Azərbaycan xalqının hansı dövrdə təşəkkül tapmasından asılı olmayaraq tarix səhnəsinə türk mənşəli bir etnos kimi çıxdığı hamıya məlumdur. Bu isə o deməkdir ki, Azərbaycan xalqının tarixi araşdırılarkən metodoloji xətt kimi türklüyün coğrafi, etnoqrafik, linqvistik, siyasi və s. bölünməsi (diferensiasiyası) prosesi əsas götürülməlidir. Halbuki AMEA-nın nəşr etdiyi “Azərbaycan tarixi”nin birinci cildində müəlliflər “türk” sözünü işlətməkdən qəti şəkildə imtina etmişlər. Sovet dövrünün antitürk “ustanovka”sı ilə yazılsa da, hər halda, müstəqilliyimizin ilk illərində üzərində işlənilmək imkanı olmuş (1998-ci ildə işıq üzü görmüş) bu cildin məsul redaktoru, xalqımızın etnogenezinə aid bütün oçerklərin müəllifi akademik İqrar Əliyev olduğuna görədir ki, sözügedən “ustanovka” nəinki yumşaldılmamış, hətta subyektiv ehtimallarla bir az da sərtləşdirilmişdir.
Əlbəttə, antitürkçülük yalnız pantürkizmə, yaxud aşırı türkçülük xülyalarına deyil, bütöv bir xalqın (və dövlətin) ideologiyası səviyyəsinə yüksəlmiş azərbaycançılığa qarşı dayanır. Çünki türkləşmə və ya türklük bu ideologiyanın üzvi tərkib hissəsidir. Və tarixçi-ideoloqların bir çoxu heç də təsadüfi deyil, bu fikirdədirlər ki, Azərbaycanda müsəlmanlaşma prosesi ilə müqayisədə türklüyün tarixi, eləcə də buna müvafiq olaraq yad təsirlərə müqaviməti elə də böyük deyil.
Keçən əsrin 30-cu illərindən başlayaraq Azərbaycanda həm türklüyə, həm islama, həm də müasirliyə (ümumbəşəriliyə), sözün həqiqi mənasında, müharibə elan olunması təkcə bu günlə məhdudlaşmayıb tarixə də nüfuz etdi. Və əvvəlki məqalələrimizdə göstərdiyimiz kimi, türklüyün və islamın tarixi mövqeləri çox böyük sürətlə, heç bir əsas olmadan süni şəkildə irançılıq elementləri vasitəsilə işğal edildi… 70-ci, xüsusilə 80-ci illərdə ölkədə baş qaldıran milli oyanış itirilmiş mövqeləri geri qaytarmaq üçün hər nə qədər əhəmiyyətli təşəbbüslərlə əlamətdar olsa da, “Azərbaycan tarixi”nin birinci cildi göstərdi və göstərir ki, “tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək” (Heydər Əliyev) uğrunda mücadilə hələ uzun müddət davam edəcəkdir.
Azərbaycan tarixşünaslığında özünə geniş yer tutmuş antitürkçülük, fikrimizcə, beş-on tarixçinin subyektiv maraqlarından (təbii ki, bu da var) daha çox, müəyyən dövrün ideoloji baxışlarından irəli gəlir. Şübhə yoxdur ki, Azərbaycanın Şimalında İqrar Əliyev, Cənubunda isə Əhməd Kəsrəvi “məktəbi”ni həmin baxışlar formalaşdırmışdı. Və əslində, bunlar eyni “məktəb” idi… Cənubla Şimalı üz-üzə, hər ikisini də türklüyə qarşı qoymaqda bir-birindən çox da fərqlənmir, bir-birini təqdir edirdilər. Ola bilsin ki, sovet tarixşünaslığı daha “intellektual” təsiri bağışlayırdı, ancaq İran tarixşünaslığının da özünəməxsus “üstünlükləri” vardı ki, onlardan birincisi siyasi-ideoloji “fitva”lar verməkdə göstərdiyi “məharət” idi.
