etmək olar. Bu çərçivədə Azərbaycanda millət və dövlət inşası formalaşdırılarkən prinsip və narrativlər post-kolonyalizmin radikal metoduna təslim olmaq əvəzinə, proqmatik bir yanaşmanın daha çox faydası ola bilər. Belə ki, rusların çarizim və sovet hakimiyyəti konteksindəki müstəmləkə fəaliyyətlərinə acıqlanıb rus dilinin tədrisini birbaşa qadağan edilməsi (əslində, bu Azərbaycan xalqının haqqıdır) uzun perspektivdə geri dönüləcəyindən irrasional bir qərar ola bilər.
Digər tərəfdən keçmiş müstəmləkə təcrübəsindən sonra müstəqillik qazanmış gənc dövlətlərin liberal demokratiyaya “gender bərabərliyi”, “azlıq haqqları” kimi ucqarların (frontier) gənc və kövrək (fragile) xalqlarına qarşı siyasətlərinə də birbaşa inteqrasiya olmaqları post-kolonial siyasət qədər risk və təhdidlər yarada bilər. Müqayisə üçün Azərbaycanın son illərdə başda Qarabağ zəfəri olmaqla beynəlxalq arenada ciddi tərəfdaş, güc kimi qəbul edilməsi hökumət(lər)in istər post-kolonial, istərsə də “gender bərabərliyi” və s. müdafiə gücünün formalaşmasını zəiflədəcək siyasətə öz maraqlarından yanaşa bilməsinə bağlıdır.
Hazırda qlobal siyasət qlobal olaraq qeyri-müəyyənlikdən xilas olub yeni nizamın qurulması üçün mübarizə meydanına çevrilmişdir. Bu səbəbdəndir ki, modern nizamın siyasi, iqtisadi prinsip və institutları bir-bir tərk edilir. Modern nizamın formalaşmasını təmin edən texnoloji inkişaf, logistika, kommunikasiya vasitələri, qanuni baza və s. tamamilə yenilənməkdədir. Necə ki modern dünya latın dilinin qədimliyindən gələn millət (natio) anlayışına yeni siyasi və hüquqi məna yüklədi, eləcə də çağdaş dövrdə modernizmin bütün anlayış, prinsip, narrativ və qurumlarını ya tərk edir, yaxud da transformasiya edir.
Belə olan halda imkanlar, fürsətlər qədər təhdidlər də masada olur. Qarabağda qazanılan tarixi zəfərlə suverenliyini tamamlayan və sülh istiqamətində mühüm nailiyyətlər əldə edən Azərbaycan üçün millətçilik doğru istifadə edilmədiyi təqdirdə imkan və fürsətləri təhdidə çevirə bilər. Millətçiliyin qlobal bir trendə çevrildiyi ərəfədə milli siyasəti müəyyən edərkən fürsətlərlə yanaşı, təhdidlər də nəzərə alınmalıdır. İrredentist millətçiliyin uğursuzluğuna dair erməni, iran və ABŞ (Trump) şərtlərini qəbul etməli olan Rusiyanı misal göstərmək olar.
Azərbaycan kimi modern siyasi təcrübəsinin uzun bir hissəsini müstəmləkə şəraitində yaşamış gənc və kiçik dövlətlər, millətlər üçün siyasi tribunaldan, qeyri-müəyyənlikdən çıxış və beynəlxalq dövlətlər klubunda yerini möhkəmlətmək üçün fərqli bir milli strategiyaya ehtiyac vardır. Bu məqalənin sonunda Azərbaycan üçün inteqrativ millətçilik, yaxud milli siyasəti təklif edilməkdədir. Bu siyasət həm milli kimlik inşasında və xarici siyasətin müəyyən edilməsində tətbiq edilə bilər.
