İranda əvvəlki hakimiyyətlə bizim münasibətlərimizin pisləşməsi bizim günahımız ucbatından olmayıb.
“Füyuzat”ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
“Sadəcə olaraq, bəzi məqamları xatırlatmaq istəyirəm. İkinci Qarabağ müharibəsi başa çatandan, artıq biz Laçın yoluna vizual müşahidə əldə edəndən sonra görməyə başladıq ki, İrandan gələn yanacaqdaşıyan yük maşınları müntəzəm olaraq Qarabağa Ermənistandan səfərlər edirlər. Mən köməkçimə göstəriş verdim və o, İranın Azərbaycandakı ovaxtkı səfiri ilə telefonla danışıb və deyib ki, bunu dayandırın. Biz bunu ictimailəşdirmək istəmirik, biz xahiş edirik, bunu dayandırın. Bu, yaxşı deyil, biz bunu görürük, bu, bizim ərazidir. Siz burada qanunsuz işlərlə məşğulsunuz. Əfsuslar olsun ki, bundan sonra bu, dayanmadı və daha da artdı. Ondan sonra ikinci addım olaraq biz İran səfirini Xarici İşlər Nazirliyinə dəvət etdik və ona etiraz notası verildi və bunu ictimailəşdirdik.
Ondan sonra da həm gülməli, həm də ağlamalı hadisələr baş verdi. Saxta erməni maşın nömrələrini İran yanacaqdaşıyan yük maşınlarının üzərinə yapışdırmaqla sanki bu, Ermənistan maşınlarıdır. Amma onların üzərində farsca yazılar da var idi. Bu, bizi çox təəccübləndirdi. Özü də biz araşdırmağa başladıq. Gördük ki, eyni nömrə bir neçə maşına yapışdırılır, yəni, nömrə eyni, maşınlar fərqli idi. Yəni, bu saxtakarlığı da o qədər səliqəsiz etmişdilər ki, adam, vallah, söz tapa bilmir. Ondan sonra biz artıq bir maşını saxladıq, sürücülər saxlanıldı və biz gördük ki, onların yol sənədlərində yazılıb ki, Stepanakert, Ermənistan. Yəni, bu, açıq bizim ərazi bütövlüyümüzə, suverenliyimizə hörmətsizlik idi”, – dövlət başçısı qeyd edib.
Prezident sərhəddə baş verənlərdən sonra Azərbaycana qarşı məlum hədə-qorxu addımları, təlimlər, bəyanatlar, hədələrin qeydə alındığını bildirib:
“Biz də adekvat addımlar atdıq. Bizim sərhədimizdə əgər hər hansı bir təlim, hərbi təlim keçirilirsə, biz də Azərbaycan-İran sərhədinin bu tərəfində eynisini etdik. Yəni, göstərdik ki, biz heç kimdən qorxmuruq və haqlı olan tərəf bizik. Bu, eyni zamanda, mətbuatda həmin o təhqir kampaniyası ilə müşayiət olunurdu. Çünki bu, görünür, bəzi hakim dairələrin belə iş üslubudur. Əslində, təhqir gücsüzlüyün rəmzidir. Sən əgər nəyəsə çata bilmirsənsə, – yəni, mən ədəbsiz olan insanları nəzərdə tuturam, – təhqirə keçirlər. Yəni, təhqir edən, əslində, özünü təhqir edir”.
Dövlət başçısı Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktına da toxunub:
“Bu, təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi. Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb və müsahibə verir. O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdu.
Bu, bir zəiflik nümayişi idi və Azərbaycan tərəfi də adekvat addımlar atdı. Bilirsiniz ki, biz səfirliyin bütün əməkdaşlarını geri çağırdıq və bizə rəsmi qaydada söz verilməyənə qədər, – İranın mərhum xarici işlər naziri, vertolyot qəzasında həlak olmuş cənab Abdullahian gəlib mənə söz vermişdi ki, o adam edam hökmünə cəlb ediləcək, – ondan sonra biz səfirliyin əməkdaşlarını geri qaytardıq. Amma bizi yenə də aldatdılar. Çünki bu edam hökmü həm icra edilmədi, həm də iş məhkəmədən yenə də istintaqa göndərildi. Yəni, bu, dövlət səviyyəsində edilən anlaşılmaz bir hərəkət idi və biz öz tələblərimizdə israrlıyıq. Biz bilirik ki, İranda daha az ağır olan cinayətlərə görə edam hökmü elan edilir və dərhal icra olunur. Amma burada iki il, bu, nəinki icra edilməyib, hətta iş yenə də istintaqa göndərilib”.