Akademik İqrar Əliyev iranlı həmkarları barədə yazır: “Qədim Azərbaycan tarixi problemlərinə bu və ya digər dərəcədə toxunmuş nüfuzlu İran tarixçiləri arasında Seyid Əhməd Kəsrəvinin, Həsən Pirniyanın, Məhəmməd Muinin, İbrahim Purdavudun, Cəmaləddin Faqihin, Məhəmmədcavad Məşkurun, Şəfəq Rzazadənin, Rza İnayətullanın və başqalarının adlarını çəkmək olar.
…İran müəlliflərinin əsərlərinin böyük bir hissəsinin ən mühüm nöqsanı onların paniranist xarakter daşımasıdır. Bu əsərlərin müəlliflərindən çoxu üçün “Azərbaycan tarixi” məfhumu yoxdur, bütün müddəalar bir dominant – “İran tarixi” nöqteyi-nəzərindən verilir. Adları çəkilən müəlliflərin çoxu üçün azərbaycanlılar sonradan türk dilinə keçmiş farslardır (məhz farslar)…” İran tarixçilərinin “fitva” pedantizmindən fərqli olaraq sovet tarixçilərinin akademik İqrar Əliyevin təcrübəsində təzahür edən “analitizm”i də, prinsip etibarilə, azərbaycanlıları İran mənşəli hesab edir, ancaq daha “ağıllı” üsullarla.
“Azərbaycan tarixi”nin birinci cildi ən qədim zamanlardan III əsrə qədərki milyon yarım ildən artıq bir dövrü əhatə etməklə, ilk növbədə, arxeoloji araşdırmaların verdiyi son dərəcə zəngin məlumatlarla, həqiqətən, məmnunluq doğurur. Ancaq məsul redaktorun bu obyektiv məlumata sırıdığı etnoloji “şərhlər” ona görə təəssüfedicidir ki, həmin “şərhlər”də ideoloji “nəzarət” açıq-aşkar görünür. “Azərbaycan paleolit dövrü sakininin mənəvi aləmi haqqında” oçerki ilə qədim daş dövründən başlayaraq elə bir ictimai-mənəvi mühit “yaradır” ki, nə yığıcılar, nə maldarlar, nə də əkinçilər arasında türk perspektivi görünmür… “Azərbaycan tarixi”nin birinci cildini sadəcə vərəqləmək və ədəbiyyat siyahısını gözdən keçirmək kifayətdir əmin olasan ki, bu bir iranşünaslıq işidir.
Əlbəttə, müəlliflərin borcu idi ki, Azərbaycan tarixinə son illər geniş vüsət almış “Şumer-türk əlaqələri” kontekstində baxsınlar. Kifayət qədər ciddi araşdırmalarda Ön Asiyadakı türk izləri eramızdan əvvəlki minilliklərə gedib çıxdığı halda “Azərbaycan tarixi” müəlliflərinin buna göz yumması elmilikdən çox-çox uzaq hərəkətdir… Eləcə də e.ə. II minilliyin sonu, I minilliyin əvvəllərindən başlayaraq Şimaldan Azərbaycana axın edən xalqlar arasında müxtəlif adlar daşıyan türkəsilli xalqların da olması barəsində geniş yayılmış fikir bizim müəllifləri maraqlandırmamışdır… İş o yerə çatmışdır ki, eramızın ilk əsrlərindəki hun yürüşləri barədə bəhs etmək də məqbul sayılmamışdır… Və nəticə etibarilə Azərbaycan qədim dövrün sonu, orta əsrlərin əvvəllərinə hər hansı “türk ehtimalından xilas olunmuş” vəziyyətdə təhvil verilir.
