Xəbərlər

Azərbaycan sahibkarları dövlət zəmanəti ilə 500 milyon manatdan artıq güzəştli kredit alıb

İndiyə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 500 milyon manatdan artıq kredit verilib ki, bunun da 65,155 milyon manatı bu ilin yanvar-sentyabr aylarının payına düşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fonddan bildirilib.

Xatırladaq ki, ölkə Prezidentinin 29 noyabr 2017-ci il tarixli fərmanı ilə ölkədə ilk dəfə olaraq sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyanın verilməsinə başlanılıb. Fərmana əsasən, kredit-zəmanət mexanizminin formalaşdırılması və inkişaf etdirilməsi Fond qarşısında prioritet vəzifə kimi müəyyən edilib.

Mexanizm çərçivəsində bu günə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki faiz dərəcəsi 6 %, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min – 5 milyon manat təşkil edib.

Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib.

Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələrdə 6 500 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Eyni zamanda, ölkə Prezidentinin 24 avqust 2022-ci il tarixli fərmanına əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılması məqsədilə sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb və cari ildən etibarən daha iki yeni alətin – sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb.