Xəbərlər

Azərbaycan və Özbəkistan İpək Yolu irsini Avropa ictimaiyyətinə tanıdır

Azərbaycan Turizm Bürosu və Özbəkistanın Milli Təbliğat Mərkəzi birgə İpək Yolu irsinin tanıdılması məqsədilə Avropada silsilə tədbirlərin təşkilinə start verib.

“Füyuzat” AZƏRTACA istinad edərək bildirir ki, təşəbbüsün məqsədi Avropa turizm sektorunda tərəfdaşlarla əlaqələri daha da möhkəmləndirmək, hər iki ölkənin mədəni, tarixi və təbii turizm imkanlarını tanıtmaq və onları dünyanın mühüm səyahət marşrutlarından biri olan İpək Yolu boyunca yerləşən cəlbedici destinasiyalar olaraq təqdim etməkdir.

İlk olaraq Frankfurt və Vyanada başlayan silsilə tədbirlərdə “Azərbaycan Hava Yolları” QSC və Özbəkistan Hava Yolları da daxil olmaqla, ümumilikdə 16 sənaye tərəfdaşı iştirak edib. Silsilə tədbirlər Avropa turizm sektorunda tərəfdaşlarla əlaqələrin daha da möhkəmləndirilməsi üçün nəzərdə tutulub.

Tədbirlərdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, Özbəkistanın Avstriyadakı səfiri Bakhtiyor İbragimov, həmçinin Özbəkistan Turizm Komitəsi və Özbəkistan Milli Təbliğat Mərkəzinin nümayəndələri iştirak ediblər.

Tədbirlərin davamı oktyabrın 16-dan 24-dək Sürix, Budapeşt, Praqa və Barselona olmaqla, 6 əsas Avropa şəhərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Turizm Bürosu və Özbəkistanın Milli Təbliğat Mərkəzi arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən İpək Yolu irsinə həsr olunmuş silsilə tədbirlər təşkil olunur.