Əslində, belə bir “ustanovka” vermək tarixşünaslıqdan elə də böyük enerji tələb etmir. Hər şeydən əvvəl ona görə ki, istənilən xalqın tarixində yazıyaqədərki dövr heç nəyi həll eləmir… Nə daş, nə də tunc dövrünün insanı etnik təyinatı ilə fərqlənmir. Və etnosun tarixi, əslində, ilk dövlət qurumlarının formalaşması ilə bağlı müzakirə mövzusuna çevrilir. “Azərbaycan tarixi” bizə dörd “milli” dövlət təqdim edir: Manna, Midiya, Atropatena və Albaniya. Bu dövlətlərin heç birində türk “gözə dəymir…” Ümumiyyətlə, “Azərbaycan tarixi”nin məntiqinə görə, qədim Azərbaycanda Qafqaz və İran etnoslarından başqa heç bir etnos mövcud olmamışdır… Belə güman oluna bilər ki, akademik İqrar Əliyev Azərbaycanın Şimalını – Albaniyanı Qafqaz etnoslarına güzəştə gedir. Elə deyil. Məqsəd irançılığın hegemoniyasını göstərməkdir. Akademik yaxşı bilir ki, İran-türk (Turan) qarşıdurmasındansa, İran-Qafqaz qarşı qoyulması müqayisə edilməyəcək qədər irançılığın xeyrinədir. Ancaq dilçi, dil tarixçisi olmadığına görə öz sələfləri kimi o da ciddi səhvlərə yol verir. Nəzərə almır ki, əgər Albaniyada qafqazdilli etnos geniş yayılsaydı (və hər hansı Qafqaz dili ədəbi dil səviyyəsinə çatsaydı), onun yazılı abidələri qalardı. Və nə Azərbaycanın şimal rayonlarında, nə də Dağıstanda hər kəndin az qala öz “dili” olmazdı. Dilin (və xalqın) assimilyasiyası barədə İqrar Əliyev elə danışır ki, elə bil bir etnosun başqasına çevrilməsindən asan heç nə yox imiş… İrançılığa gəldikdə isə bu məsələnin üstündə olduqca ardıcıl dayanaraq bizə təlqin (sübut yox, məhz təlqin!) eləməyə cəhd göstərir ki, Azərbaycan xalqı İran xalqlarından biridir, sadəcə, dili türkcədir. Və guya bizim əsl dilimiz olan “azəri dili”nin qalıqları bu günə qədər yaşamaqla türkcənin “işğalçılıq tarixi”ni təsdiq edir. Halbuki bu adda nə bir dil, nə də bir tayfa var… Orta əsrlərdə farscanın (lap olsun ümumi İran dilinin) diferensiasiya təzahürlərinin (dialektlərinin) türk mənşəli Azərbaycan xalqının qədim ədəbi dili kimi təqdimi dil tarixi elminə kəmsavad təcavüzündən başqa bir şey deyil.
Mannada, Midiyada (Madada) İran ünsürünü möhkəmləndirə-möhkəmləndirə gətirdikdən sonra Atropatenada son nöqtəni qoyaraq yazır: “Qeyd etmək lazımdır ki, intensiv surətdə baş vermiş assimilyasiya prosesləri nəticəsində Haxamanişilər hakimiyyətinə qədərki zamanda Manna tayfaları tədricən madalılarla qaynayıb-qarışmağa başlamışdılar. “Manna” xoroniminin və “mannalılar” etnoniminin itməsi Manna əhalisinin etnik simasını itirməsindən xəbər verir…
…Madalıların işğalı Cənubi Azərbaycan torpaqlarının uzun müddət ərzində Mada dövlətinin, sonra isə Mada satraplığının tərkibində olması hələ Haxamanişi hakimiyyətinə qədərki dövrdə burada Mada etnik elementlərinin geniş surətdə məskunlaşması sayəsində bu ərazidə tədricən yeni etnik birliyin əsasları təşəkkül tapmağa başladı. Bu etnik birliyi Mada – Atropatena xalqı adlandırmaq olar”.
