Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin 140-cı doğum günüdür.
31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olan Rəsulzadə Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin elanı zamanı formalaşdırılan Milli Şuranın sədri seçilmiş, Cümhuriyyətin təməllərinin atılmasında və möhkəmlənməsində xüsusi rol oynamışdır. Cümhuriyyətin süqutundan sonra da Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyinin bərpası üçün çalışmağa davam edən ədib qələmə aldığı onlarca əsərlərlə Azərbaycan tarixində önəmli bir yerə sahib görkəmli dövlət və ictimai xadimlərdən birinə çevrilib.
Ancaq Rəsulzadə tək milli-siyasi kimliyi ilə deyil, Azərbaycan ədəbiyyatındakı ölməz sənət əsərləri ilə də yadda qalıb. Onun əsərləri indi də Azərbaycan ədəbiyyatının ən sevilən və oxunan örnəklərini təşkil etməkdədir.
Rəsulzadənin ictimai-siyasi və publisist fəaliyyətinə göstərilən qayğının nəticəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncamda deyilir: “2024-cü ilin yanvar ayında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur.
Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. O, uzun illər ərzində mühacirətdə də, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır”.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
Bəs Rəsulzadənin Azərbaycanın siyasi-mədəni və ədəbi həyatındakı rolu və onun Azərbaycan tarixinə bəxş etdiyi uğurlar nədən ibarətdir?
“Füyuzat” Məhəmməd Əmin Rəsulzadə haqqında dövrümüzün öz sahəsində kifayət qədər peşəkar olan nümayəndələrinin fikirlərini öyrənib.
Tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə faktiki olaraq Azərbaycan milli hərəkatının ideoloqu, Azərbaycan Xalq Cümhuriyyətinin banisidir:
“Rəsulzadə Azərbaycanın müstəqillik ideyasının daşıyıcısı, Azərbaycan milli-siyasi təfəkkürünün təmsilçisidir. Onun tariximizdəki yeri bu kimi məsələlərlə müəyyənləşir. Əlbəttə ki, onu Şərqin ən böyük mütəfəkkirlərindən biri hesab etmək olar. Çünki Rəsulzadə təkcə siyasi fəaliyyətlə məşğul olmayıb, ədəbi, bədii düşüncələrini əsərlərə həkk edib, onun ideologiya, siyasət, milli düşüncə, milli ədəbiyyat, ana dili, teatr və s. kimi sahələrdə kifayət qədər zəngin yazıları, kitabları, məqalələri var. Bütün bunlarla yanaşı Rəsulzadə həm də mütəfəkkirdir və kulturoloji fenomendir. Onun ədəbi yaradıcılığı, ədəbiyyatşünaslıq görüşləri, qələmindən çıxan əsərləri, yazıları, bütün bunlar öyrənilməli, tədqiq olunmalıdır. Onun “Azərbaycan şairi Nizami” əsəri Azərbaycanın böyük ədəbi şəxsiyyətlərindən biri olan Nizami Gəncəvi haqqında yazılan ən uğurlu əsərlərdən biridir. “Əsrimizin Siyavuşu” əsəri, baxmayaraq ki, dövrün çətin şərtlərində, həyatının təhlükələrlə dolu olduğu illərdə yazılıb, bu esse Azərbaycan tarixinin, milli düşüncənin, bölgədə gedən proseslərin ədəbi-bədii və publisistik formada ifadəsidir. Bu əsər ona görə gənclər tərəfindən sevilir, ona görə stolüstü əsərə çevrilir ki, orada milli düşüncənin kökləri var, orada Cümhuriyyətin taleyi var. Orada Azərbaycanın keçmişdən bu günə, bu gündən sabaha gedən yolu var. O baxımdan Rəsulzadə böyük düşüncə sahibidir, qlobal ideyaların daşıyıcısıdır. Onun qələmindən nə qədər şeirlər, publisistik məqalələr çıxıb. Teatr, musiqi, ədəbiyyat haqqında çox maraqlı əsərləri var: “Çağdaş Azərbaycan Tarixi”, “Çağdaş Azərbaycan Ədəbiyyatı” əsərləri Rəsulzadə təfəkkürünün məhsuludur və hesab edirəm ki, Rəsulzadə təkcə milli düşüncənin, istiqlalın simvolu deyil, həm də böyük mütəfəkkirdir. O, ədəbi-bədii yaradıcılığı ilə bu xalqın düşüncəsində, onun bədii-fəlsəfi fikrinin formalaşmasında çox böyük yer tutur”.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri dosent Firdovsiyyə Əhmədova söyləyib ki, Məhəmməd Əmin Rəsulzadə gənc yaşlarından ictimai həyatda ətrafında baş verən proseslərə aktiv diqqət yetirmişdir:
