Azərbaycan xalqı 28 may 1918-ci ildə öz müstəqilliyini elan edərək uzun illər arzusunda olduğu istiqlal nemətinə qovuşdu. Daha sonra ölkədə ümumtəhsil hərəkatı yeni mərhələyə qədəm qoydu. Çar imperiyasından miras qalmış savadsızlığın ləğvi istiqamətində milli hökumət və parlament tərəfindən mühüm qanun və qərarlar qəbul edildi. Təhsilin hərtərəfli vüsət alması üçün, ilk növbədə, onun xalq kütlələri arasında geniş yayılmasına nail olmaq istiqamətində tədbirlər görülməli idi. Qarşıda duran vəzifələrin həlli istiqamətində Azərbaycan Cümhuriyyəti hökumətinin 27 iyun 1918-ci il tarixli qərarı ilə Azərbaycan dili dövlət dili elan edildi. Bununla yanaşı, hökumət idarələrində müvəqqəti olaraq rus dilinin də istifadəsinə icazə verildi. Həmin il avqustun 28-də aşağı, ali-ibtidai və orta məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul edildi. Bununla da insanlar məktəbdə öz ana dilində təhsil almaq imkanını qazandı. Avqustun 24-də isə hökumətin qərarı ilə xalq məktəblərinin müəllimləri üçün kurslar təsis olundu. Yeni məktəb quruculuğu istiqamətində lazımi tədbirlərin həyata keçirilməsinə başlanıldı.
Təhsilin və məktəblərin milli köklər üzərində qurulmasına böyük ehtiyac duyulurdu. Azərbaycan dilinin təhsil-tədris və təlim-tərbiyə dilinə çevrilməsi, anadilli məktəblər şəbəkəsinin yaradılması, mövcud məktəblərin normal fəaliyyətinin təmini, çoxsaylı pedaqoji kursların və müəllim seminariyalarının açılması və təhsillə bağlı digər məsələlərin həlli Azərbaycan Cümhuriyyəti hökuməti və Xalq Maarif Nazirliyi qarşısında vəzifə olaraq dayanırdı və bunun həlli mürəkkəb tipli problemlərlə də müşayiət edilirdi. Həmin dövrdə Azərbaycanda müxtəlif – “zemski”, “normal”, “proxodski” adlanan aşağı və ali-ibtidai məktəblər fəaliyyət göstərirdi. Bu təhsil ocaqlarının eynitiplilik məsələsi xalq və ali-ibtidai məktəb müfəttişləri və müəllim seminariyaları direktorlarının 1918-ci il dekabrın 13-28-də keçirilmiş ilk qurultayında geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmişdi. Xatırladaq ki, Cümhuriyyət dövründə Bakıda təhsil məsələləri ilə Xalq Maarif Nazirliyi və xalq məktəbləri müfəttişlikləri ilə yanaşı, tanınmış müəllim Əlicabbar Orucəliyevin rəhbərlik etdiyi Bakı şəhər muxtariyyətinin məktəb şöbəsi də məşğul olurdu. Bu şöbəyə kifayət qədər ali-ibtidai məktəblər daxil idi və şəhər idarəsinin böyük xərci məhz həmin məktəblərə sərf edilirdi. Lakin məktəblərin normal fəaliyyətini təmin etmək məqsədilə bir sıra problemlərin həll edilməsi tələb olunurdu. Bunlardan biri muxtariyyətin nəzdindəki məktəb şöbəsinin müdiri Əlicabbar Orucəliyevin iştirakı ilə 1919-cu il fevralın 17-də Bakı şəhər aliibtidai məktəb müfəttişləri və müdirlərinin keçirilmiş müşavirəsində müzakirə edildi. Müşavirədə həmin məktəbdə müəllimlərin hüquqlarının hökumət