Müəllifinin elmi düşüncə məntiqi kimi qrammatikası da qüsurlu olan bu mətn, əslində, “üçməchullu tənliy”i xatırladır: nə Mannanın, nə Madanın (Midiyanın), nə də Atropatenanın etnik tərkibi məlum deyil, müəllif isə bu məchulluğun “varislik” təşkil etməsi, birinin “etnik simasını itirib” o birinə keçməsi qənaətindədir… Həmin “məntiqin, yaxud “Ezop dili”nin arxasında gizlənən “mətləb” isə aşağı-yuxarı ondan ibarətdir ki, mannalılar, midiyalılar və atropatenalılar etnik baxımdan qohum olub, bir-birindən çox da fərqlənməyən İran dialektlərində (farsca deyil!) danışırdılar.
Akademik bir neçə abzaslıq sofistikadan (“fikir oyunu”ndan) sonra açıq yazır ki: “Antik dövrün Mada – Atropatena dilinin yazılı abidələri indiyədək aşkar olunmasa da, biz tam əsasla iddia edə bilərik ki, Atropatenanın orta Mada dili, şübhəsiz, geniş yayılmış, zəngin yazı ənənəsinə malik olmuş İran dillərindən biri idi…” Lakin bu cür açıqlığın ağlabatan olmadığını yaxşı bilən müəllif yenidən dərhal sofistikaya müraciət etməli olur: “Nəinki Azərbaycanın retrospektiv surətdə əsrlərin dərinliyinə yönəldilə biləcək erkən orta əsrlər dövrünün nisbətən yaxşı məlum olan etnik-dil mənzərəsi, habelə bir çox digər məlumatlar da bunu tam müəyyənliklə təsdiq edir”. Və həmin sofistikanı normal düşüncəyə çevirsək (bax: “Azərbaycan tarixi”, ikinci cild, səh. 32-33), belə olacaq ki, “bütün deyilənlər VII əsrə yaxın Azərbaycan əhalisinin tərkibində əvvəllər olduğu kimi türkdilli, irandilli və qafqazdilli komponentlərin olduğunu təsdiq edir; lakin VI yüzilliyin sonlarından başlayaraq bu tərkibdəki türk komponenti bir qədər də üstünləşir, türkdilli əhalinin yayılma arealı daha da genişlənir. Tədricən bu dil bütün azərbaycanlıların ünsiyyət dilinə çevrilir.
“Azərbaycan tarixi”nin birinci cildinə görə, “Azərbaycan” anlayışının özünün, habelə onunla bağlı olan etno-mədəni, ictimai və siyasi səciyyəli hadisələrin və halların başlanğıcı Vətənimizin tarixinin məhz Atropatena dövründə qoyulmuşdur. Qədim Azərbaycan dövlətçiliyinin, qədim Azərbaycan, daha dəqiqi Atropatena – Mada xalqının mənşəyi məhz buradandır” (səh. 269). İkinci cildinə görə isə “çoxsaylı tarixi, eləcə də linqvistik faktlar (V–VII əsrlərə aid yerli Qafqaz mənbələrində türkizmlər, Azərbaycanın türkdilli toponimiyası və s.) sübut edir ki, VII əsrin sonlarında qafqazdilli, irandilli olmalarından asılı olmayaraq bütün azərbaycanlılar arasında funksional birincilik artıq türk dillərinə (daha dəqiq olardı ki, “türkcəyə” deyilsin – N.C.) məxsus idi. Məhz bu dövrdən, mövcud tayfa, eləcə də dialekt və ləhcə fərqləri zəminində ümumxalq Azərbaycan-türk dili formalaşmağa başladı: məhz bu dövrdə az sonra yeni tarixi birliyin – Azərbaycan xalqının təşəkkülünə gətirib çıxaran etnik ictimai-iqtisadi və mədəni dəyişikliklər üçün ilkin şərtlər hazırlandı” (səh 33).
Birinci cilddəki mövqeyin müəllifi yalnız akademik İqrar Əliyev, ikinci cilddəki mövqeyin müəllifləri isə tarixçilərin bir qrupudur ki, onların mülahizələrini akademik Nailə Vəlixanlı ümumiləşdirmişdir.