Xüsusilə kimlik inşasının elementləri dövlətin və cəmiyyətin istifadə imkan və qabiliyyətini, resurslarını və manevra qabiliyyətini aşacaq şəkildə istifadə olunarsa, bu gələcəkdə uğursuzluqları qaçılmaz edə bilər. Misal üçün, dünyada çox az sayda ölkə (ABŞ, Çin, Rusiya, nisbətən Türkiyə) atom mühəndisi yetişirib iqtisadi, siyasi, hərbi olaraq saxlamaq iqtidarındadır. Azərbaycan kimi bir ölkənin istifadə edə bilmədiyi halda, universitetlərində atom mühəndisi yetişdirib saxlamaq iddiası resurslar və imkanların yanlış istiqamətdə sərfiyyatı olacaqdır. Qısası, milli kimlik inşası, xarici siyasət inteqrativ milli siyasətə söykənəcəyi təqdirdə, əldə olunan nailiyyətlər (zəfər, sülh, qərblə, xüsusilə ABŞ-la olan münasibətlər, Türk Dövlətləri Təşkilatı) mühafizə edilə bilər. Öz imkan və qabiliyyətlərini və zəif tərəflərini düzgün hesablamayan Ermənistan, Gürcüstan və Ukrayna bu çərçivədə dərs çıxarılması üçün uyğun nümunələr ola bilər.
Bayraqların dalğalanması ilə simvolizə olunan millətçiliyin yüksəlişi bu gün hər yerdə görünür və artıq qlobal trendə çevrilib. Bu mənada, dövlətlər sağ qala bilmək üçün millətçi strategiyalar formalaşdırmağa məcburdurlar. Lakin dövlətlərin ehtiyac və imkanlarına görə millətçiliyin müxtəlif formaları mövcuddur. Aqressiv və dağıdıcı millətçilik də onlardan biridir və daxili və xarici siyasətdə bu qəbildən kəskin millətçi siyasət ancaq böyük dövlətlər, millətlər üçün keçərlidir. Belə ki, ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik dövründə dövləti gücləndirmək məqsədilə (Make America Great Again – ABŞ-ın materikdə qeyd-şərtsiz hakimiyyəti, Çin və Rusiya təsirinin idarə edilməsi) radikal iqtisadi addımlarla müşayiət olunan dağıdıcı və aqressiv millətçiliyi prioritetləşdirdi. Bu mənada, nizamı qorumağın ən effektiv vasitələrindən biri kimi ortaya çıxmış demokratiya və seçki institutu artıq köhnəlmiş hesab olunur. Beləliklə, dağıdıcı və aqressiv millətçilik milləti deyil, məhz dövləti gücləndirməyi hədəfləyir. Buna görə də modernliyin qurucu dövlətlərinin liderləri məhz bu istiqamətdə siyasət yürüdürlər. Nəticə etibarı ilə, görünür ki, millətçiliyin müəyyən formada qəbulu artıq dövlətlər üçün bir zərurətə çevrilib.
Lakin modernliyin “kiçik millətləri” adlandırılan və prioritetləri çox vaxt sıxışdırılan dövlətlər siyasətin nihilist dövründə aqressiv millətçiliyə alət olmaqdan qaçınmalıdır. Daha doğrusu, “kiçik millətlər yaxud dövlətlər”in millətçiliyin qlobal yüksəlişində müstəqilliklərini mühafizə etmək üçün alternativ milli siyasətə ehtiyac vardır. Bu səbəbdən, XIX və XX əsrlərdə milli dövlət quruluşu ərəfəsində müstəmləkə rejimlərinin tərkibində olmuş gənc və post-sovet dövründə müstəqilliklərini bərpa etmiş millətlər üçün yeni bir millətçilik modeli təklif edirəm.
