Azərbaycan Ordusu qəhrəmanlıq ənənələri, mübarizlik ruhu və döyüş təcrübəsi baxımından qədim və zəngin bir tarixə malikdir. Azərbaycan torpaqları hərb sənətinin təşəkkül tapdığı ilk bölgələrdən biri hesab olunur. Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi, Əfşar və Qacar dövlətlərinin ordu quruculuğu və döyüş yollarına nəzər yetirdikdə hərb tariximizin nə qədər şanlı səhifələrinə şahidlik edirik.
1828-ci il Türkmənçay müqaviləsi ilə xanlıqların müstəqilliyinə son qoyulması ölkənin siyasi taleyində olduğu kimi, hərb tarixində də yeni bir mərhələnin əsasını qoydu. Çar Rusiyası əsarətdə saxladığı türk-müsəlman xalqlarını hərbi sahədən uzaqlaşdırmaqla onların mübarizə əzmini, döyüş ruhunu zəiflətməyə çalışsa da, hərbi təhsil alaraq imperiya ordusunda yüksələn azərbaycanlı zabitlərin sərkərdəlik istedadına göz yuma bilmədi. Onların rəşadət və qəhrəmanlığı rus ordusunun da gücünə güc qatdı.
CÜMHURİYYƏT DÖVRÜNDƏ ORDU QURUCULUĞU
Azərbaycan Xalq Cümhuriyyəti qısa sürən müstəqilliyinə baxmayaraq, XX əsr tariximizdə silinməz iz buraxdı. İstiqlaliyyət qazandıqdan sonra Azərbaycan hökumətinin qarşısında duran mühüm vəzifələrdən biri müstəqil milli ordunun qurulması və onun dövlətin müstəqilliyini qoruyacaq bir qüvvəyə çevrilməsi idi.
1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. AXC ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Bu müddət ərzində üç polkdan ibarət iki piyada diviziyası, artilleriya diviziyası, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç polk olan süvari diviziyası, hava dəstəsi, dəmiryol batalyonu təşkil edilməli idi. Oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qəbul edilən qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edildi.
1918-ci il iyun ayının 26-da yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordunun – silahlı qüvvələrin yaradılması haqqında qərar qəbul etdi. Bu qüvvələr Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə ölkənin hərbi təcavüzlərdən müdafiəsi istiqamətində mühüm rol oynadı. Cümhuriyyətin süqutundan sonra isə Azərbaycan Milli Ordusu Sovetlər İttifaqının tərkibinə qatıldı. 1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş rus artilleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da general-leytenant Əliağa Şıxlinski onun müavini, general-leytenant Süleyman Sulkeviç isə baş qərargah rəisi təyin olundu…