İndi sual olunur: “Erkən orta əsrlər dövrünün nisbətən yaxşı məlum olan (təkcə İqrar Əliyevə yox, ümumən Azərbaycan tarixşünaslığına!) etnik-dil mənzərəsi”ndən retrospektiv – üzü keçmişə doğru baxış nə göstərir?.. Cavab aydındır: həm Qafqaz, həm İran, həm də türk etnoslarını… Birinci cildin məsul redaktoru öz mövqeyini yeridəndə, görünür, elə güman etmişdi ki, bunun ikinci cildi olmayacaq… Halbuki üzünü keçmişə elə çevirməlisən ki, dönüb gələcəyə üz tutmaq imkanın da olsun…
Görkəmli Azərbaycan ziyalısı, dövlət xadimi və tarix elmləri doktoru Həsən Həsənov “Makedoniyalı İsgəndər və Atropat” (Moskva, 2017; Bakı, 2017) ölkənin Azərbaycan adı altında yüksəlişi haqqında kitabı ilə sübut etdi ki, xalqın, millətin tarixinin strateji məsələləri ilə məşğul olmaq məsuliyyətini öz üzərinə alan şəxslərdə elmi-intellektual səviyyə, metodoloji hazırlıqla yanaşı, milli məsuliyyət də olmalıdır. Çünki heç bir xalqın, millətin öz tarixindən böyük dəyəri yoxdur!.. Və gətirilən faktların, dəlillərin əsaslılığına görə əminliklə demək olar ki, Həsən Həsənovun türk Atropatenası İqrar Əliyevin İran Atropatenasından daha inandırıcı, daha fundamental, daha tarixidir.
İqrar Əliyev antitürk mülahizələrində ya az-çox məlum bir neçə iranpərəstlik faktını dönə-dönə təkrar edir, ya da gümanlar, fərziyyələr, xəyallar qurur. Mərhum akademikin çıxardığı nəticələrin, verdiyi hökmlərin sintaksisi ümumən aşağıdakı kimidir:
“Həmin ərazi (söhbət orta tunc dövrü Şimali Azərbaycandan gedir – N.C.) əhalisinin etnik, dil şəraiti haqqında konkret bir fikir söyləmək çox çətindir. Bu problemə dair müəyyən fərziyyələr yürütmək olar. Bununla belə, bu regionda Şimal-Şərqi Qafqaz dillərinə qədər hər hansı bir başqa dil ünsürlərinin yayılmasını söyləmək üçün əsas yoxdur…” Yaxud: “Güman etmək olar ki, turukkilər və nikimxilər hurri tayfalarından idilər. Mənbədə danışılan dağ tayfalarından olan uruatrilərin də hurrilərlə yaxın olması güman edilir…” Yaxud da: “Əlbəttə, ola bilər ki, irandilli tayfa qrupları Cənubi Rusiya çöllərindən İrana (Azərbaycana da yox, məhz İrana!.. Çünki hansı xalqın tarixini araşdırdığı belə arada yaddan çıxır – N.C.) Kaspi dənizinin həm şərq, həm də qərb sahilləri boyunca, sahilboyu torpaqlarda məskunlaşaraq təxminən eyni zamanda – e.ə. II minilliyin II yarısının hüdudlarında irəliləmişlər… Məhz bu cür kiçik gümanlar axırda belə bir yekə gümana çevrilir ki, Azərbaycan xalqı İran mənşəlidir”.
İqrar Əliyevin irandilli etnosları Xəzərin hər iki tərəfi ilə Şimaldan Cənuba doğru Azərbaycana gətirməsi əməlli-başlı dastandır. Və bu ideya-estetik məharətə hətta “Şahnamə” müəllifi də qibtə edə bilər… Mərhum akademik yazır: “E.ə. II minilliyin lap sonunda, xüsusilə I minilliyin başlanğıcında Araz çayından cənubda olan vilayətlərdə mədəniyyətin yeni elementlərinin meydana gəldiyini arxeoloji dəlillər tamamilə təsdiqləyir.