Müstəqillik təcrübəsi bu reallığı Azərbaycanın daha doğru dəyərləndirdiyini göstərir. Gürcüstan səhvini Rusiya qarşısında, Ermənistan isə Qarabağda ödəməli oldu. Ancaq Vaşinqton sammiti region üçün ümid və gələcək vəd edir. Bu baxımdan, təklif etdiyim “inteqrativ millətçilik” həmin dövlətlərin ehtiyac duyduğu yeni strategiya ola bilər. Belə ki, inteqrativ millətçilik mümkün radikal millətçiliyin qarşısını ala, beynəlxalq ictimaiyyətə inteqrasiyanı asanlaşdıra və bununla da onların müstəqilliyinin mühafizə edilməsinə (tanınmasına) və davamlılığına töhfə verə bilər. Bu mənada inteqrativ millətçilik böyük dövlətlərin dağıdıcı və aqressiv millətçiliyi ilə rəqabət aparmağı hədəfləmir. Əksinə, o, beynəlxalq sistemə inteqrasiyanı təmin edəcək milli strategiyanın formalaşdırılmasını nəzərdə tutur.Bu kontekstdə Azərbaycan mümkün radikal millətçiliyi azaltmaq və etnik-dini mənsubiyyətindən asılı olmayaraq bütün azlıqları əhatə edən inklüziv milli strategiya yaratmaq məqsədilə multikultural millətçiliyi inkişaf etdirmişdir. Bununla bərabər post-münaqişə dövründə xarici inteqrativ diskurs çərçivəsində cərəyan etdiyi söylənə bilər.
İnteqrativ siyasət milli kimliyin əsas varlıq səbəblərindən olan dil məsələsində də özünü göstərir. İddia edirəm ki, inteqrativ millətçilik Azərbaycan daxilində dil məsələlərinə də həll yolu təqdim edə bilər. Tarixi inkişaf və potensiala əsasən, Azərbaycan cəmiyyəti rəsmi dil ilə yanaşı, türk, ingilis və rus dillərinin də tətbiqini ana/rəsmi dilin dominantlığına əngəl təşkil etmədən imkan yaratmalıdır. Belə ki, Azərbaycanın hazırkı demoqrafik, iqtisadi və s. göstəriciləri yaxın gələcəkdə qonşu Rusiya, Türkiyə və İranda olduğu kimi, ana dilində elmi-kütləvi tərcümənin formalaşdırılmasını mümkün etmir. Bu səbəblə sosial elmlər sahəsində dünyanı izləmək istəyən azərbaycanlı tədqiqatçı ingilis dili ilə yanaşı, rus və ya türk dillərindən köməkçi dil kimi istifadə etmək ehtiyacını hiss edir. Azərbaycan II Qarabağ müharibəsində qələbə qazanaraq işğal altındakı bütün ərazilərini azad etdi. Ancaq başda müstəmləkə dili olan rus dili olmaqla əcnəbi dildə təhsil Azərbaycan siyasətinə inteqrasiya olunmalıdır. Misal üçün, rus dilində tədris olunan ədəbiyyat dərsində Puşkin deyil, Bəxtiyar Vahabzadə tədris olunmalıdır.
Bununla belə, Azərbaycan milli strategiyası aşağıdakı səbəblərə görə inteqrativ millətçilik üzərində qurulmalıdır:
• Azərbaycanlı ziyalılar, yazıçılar, alimlər, sənət adamları və başqaları öz sahələrində bilik və bacarıqlarını artırmaq üçün alternativ dillərdən (rus, türk, ingilis və s.) istifadə edirlər. Çünki dövlətin fiziki və tarixi baxımdan imkanları milli/rəsmi dilin təkbaşına tam dominantlığını yaratmağa kifayət etmir. Daha doğrusu ana dilindəki baza (çap yaxud elektron mənbə) dünyadakı elmi yeniliyi yaxalamaq üçün kifayət etmir. Hətta süni zəkaya müraciət edərkən daha ətraflı nəticə almaq üçün rus yaxud türk dillərinə müraciət edilir.
• Azərbaycan milli kimliyi (daxili məsələ) güclü tarixi-siyasi zəminə malik olmaq üçün türklük üzərində qurulmalıdır. Digər tərəfdən, xarici siyasət irredentist meyilləri neytrallaşdırmaq üçün azərbaycançılığı əsas prinsip kimi qəbul etməlidir. Daha doğrusu, kimliyin siyasi və hüquqi (konstitusion) sifəti coğrafi əsaslı (azərbaycanlı) olmağa davam edəcəkdir.