məktəblərində çalışan müəllimlərin hüququna bərabər tutulması məsələsi müzakirəyə çıxarılmışdı. Bildirilmişdi ki, hökumətin 28 dekabr 1918-ci il tarixli qərarına əsasən, hökumət idarələrində çalışan qulluqçulara birdəfəlik maddi yardım ödənildiyi halda, Bakı şəhər muxtariyyətinin vəsaiti hesabına saxlanılan ali-ibtidai məktəblərin qulluqçularına yardım verilməmişdi. Ali-ibtidai məktəblərin müfəttişləri və müdirləri bu məsələni Xalq Maarif Nazirliyinin qarşısında vaxtında qaldırmasına baxmayaraq, hələlik bu məsələnin çözümünə nail ola bilməmişdilər. Müşavirədə belə bir ehtimal irəli sürüldü ki, çox güman, hökumət tərəfindən Bakı şəhər muxtariyyəti hesabına saxlanılan ali-ibtidai məktəblər özəl məktəb hesab edilir və ona görə də oradakı müəllimlərə birdəfəlik müavinətlərin ödənilməsi üçün kredit ayrılmamışdır. Bununla yanaşı, qeyd olunurdu ki, 1918-ci ilə qədərki müddətdə həmin adıçəkilən məktəblərin müəllimləri digər hökumət məktəblərində çalışan müəllimlərin istifadə etdiyi bütün hüquqlardan yararlana bilirdilər. İstər qadın, istərsə də kişi – bütün ali-ibtidai məktəblər dövlət möhürü ilə təmin edilmişdi. Həmin mülahizələr nəzərə alınaraq müşavirədə qərar verildi ki, Bakı ali-ibtidai məktəbləri dövlət məktəblərinə aid edilməklə dövlət təşkilatlarında çalışan qulluqçuların istifadə etdikləri bütün hüquqlar onlara da şamil olunsun. Onlara da 25 iyun 1912-ci il tarixli qanuna uyğun olaraq 5 illik xidmətə görə əlavələr, həmçinin Azərbaycan hökumətinin 28 dekabr 1918-ci il tarixli qərarına əsasən birdəfəlik müavinətlər verilsin. Əks halda, eynitipli məktəb müəllimlərinin müxtəlif maddi şərtlər daxilində fəaliyyət göstərəcəyi və bununla da ədalətin pozulacağı qeyd edilirdi.
1919-cu il aprelin 23-də Nasvalovun sədrliyi və N.Nussun katibliyi ilə Bakı şəhər ali-ibtidai məktəblərində çalışan müəllimlərin də iclası keçirilmişdi. Müzakirəyə yalnız şəhər ali-ibtidai məktəb müəllimlərinin vəziyyəti haqqında məsələ çıxarılmışdı. İclasda Nasvalovun ali-ibtidai məktəb müfəttişlərinin topladıqları materiallar əsasında hazırlanmış məruzəsi dinlənildi. Məruzə müzakirə olunan məsələni tam əhatə etdiyinə, məruzəyə ən qısa müddətdə baxılması və şəhər ali-ibtidai məktəb müəllimlərinin hüquqlarının hökumət məktəblərindəki müəllimlərin hüquqlarına bərabər tutulması məqsədilə xalq maarif nazirinə təqdim edilməsi qərara alındı. Xalq maarif nazirindən xahiş edilirdi ki, oradakı müəllimlərin hüquq məsələsinə tezliklə baxılsın və həll edilsin. Beləliklə, Bakı şəhəri ali-ibtidai müfəttişlərinin 17 fevral 1919-cu il tarixli müşavirəsinin, həmçinin o məktəblərdə çalışan müəllimlərin fevralın 23-də keçirilmiş ümumi iclasının protokolları baxılmaq üçün yuxarıda qeyd olunan nazirliyə təqdim edildi. Və yalnız bundan sonra sözügedən məsələ ciddi araşdırıldı.