…Süvariliyin, yeni ideoloji təsəvvürlərin, dəfn adətləri və abidələrinin, heyvanlara sitayişin, incəsənətdə heyvan obrazlarının təsvirlənməsinin və diyarın yerli mədəniyyətlərində kökləri olmayan başqa cəhətlərin yayılması şübhəsiz olaraq yeni məskənə öz məişətini və mədəniyyətini gətirmiş gəlmələrin qarşımızda olduqlarından xəbər verir”.
Sözügedən bu “yeni elementlər” iranlılar qədər turanlılar (türklər) üçün də səciyyəvi ola bilər. Və həmin mövzu iranşünaslıqda olduğu qədər türkologiyada da böyük maraq doğurursa, Azərbaycan tarixçisi nə üçün yalnız iranpərəst mövqe ilə kifayətlənməlidir? Heç olmasa, obyektivlik naminə əks mövqe barədə də məlumat vermək ağıla gəlmirdimi?..
“Azərbaycan tarixi”nin birinci cildində, artıq qeyd etdiyimiz kimi, etnolinqvistik assimilyasiya anlayışı ilə, demək olar ki, spekulyasiya edilir. Hansı dili başqa dillə, hansı xalqı başqa xalqla əvəz etmək gərəkirsə, bu heç bir sübut gətirmədən elan olunur. Məsələn, əminliklə iqrar edilir ki, “e.ə. I minilliyin II rübündə… təşəkkül tapmaqda olan irandilli xalqlar, əsasən, assimilyasiyaya uğramış avtoxron əhalinin nəsillərindən ibarət idi.
…Bizi maraqlandıran bölgənin əhalisinin iranlaşması hələ Mannanın madalılar tərəfindən işğalına qədərki dövrdə başlanmışdı.
Mannanın madalılar tərəfindən işğalından sonra Cənubi Azərbaycanın yerli əhalisinin iranlaşması prosesi kəskin surətdə gücləndi”.
Mannanın etnik tərkibi barədə heç bir əsaslı məlumat yoxdursa, onun iranlılaşması barədə danışmaq zahirən məntiqli görünsə də, daxilən absurddur. Bəlkə, yerli etnos assimilyasiyaya uğramamış, sadəcə gəlmələrin çoxluğu, yaşayış üçün daha əlverişli əraziləri zəbt etməsi nəticəsində yerlilər harayasa (məsələn, dağlara, səhralara…) sıxışdırılmış, yeni vətən tutmağa məcbur olmuşlar? Manna dövlətinin qurucuları kuti, lullubi və hurri tayfaları, xüsusilə onların dilləri haqqında çox az məlumatlar qalmışsa, onların assimilyasiyası prosesini necə təsəvvür edə bilərik? Sadəcə “iranlaşdılar” deməklə məsələ həll edilirmi? Ən əsası isə mənşəyi məlum olmayan bir etnosun nə zamansa iranlılaşmasının Azərbaycan xalqının tarixinə nə dəxli var?..
Əlbəttə, qədim Azərbaycan əraziləri ilə həmhüdud coğrafiyalarda baş vermiş siyasi çəkişmələrə müəyyən yer verilməsi zəruridir, ancaq həmin hadisələrə maraq bir çox hallarda müstəqil mövzuya çevrilir, Azərbaycan tarixi üçün elə bir əhəmiyyət kəsb etmir.