Bu baxımdan, coğrafi və geosiyasi heterogenliyinə görə Azərbaycanın həm daxili, həm də xarici siyasətdə inteqrativ millətçiliyə əsaslanan xətt formalaşdırmasının çıxış yolu olduğu əsaslandırılır. Bu yanaşma ABŞ, Çin, qismən Rusiya və Türkiyə kimi hərb industriyası olan böyük və orta ölçülü dövlətlərin nümayiş etdirdiyi dağıdıcı və aqressiv millətçilik formalarından kənarda qalmağa imkan verəcək. Digər tərəfdən, inteqrativ millətçilik ölkə daxilində radikal və irredentist millətçiliyin yüksəlişinin qarşısını almağa da töhfə verəcək. Dövlətin izlədiyi daxili və xarici siyasətə nəzər yetirdikdə inteqrativ metodun izlərini müşahidə etmək mümkündür.
Qeydlər və ədəbiyyat
- https://president.az/az/articles/view/69968
- Dede, K. “Edebiyatın Ulusu Ulusun Edebiyatı”, Ankara: Nika Yayınevi, 2021. s. 70.
- Vəliyev, O. (2026). Modern Azərbaycanın Doğuluşu. Bakı: MİMTA Nəşriyyatı.
- Ətraflı bax., Anderon, B. Hayali Cemaatler. Tərc. İstanbul.
- İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, 8.11.2021 (Şuşa, Cıdır düzü, hərbiçilər qarşısında çıxışdan)
- https://president.az/az/articles/view/71213
- Mehdiyev, N. Bir Bilme Teorisi. İstanbul: Dergah Yayınları, 2019. s. 15–28.
- Nietzsche, Friedrich. Tarihin Yaşam İçin Yararı ve Zararı. Çev. Mustafa Tüzel. İş Bankası Kültür Yayınları. 2022. s. 39.
- Bu mövzu ilə bağlı füyuzat.az-da dərc edilən “Fəlsəfəsizlik çağı: bilməyin deyil, dəmirin dövrü” essemdə yazmışam. https://fuyuzat.az/felsefesizlik-cagi-bilmeyin-deyil-demirin-dovru/
- Bu xüsusla bağlı aşağıdakı məqalədə yazılmışdır. O. Valiyev və M.Y. Alptekin. “The First Republic of Azerbaijan: A State Without a Nation”, Vol. 26, No 2, 2023, 7–24. https://kjhss.khazar.org/journal/vol26/iss2/6/
- Renan, E. (2016). Ulus Nedir?. Tərc. Gökçe Yavaş. İstanbul: Pinhan Yayıncılık. s. 49.
- Nəcəf, Ə.N. (2025). Metatarix: Azərbaycan Tarixinin Metafizikası. Bakı: Çapar. s. 23.
- Ətraflı bax., Dede K. (2021). Edebiyatın Ulusu Ulusun Edebiyatı. Ankara: Nika Yayınları.
- Ətraflı bax., Platon. (2011). İon. Tərc. Nihal Petek Boyacı. İstanbul: Kabalcı.
- Səməd Vurğunla bağlı ədəbiyyatçılar arasında fərqli mövqelərin olduğunu bilirəm. Lakin mən həm ədəbiyyatçı deyiləm, həm də bu məqalənin mövzusu Səməd Vurğunun ədəbiyyatdakı yerini müzakirə etmək üçün nəzərdə tutulmayıb.
- Yenisey, A. (2019). Tarix və Tale. Bakı: Teass Press Nəşriyyatı.
- Abdullzadə, T. “Azərbaycanda İslamın kültürəl mahiyyəti və sekulyar cəmiyyətin formalaşmasındakı rolu”, 2021.
- Ətraflı bax., https://multikulturalizm.gov.az/az/post/755/baki-beynelxalq-multikulturalizm-merkezinin-nizamnamesi.html
- Ətraflı məlumat üçün bax., Yılmaz, H. (2013). The Soviet Union and the construction of Azerbaijani national identity in the 1930s. Iranian Studies, 46(4), 511–533.
s.e.ü.f.d. dos. Orxan Vəliyev
Siyasi elmlər və fəlsəfə kafedrasının müdiri, Xəzər Universiteti
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM), aparıcı məsləhətçi