“Onun gənc yaşlarında formalaşan, siyasi baxışlarında səciyyəvi olan dəyərlərin sonrakı mərhələlərdə fəaliyyətinə ciddi təsir göstərdiyini görürük. Həmin dəyərlər ömrünün sonuna qədər Rəsulzadənin ictimai-siyasi fəaliyyəti zamanı daşıdığı məzmunda öz yerini tapmışdır. Rəsulzadə respublika prinsiplərinə sadiqliyini sona qədər öz əməli nümunələrində ifadə etmişdir. Onun İran inqilabı dönəmindəki fəaliyyəti, Türkiyəyə mühacirət etdiyi zamankı təcrübəsi sonradan Azərbaycana dönərkən həm özünün siyasi fəaliyyətində, həm də Cümhuriyyətin qurulmasında çox önəmli bir təcrübəyə çevrilmişdi. 1917-ci ildən sonra isə biz Rəsulzadəni qarşıya qoyulan məqsədə çatmaq üçün çalışan mübariz kimi görürük. Onsuz da o, “Açıq Söz” qəzetini yaradərkən Azərbaycan milli hərəkatının siyasi tribunası kimi cəmiyyəti milli mübarizə üçün səfərbər olmağa hazırlayırdı. Milli məfkurənin formalaşmasında da “Açıq Söz” qəzetinin özünəməxsus yeri vardır. Rəsulzadə 1917-ci ildən etibarən Azərbaycanın muxtariyyəti uğrunda mübarizəyə başlayır. Onun bu mücadilə zamanı muxtariyyət istədiyi ərazilərin konkret ünvanını göstərməsi bu gün də əhəmiyyət daşıyan məsələdir. Azərbaycan muxtariyyəti dedikdə Rəsulzadə İrəvan, Gəncə, Bakı quberniyalarını və Cənubi Qafqazın bir sıra digər ərazilərini nəzərdə tutmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti qurulanda, təbii ki, mövcud beynəlxalq və regional vəziyyət baxımından muxtariyyət üçün nəzərdə tutulan ərazilərdən daha kiçik ərazilərdə elan olundu. Amma bu, digər ərazilərlə bağlı Rəsulzadə və digər cümhuriyyət qurucularının son mövqeyi demək deyildi. Rəsulzadə həmçinin yeni qurulan cümhuriyyətin Milli Şurasının sədri olaraq ilk dövlət rəhbəri kimi tarixdə yer alıb. Yəni Azərbaycan Xalq Cümhuriyyətinin ilk dövlət başçısı olan Rəsulzadə həmin status ilə ilk parlamentin açılması missiyasını da üzərinə götürür. Azərbaycanın ilk rəsmi diplomatik nümayəndəliyinə Rəsulzadə başçılıq etmişdir. Onun Bakı uğrunda diplomatik mübarizəsi Bakının azad olunmasında son dərəcə əhəmiyyətli idi. Ümumiyyətlə, Rəsulzadənin İstanbuldakı diplomatik missiyaya rəhbərlik etməsi Azərbaycan dövlətçiliyi baxımından, Cümhuriyyətin bir çox həyati məsələləri baxımından faydalı idi. İstər ordu məsələsi, istərsə də maliyyə məsələsi, Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınması, İstanbuldakı xarici diplomatik korpuslarla, həmçinin Osmanlı diplomatları ilə görüşlərin keçirilməsi, Azərbaycan dövlətinə Osmanlı tərəfindən verilən dəstəyin təmin edilməsi Azərbaycanın tanıdılması baxımından mühüm nəticələrə gətirib çıxarmışdır”.
Firdovsiyyə Əhmədova Rəsulzadənin parlamentdəki fəaliyyətindən də danışıb:
“Rəsulzadə Azərbaycan parlamentinin əsas intizamlı və aktiv üzvlərindən biri idi. O demək olar ki, iclasların hamısında iştirak etmiş, bütün məsələlərin, istər ərazi, təşkilati, milli məsələlər, qanun layihələrinin qəbulu, sosial vəziyyət, istərsə də xarici siyasət, ölkənin müdafiəsi, Qars, Dağıstan məsələləri, Rusiya ilə münasibətlər və digər çoxsaylı mövzuların müzakirəsində nəinki münasibət bildirmiş, yüksək peşəkarlıq göstərərək bu məsələlərin dövlətçilik baxımından həllini tapmasına nail olmuşdur. Rəsulzadə aktiv bir siyasətçi ömrü sürmüşdür. O, Cümhuriyyətin son anlarında ayıq, real və dəqiq mövqeyi ilə digərlərindən seçilmişdi. Onun siyasi proseslərin gedişinə görə dəqiq təhlil yürütmək bacarığı var idi. Bu baxımdan Rəsulzadə bir çox tarixi məzmun və əsərlərin müəllifidir. Müsavat partiyasının sədri, milli muxtariyyət fikrinin ardıcıl müdafiəçisi və aktiv yazar olan Rəsulzadə gənclik dövründən ictimai mənada təşkilatlanmağa meyilli siyasətçi olmuşdur. Ömürün sonuna qədər də mübrizə zamanı təşkilatlanmağa və bu formada mübarizə aparmağa üstünlük vermişdir. Zamanın və şəraitin imkanlarını nəzərə alaraq siyasi və ictimai məzmunlu təşkilatların təsisçisi olaraq mücadilə etmişdir. Yəni təşkilatlanmaq, siyasi-ictimai xarakterli qurumlar təsis edərək ümumi hədəfə çatmaq üçün mübarizə aparmışdır. O, nikbin ictimai-siyasi ovqata sahib olaraq real şərtlərlə əsaslandırdığı zəmindən ayıq mühakiməsi, verdiyi təhlilləri ilə fəaliyyətini daha da uğurlu etmişdir”.