“Azərbaycan tarixi”nin birinci cildində xalqların assimilyasiyası anlayışından olduğu kimi onların miqrasiyası anlayışından da sui-istifadə olunur. Əvvəl belə bir özü-özünü təkzib edən mülahizə söylənir: “Miqrasiyalar ən qədim dövrlərdə də baş verirdi. Lakin miqrasiyaların rolunu və əhəmiyyətini mütləqləşdirmək lazım deyildir. Bununla belə, miqrasiyaların bəşər tarixində çox mühüm rol oynamasını qeyd etməmək olmaz” (səh. 129). Bundan sonra isə deyir: “Qədim dövrlərdə xalqların, hətta qohum xalq qruplarının köçü baş verirdi. Məsələn, e.ə. III – II minilliklərin qovuşuğunda hett tayfaları Kiçik Asiyaya gəlmişdilər. Güman etmək olar ki, təxminən həmin dövrdə ellin tayfalarının Yunanıstan ərazisində yerləşməsi baş vermişdir. Təxminən e.ə. II minilliyin sonu, yaxud I minilliyin başlanğıcında Cənubi Rusiya çöllərindən çıxmış irandilli tayfalar İran yaylası vilayətlərində yerləşməyə başlamışdılar…”
Beləliklə, “Azərbaycan tarixi”ndə İran tayfalarının miqrasiyası elə bir cövlan edir ki, burada türkün at oynatmasına yer qalmır. Skifləri (sakları) də, təbii ki, iranlı sayan müəllif yazır: “Skiflər xüsusən hərbi iş sahəsində Azərbaycanın yerli əhalisinin mədəniyyətinə müəyyən təsir göstərmişdilər. Aborigenlər onlardan at belində ox atmaq taktikasını öyrənirdilər…” Əgər səhv etmirəmsə, at belində döyüşün bu cür texnologiyalarını tarixə məhz türklər təqdim etmiş, min illərlə yaşatmışlar.
Həm “Azərbaycan tarixi”nin birinci cildində, həm də akademikin qələmə aldığı kitab və ya məqalələrdə çox aydın seçilən bir “anket üslubu” var ki, bu, zahirən elmi sistem, məntiqi ardıcıllıq, hətta konsepsiya təsiri bağışlayır. Ancaq məqsədli “ustanovka”nın, mahiyyət etibarilə, saxta təzahüründən başqa bir şey deyil.
İqrar Əliyevin tarixi-ideoloji üslubunda diqqəti çəkən bir spekulyativ məqam da odur ki, tarixini yazdığı (əslində, saxtalaşdırdığı!) xalqa hələ bir minnət də qoyur: “Biz Vətənimizin tarixində müəyyən dövrdə irandilli tayfaların üstün, aparıcı rolu, Cənubi Azərbaycanın bir çox yerli tayfalarının iranlaşması, Atropatena dilinin İran xarakteri (yəni Azərbaycanın ümumən İran kökəni – N.C.) haqqında danışarkən daha erkən zamanlarda Cənubi Azərbaycan zonasında və onunla qonşu olan ərazilərdə yaşamış kuti, lullubi, hurri Manna qruplarını, başqa tayfaları və xalqları (kimləri? – N.C.) Azərbaycan xalqının əcdadları sırasından heç də çıxarmırıq…” Və bu sözlərin gəlişigözəl olub tarixdə (nəticə etibarilə bu gün də!) irançılığa xidmət etdiyini isə müəllif qətiyyən gizlətmir. Və növbəti minnətini Azərbaycan xalqının boynuna qoymağa çalışır: “Biz məhz buna görə tam əsasla Azərbaycan xalqının əcdadları sırasında diyarın yalnız ən qədim sakinlərinin deyil, habelə gəlmə irandilli madalıların adını da çəkirik… Hazırda türk dillərindən birində (nə əcəb “türk” sözü dilə gəldi? – N.C.) danışan azərbaycanlılar madalılar vasitəsilə Hind-İran, daha geniş miqyasda isə Hind-Avropa aləminə bağlanır, iranlılarla, hindlilərlə, germanlarla və başqa xalqlarla qohumluğa yetirlər…”
İnanmırıq ki, “Azərbaycan xalqı”nın, “Azərbaycan tarixi”nin birinci cildindəki tarixi ilə tanış olan şəxs bu sözlərin səmimiyyətinə şübhə etməsin. Və təsadüfi deyil ki, bu boğazdan yuxarı sözlərin arxasınca müəllifin əsl mövqeyi özünü çox gözlətmir: “Azərbaycanlılar məhz madalılar vasitəsilə İran mədəniyyətinin də varislərinə çevrilir, irandilli xalqlarla birgə bu zəngin aləmə, eposa, Avestaya, zərdüştlük təliminə və bir çox digər mədəni-tarixi dəyərlərə sahiblik hüququ qazanırlar”.