Xalq maarif naziri Nəsib bəy Yusifbəyli müşavirə və ümumi iclasda qaldırılan problemlərin həlli üçün 1919-cu il martın 25-də 3089 №-li məktubla Maliyyə Nazirliyinə müraciət edərək xahiş etmişdi ki, Bakı şəhərinin ali-ibtidai məktəblərində çalışan qulluqçuların maaşlarına 25 iyun 1912-ci il tarixli qanunla beşillik xidmətdən sonra təyin edilmiş əlavələrin, habelə Azərbaycan hökumətinin 28 dekabr 1918-ci il tarixli qərarı ilə müəyyən edilmiş birdəfəlik müavinətlərin ödənilməsindən ötrü Xalq Maarif Nazirliyinin sərəncamına 1918-ci ilin smetasına uyğun olaraq 5844 rubl 73 qəp. kredit ayrılması haqqında təcili sərəncam versin. Məktuba müşavirə və iclasın protokolları, habelə beşillik xidmətdən sonra qanunla nəzərdə tutulmuş əlavələri ala bilməyən Bakı şəhər ali-ibtidai məktəblərində çalışan qulluqçuların siyahısı da əlavə edilmişdir. Bu vəsaitin ayrılması məsələsi xeyli vaxt aparsa da, nəhayət, öz həllini tapır. Muxtariyyət hesabına saxlanan məktəblərin, o cümlədən oradakı müəllim və şagirdlərin maddi vəziyyətinin ağır olduğu bəzi arxiv sənədlərində öz əksini tapmışdır. Məsələn, Bakı və ətraf rayonları üzrə xalq məktəbləri müəllimlərinin həmkarlar ittifaqı sədrinin xalq məktəbləri şagirdlərinin ağır vəziyyəti ilə bağlı nazirliyə göndərdiyi 7 noyabr 1919-cu il tarixli 56 №-li məlumatda qeyd edilirdi: “Ali-ibtidai məktəb şagirdlərinin dəftərə və digər tədris vəsaitlərinə son dərəcə böyük ehtiyacı vardır. Lakin həmin şagirdlərin valideynləri aztəminatlı olduğu üçün vaxtlı-vaxtında öz uşaqlarını lazımi tədris vəsaitləri ilə təmin edə bilmirlər ki, bu da onların təhsil alması işini ləngidir. Bakı şəhəri müəllimlər ittifaqının idarə heyəti xalq məktəb şagirdlərinin ağır vəziyyətini nəzərə alaraq onların ehtiyaclarını ödəməkdən ötrü idarə heyətinə kağız buraxılmasını xahiş edirdi. Xalq məktəbləri müəllimlərinin həmkarlar ittifaqının sədri bildirirdi ki, əgər kağız buraxılarsa, ucuz qiymətə dəftərlərin buraxılması üçün tədbirlər görəcəkdir. İdarə heyəti eyni zamanda nazirliyin təyin etdiyi qiymətlərlə pero və qələmlərin buraxılmasını da xahiş edirdi”. Bakı şəhər muxtariyyətinin maliyyə vəziyyəti böhranlı olduğundan məktəbləri saxlamaq üçün tələb olunan vəsaitin ödənilməsində çətinlik çəkilirdi.
Azərbaycan Cümhuriyyəti Parlamentinin 26 may 1919-cu il tarixli 41-ci iclasında müzakirəyə çıxarılmış məsələlərdən biri də məhz Bakı bələdiyyə idarəsinə beş faizlə 10 milyon rubl borc verilməsi barədə qanun layihəsi olmuşdur. Layihə üzrə məruzəçi Musa bəy Rəfiyev təyin edilmişdi. O bildirirdi ki, Bakı bələdiyyə idarəsinin mədaxili məxaricdən az olduğundan hökumətdən borc istəməyə məcburdur. Öhdəsində olan vəzifələri icra etmək üçün bələdiyyə idarəsinin pulu olmayanda hökumətin borcudur ki, ona kömək göstərsin. Bələdiyyə idarəsi 35 milyon istəyir. Ancaq hökumət və komissiya 35 milyonu artıq bilib 10 milyon verilməsini təklif edir. Parlamentin iclasında maliyyə naziri Əliağa Həsənov qeyd etmişdi: “Mən onu demək istəyirəm ki, şəhər idarəsinin böyük xərci məktəblərdir. Məsrəfin 25 faizdən artığı məktəblərə xərc olunur. Əvvəlki statistikaya görə, Moskvadan sonra Bakı ikinci şəhərdir ki, lazım olandan artıq məktəblər açıb, 10 uşaq üçün bir məktəb saxlayıb və heç kəs bu xərci qaytarmayıb. Əvvəl norma 40-50 şagird idi. Bu axırıncı hadisələrə görə məktəblərdə uşaqların sayı azalıb. Lakin şəhər idarəsi deyir ki, mən bu xərci üzərimə götürəcəyəm, tainki uşaqlar boş qalmasınlar. Bakı şəhəri ilk şəhər idarəsidir ki, bütün məktəblərin xərcini boynuna götürmüşdür. Şəhər məktəblərində oxuyan uşaqların çoxu, bəlkə hamısı, camaatın ən kasıbının və zəhmətkeşlərinin demokratiyasının uşaqlarıdır. Burjua uşaqları orada oxumurlar. Bunu da nəzərə tutmaq gərək ki, şəhər əhalisinin 10 faizi burjuaziya və orta sinif, 90 faizi fəhlə, əmələ və qulluqçudur. Onu yaddan çıxarmamalı və etiraz etməməlidir”.