F.Əhmədova qeyd edir ki, Rəsulzadə Azərbaycan milli hərəkatının ideoloqu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk dövlət başçısı kimi azərbaycançılıq ideyasına, milli dövlətçiliyə sadiq qalmışdır: “Eyni zamanda liberal dəyərlərə, onların tətbiqinə böyük önəm vermişdir. Ona görə də Azərbaycan Xalq Cümhuriyyəti kimi demokratik bir cümhuriyyətin müsəlman, türk aləmində mövcud olması məhz Rəsulzadənin bütün fəaliyyətinin səbəb olduğu faydalardandır. Bu gün demokratik sivil cəmiyyətlər, əsrlərdir demokratik və sivil institutlara sahib olan cəmiyyətlər Rəsulzadə irsinə həmin dəyərlərdən baxaraq önəm verirlər. Rəsulzadə Azərbaycan demokratik dövlətçiliyinin bir simasıdır. O, ömrünün sonuna qədər milli dövlətçiliyin bərpası, həmçinin Azərbaycanın bütövləşməsi amalı ilə yaşamışdır.
Bir əzmkar siyasi mücadilə həyatı yaşamış Məhəmməd Əmin Rəsulzadənin zamanın çağırışlarına uyğun olaraq dövrünün çağdaş sosiloji çağırışlarından irəli gələn ideyaları olmuşdur ki, o bu ideyaları zaman-zaman öz ictimai-siyasi fəaliyyətinin aparıcı prinsiplərinə çevirmişdir. Onun istər “insanlara hürriyyət, millətlərə istiqlal”, istərsə də “ideologiyalar əbədi, şəxsiyyətlər keçicidir” kimi bu qəbildən olan şüarları məhz siyasi fəaliyyət dövrünün real mərhələsi üçün səciyyəvi olmuşdur. Ona görə də Rəsulzadə irsinə səyahət tək Azərbaycan dövlətçiliyi və Azərbaycan cəmiyyətinin, ictimai-siyasi fikir tarixinin keçmişini öyrənmək baxımından deyil, o zəmindən qaynaqlanaraq Azərbaycan Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan dövlətinin gələcək inkişaf hədəflərinin müəyyənləşdirilməsi üçün də aktuallığını saxlayan bir sərvətdir”.
Professor-kulturoloq Mübariz Süleymanlı bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri, ictimai-siyasi və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin (1884–1955) kulturoloji irsində mədəniyyət, millət və dövlət anlayışları bir-birinə qarşılıqlı təsir göstərən dialektik proseslərdir:
“M.Ə.Rəsulzadə milli mədəniyyəti dil və din birliyinin, adət-ənənə və əxlaq birliyinin cəmindən hasil olan yekun kimi dəyərləndirir. Bu xüsusda birinciliyi dilə verən M.Ə.Rəsulzadənin fikrincə, dil millətin böyük bir hissəsidir, onun zahiri və batinidir. Onun yaradıcılığında dil damğası millətləri bir-birindən ayıran ən böyük əlamət kimi səciyyələndirilir.
M.Ə.Rəsulzadənin istiqlal məfkurəsinin reallaşmasında təməl daşı və ideoloji mənbə kimi qiymətləndirdiyi milli mədəniyyətlə bağlı yaradıcılığı zəngin və çoxşaxəlidir. Bu yaradıcılıq irsi Azərbaycan xalqının milli-mənəvi xəzinəsini zənginləşdirmişdir. M.Ə.Rəsulzadə dövlətçiliyi sarsılmış millətin mövcudluğunun başlıca təminatı – tarixi yaddaş və milli mədəniyyət zəminində millətə qurtuluş yolunu göstərən bir şəxsdir. Azərbaycan kəlməsini coğrafi, etnoqrafik və linqvistik bir çərçivədən çıxararaq ona siyasi məna və ruh verən də məhz M.Ə.Rəsulzadədir. Onun ictimai şüurda formalaşdırdığı istiqlal məfkurəsi sayəsində xalqa qurtuluş yolu göstərilmiş və müsəlman Şərqində ilk Cümhuriyyət elan olunmuşdur.
M.Ə.Rəsulzadə irsinin tədqiqi həm Azərbaycan mədəniyyət tarixinin öyrənilməsi, həm də Azərbaycanın bugünkü müstəqilliyinin qorunması baxımından əhəmiyyətlidir. M.Ə.Rəsulzadənin kulturoloji irsi öyrənilmədən Azərbaycan mədəniyyət tarixinin son 150 illik dövrünün obyektiv araşdırılması mümkün deyildir”.