Azərbaycan xalqı, eləcə də onun üzvi tərkib hissəsi olduğu Türk dünyası hər cəhətdən fəxr edilə biləcək kifayət qədər zəngin bir mədəniyyətin varisidir… Bu, bir… İkincisi isə, Azərbaycan xalqı dünya mədəniyyətinin hər bir hadisəsinə ümumbəşəri dəyər olaraq hörmətlə, ehtiramla yanaşır… Və belə bir halda akademik İqrar Əliyevin təfsilatı ilə təqdim etdiyimiz “məsləhət”inin mənası, əhəmiyyəti varmı?
“Azərbaycan tarixi”nin birinci cildində türkcənin üzərinə elə bir amansız hücum özünü göstərir ki, müəllif öz fəaliyyət (və səlahiyyət!) dairəsindən kənara çıxaraq nəinki qədim dövrlərdə, heç orta əsrlərdə də onu (türk mənşəli Azərbaycan dilini) Azərbaycan xalqının tarixinə yaxın buraxmaq istəmir… Təsəvvür edək ki, birinci cild kimi ikinci, üçüncü… cildlərin də məsul redaktoru İqrar Əliyev olsaydı, onda Azərbaycan türkcəsinin tarixini ən tezi XIX əsrdən başlamaq məcburiyyətində qalacaqdıq…
Kiməsə belə gələ bilər ki, təxminən iyirmi beş il bundan əvvəl nəşr edilmiş bir kitabın qüsurları barədə bu qədər təfərrüatı ilə bəhs açmaq elə bir əhəmiyyət kəsb etmir, bu gün həyatda olmayan mərhum akademikin mövqeyi ilə razılaşıb-razılaşmamağın da xeyri yoxdur… Ancaq elə deyil… Bugün-sabah işıq üzü görəcək “Azərbaycan tarix”ləri elə yazılmalıdır ki, məhz Azərbaycan xalqının tarixi olsun… Azərbaycançılıq ideologiyasının əsas prinsiplərinə – türkçülük, müsəlmanlıq və müasirliyə cavab verməyən “tarix”, sözsüz ki, Azərbaycan tarixi deyil. Hələ onun “milli dəyər” olması bir yana…
Azərbaycan ziyalısının öz tarixinə laqeyd olduğunu demək, əlbəttə, haqsızlıq olardı. Ancaq neçə on illər xalqın “tərcümeyi-halı”nı saxtalaşdırmaq – şüurlu olaraq türklükdən (və nəticə etibarilə azərbaycançılıqdan) çıxarmaq cəhdləri ayaq tutub yeriyibsə, deməli, milli ictimai şüura, eləcə də akademik inzibatçılığa təsir imkanı lazımi səviyyədə olmayıb… Ona görə də təklif edərdim ki, Azərbaycan tarixinin qədim dövrü, xüsusilə etnogenezlə bağlı məsələlər tarixçilərlə yanaşı, dilçilər, ədəbiyyatşünaslar, sənətşünaslar tərəfindən də geniş müzakirə olunsun, mövcud konsepsiyalar, mülahizələr, gümanlar öz xalqının tarixi ilə maraqlananlara çatdırılsın ki, ən azından akademik “Tarix”lərdə, heç olmasa, etnogenez kimi ciddi məsələlər sonra narazılıq və narahatlıq doğurmasın… Böyük şair Nəriman Həsənzadənin məşhur sözlərini bir daha təkrarlamağa məcbur olmayaq ki:
Tarix bizim olubdur,
Tarix yazan özgələr.
Tarixə düşməyibdir
Bizim tarixi hünər,
Bizim tarixi zəfər…