Xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanı ilə energetika üzrə Birgə Texniki Komitənin işini nəzərdən keçirib

Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında bu ölkənin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirlərində iştirakı, eləcə də hər iki ölkənin Energetika nazirlikləri arasında Birgə Texniki Komitənin fəaliyyət istiqamətləri üzrə atılan addımlar nəzərdən keçirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bu barədə nazir Pərviz Şahbazov Braziliyanın Foz do İquaçu şəhərində Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səudla görüşündə bildirilib.

Şahzadə Əbdüləziz bin Salman Əl Səudla görüşdə qlobal neft bazarında vəziyyət, “OPEC plus” formatında əldə olunmuş razılaşmaların, öhdəliklərin yerinə yetirilməsi və iki ölkə arasında enerji tərəfdaşlığının gündəliyindəki layihələrin icrası müzakirə edilib. “ACWA Power” şirkəti ilə dənizdə 1,5 QVt külək enerjisi və 200 MVt-lıq Batareya Enerji Saxlanc Sistemi (BESS) layihələrinin inkişafına, həmçinin “yaşıl enerji dəhliz”ləri çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Bundan başqa, P. Şahbazov Braziliyanın mədən və energetika naziri Aleksandr Silveira və Qlobal Bərpa Olunan Enerji Alyansının baş icraçı direktoru Bruce Douglas ilə də görüşüb.

A.Silveira ilə görüşdə ölkələrarası münasibətlərin COP və G20 platformaları vasitəsilə fəal tərəfdaşlıq mərhələsinə daxil olduğu, neft-qaz ölkələri olan Azərbaycan və Braziliyanın enerji keçidində mühüm rol oynadığı qeyd edilib. Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Braziliyadan ibarət COP üçlüyünün yeni öhdəliklər və təşəbbüslərin elan edilməsi və həyata keçirilməsində birgə əməkdaşlığı təmin etdiyi bildirilib. Enerji keçidinə rəvan şəkildə nail olmağın vacibliyi vurğulanıb.

Azərbaycanda dövlət başçısının “yaşıl enerji”nin inkişafına və “yaşıl enerji keçidi”nə investisiyaya yol açan siyasəti, aparılan islahatlar, həyata keçirilən layihələrdən bəhs edilib. Bildirilib ki, “yaşıl enerji” ilə tərəfdaşlarımızın enerji təchizatı və təhlükəsizliyini təmin etmək istiqamətində fəaliyyətimizi davam etdiririk. Avropa və Asiyanı birləşdirən, müxtəlif ölkələri “yaşıl enerji” ilə təchiz edəcək layihələrin təşəbbüskarı məhz Azərbaycandır. Söhbət zamanı COP29 Sədrliyinin təşəbbüsləri, o cümlədən iqlimin maliyyələşdirilməsi istiqamətində atılan addımlar müzakirə olunub. Azərbaycanla Brazilyanın əməkdaşlığının COP məqsədlərinin reallaşdırılmasına töhfə verəcəyi qeyd olunub.

Azərbaycanın “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi” təşəbbüsü, dənizdə külək enerjisinin inkişafı və “yaşıl enerjinin nəqli” layihələri, COP29 çərçivəsində əməkdaşlıq Qlobal Bərpa Olunan Enerji Alyansının baş icraçı direktoru B. Douglas ilə görüşdə müzakirə mövzuları olub. Bərpa olunan enerji texnologiyaları sahəsində ixtisaslaşmış və bu sahədə özəl sektoru təmsil edən Qlobal Bərpa Olunan Enerji Alyansının Azərbaycanla əməkdaşlığa marağı ifadə edilib və şəbəkələrlə bağlı Vədin yerinə yetirilməsinə özəl sektorun mümkün dəstəyi barədə danışılıb. COP29 çərçivəsində Alyansın Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə birgə tədbirlərdə iştirakı, həmçinin COP təşəbbüsləri nəzərdən keçirilib.