N.Yusifbəyli şəhərə pul ayrılmalı olduğunu və qanun layihəsinin təsdiq ediləcəyinə ümid etdiyini bildirdi. Müzakirələr bitdikdən sonra məruzəçi M.Rəfiyev yekun çıxışında qanun layihəsinin qəbulunu təklif etdikdən sonra layihə səsə qoyularaq qəbul olunur.
Azərbaycan Demokratik Respublikası hökumətinin 25 yanvar 1920-ci il tarixli iclasında ali-ibtidai məktəblərin saxlanılması üçün Bakı şəhər muxtariyyətinə 4 708 306 rubl 50 qəp. maliyyə yardımının ayrılması haqqında xalq maarif nazirinin məruzəsi dinlənildikdən sonra qərara alınır ki, Xalq Maarif Nazirliyinin şəxsi heyətinin saxlanması üzrə 1919-cu ilin smetasında nəzərdə tutulmuş kreditin qalığından ali-ibtidai məktəblərin 1918-ci ilin üç ay yarımı, həmin il sentyabrın 15-dən dekabrın 31-dək, eləcə də 1919-cu ildə saxlanmasına görə Bakı şəhər muxtariyyətinə dörd milyon yeddi yüz səkkiz min üç yüz altı rubl əlli qəpik (4 708 306 rubl 50 qəp.) vəsait ayırmasına Xalq Maarif Nazirliyinə icazə verilsin. Hökumətin iclasında qəbul edilmiş bu qərar olduqca əhəmiyyətli idi. Həmin qərarla hökumət adıçəkilən məktəblərin maliyyə problemlərinin həll edilməsinə və bununla da ölkədəki təhsil işinin inkişafına kömək etmiş oldu.
Qeyd edək ki, artıq 1919-cu ilin əvvəllərində Cümhuriyyətimizin hüdudlarında 23 hökumət tədris ocağı, o cümlədən 6 kişi və 4 qadın gimnaziyası, 5 real məktəb, 3 müəllim seminariyası, 3 Müqəddəs Nina qadın məktəbi, Politexnik və Ticarət məktəbləri fəaliyyət göstərirdi. Müəllim seminariyaları istisna olmaqla bütün orta məktəblərdə 1919–1920 tədris ilində 9611 şagird oxuyurdu ki, bunun da 3115-i müsəlman, 6496-sı isə qeyri-müsəlman idi.
Tarixi mənbələr, o cümlədən arxiv materialları təsdiq edir ki, Azərbaycanın təhsil tarixi olduqca zəngindir. Hazırkı dövrdə müstəqil dövlət quruculuğu şəraitində Azərbaycan Cümhuriyyətinin təhsil siyasətinin tarixi mənbələr əsasında dərindən tədqiq edilərək öyrənilməsi, ondan lazımi nəticələr çıxarılması olduqca əhəmiyyətli və aktualdır.
Rafiq Səfərov
Milli Arxiv İdarəsinin baş məsləhətçisi