Yay aylarında insanların ən çox ehtiyacı olan şeylərdən biri də istirahətdir. Qış aylarının gərgin iş qrafiki, tədris ilinin yorğunluğu istilərin düşməsi ilə insanları daha da gərgin psixoloji və fiziki sınaqla üz-üzə qoyur. Ona görə də müəyyən bir müddət üçün işdən və digər fəaliyyətlərdən uzaqlaşaraq bütün yorğunluğu çıxarmaq, istirahət etmək zərurətə çevrilir.

Bəs istirahət edən zamanı nələrə diqqət etməliyik?
“Füyuzat” mövzu ilə bağlı sosioloq, fəlsəfə üzrə fəlsəfə doktoru Ağasəlim Həsənovdan müsahibə alıb.
Həmin müsahibəni təqdim edirik:
– İstirahət bir lüksdür yoxsa hər bir insanın təməl ehtiyacıdır?
– İlk olaraq qeyd edim ki, istrahət və istirahət mədəniyyəti vacib mövzu olmaqla yanaşı, həm də araşdırılması zəruri olan aktual məsələlərdən biridir.
İstirahət mədəniyyəti, əslində, ümumi mədəniyyətin bir istiqamətidir. Necə ki cəmiyyətin digər sahələrinə aid biz mədəniyyət anlayışını işlədə bilirik – məsələn, siyasi mədəniyyət, ekoloji mədəniyyət və s. – eyni zamanda biz sosioloji aspektdə “istirahət mədəniyyəti” anlayışını da qəbul edirik. Hesab edirik ki, bu mövzu cəmiyyət həyatında olduqca aktuallıq kəsb edir. Ən azından müşahidələr göstərir ki, istirahət mədəniyyəti toplumsal səviyyədə hələ tam aydın şəkildə anlaşılan bir anlayış deyildir.
Əslində, ilk sualınız çox fundamental bir məsələni gündəmə gətirir. İctimai səviyyədə bu məsələyə fərqli yanaşmalar mövcuddur. Çünki hər bir fərd istirahət anlayışını öz şəxsi idrakına əsasən dəyərləndirir. Başqa sözlə, insanlar üçün “istirahət” dedikdə nələrə önəm verilir? Bu zaman hansı fəaliyyətlər əsas götürülür, harada, necə asudə vaxt keçirmək daha effektiv sayılır? – bütün bunlar insandan-insana dəyişə bilər.
Bu, əlbəttə ki, geniş sosioloji araşdırma tələb edən bir mövzudur. Amma sizin sualınıza ümumiləşdirilmiş formada belə cavab vermək olar ki, istirahət ilk növbədə insanın fiziki və psixoloji sağlamlığının qorunması üçün əsas ehtiyacdır. Yəni bu, lüks anlayışından əvvəl insan sağlamlığının həm fiziki və həm də psixoloji rifahının təmin olunması üçün mühim bir həyati təlabatdır. Xüsusilə müasir dünyada iş həyatının səbəb olduğu yorğunluq istirahəti həyat elementinə çevirmiş olur. Bu səbəbdən istirahətin bir lüks olaraq dəyərləndirilməsi doğru deyil. Əgər istirahət yalnız maddi imakanlara bağlı şəkildə təqdim olunarsa, bu zaman cəmiyyətdəki müəyyən sosial qruplar bu hüquqdan məhrum ola bilər. Həmçinin nəzərə almaq lazımdır ki, istər BMT, istərsə də Ümumdünya Səhiyyə Təşkilatı kimi beynəlxalq təşkilatlar istirahəti insan hüququ kimi tanıyır. Hər bir ölkənin qanunvericiliyində də iş saatları və istirahət günləri ilə bağlı hüquqi baza mövcuddur. O cümlədən, Azərbaycan Respublikasında da bu sahə qanunla tənzimlənir.
– İstirahət mərkəzlərinə getmədən, keyfiyyətli istirahət etmək mümkündürmü?
– Bəli, bu da mümkündür. Yəni istirahət etmək mütləq şəkildə istirahət mərkəzlərinə getməkdən ibarət deyildir. İnsan yaşadığı yerə yaxın ərazilərdə, öz imkanları daxilində keyfiyyətli bir istirahət təşkil edə bilər.
Əlbəttə, burada maddi imkanın da rolu var. Amma düşünürəm ki, keyfiyyətli istirahət anlayışı ümumiyyətlə fərdlərə görə dəyişən bir anlayışdır. Məsələn, təbiətlə ünsiyyət qurmaq, ailəylə vaxt keçirmək, yaradıcı fəaliyyətlər kimi yollarla insan öz istirahətini mənalı və faydalı şəkildə keçirə bilər.
Tutaq ki, Azərbaycanın hansısa bölgəsində yerləşən istirahət mərkəzində istirahət etmək müəyyən fərdlər üçün maddi baxımdan əlçatan olmaya bilər. Sadəcə Xəzərin sahilinə çıxaraq sevdikləri ilə birlikdə səmərəli asudə vaxt keçirmək, birgə əyləncəli fəaaliyyətlər təşkil etmək də yaxşı bir istirahət nümunəsidir.
Eləcə də, biz qəbul etməliyik ki, cəmiyyət gəlir baxımından sosial fərqliliyi ilə xarakterizə olunan sosial sistemdir. Sosial bərabərsizlik səbəbindən hər kəs istirahət mərkəzlərinə gedə bilmir. Bu baxımdan alternativ və əlçatan istirahət imkanlarının düşünülməsi və təşkili çox vacibdir. Bu, həm fərdi təşəbbüslərlə mümkündür, həm də gələcəkdə dövlət siyasəti səviyyəsində dəstəklənərsə, müsbət nəticələr verə bilər. Belə tənzimləmələr yeni bir istirahət mədəniyyətinin fərqli məkanlarda daha səmərəli təşkil edilməsinə öz töhvəsini vermiş olar.
– İstirahət mədəniyyətini inkişaf etdirmək üçün cəmiyyətdə hansı dəyişikliklər olmalıdır?
– Maraqlı sualdır. İş və istirahət balansının təmin olunması, ilk növbədə, ayrı-ayrı ölkələrin qanunvericiliyi ilə tənzimlənən məsələdir. Nümunə olaraq, bəzi ölkələrdə insanlar gündə 8 saat çalışırsa, digərlərində bu göstərici 6 saatdır. Hətta gələcəkdə iş saatlarının daha da azaldılması ilə bağlı təşəbbüslərlə çıxış edən dövlətlər də mövcuddur. Düşünürəm ki, reallıq nəzərə alınmaqla gələcəkdə istirahət imkanlarının genişləndirilməsi istiqamətində yeni qanunvericilik tənzimləmələri mümkündür.
Lakin, bu məsələdə yalnız hüquqi mexanizmlərlə kifayətlənmək olmaz. Mənim fikrimcə, ən effektiv vasitələrdən biri maarifləndirmədir. Cəmiyyətdə istirahətin sadəcə “tənbəllik” və ya “əmək fəaliyyətindən kənarda qalmaq” kimi qəbul edilməsinə qarşı davamlı təbliğat işləri aparılmalıdır. Azərbaycanda bu sahədə maarifləndirməyə böyük ehtiyac var. Çünki insanlar istirahəti çox zaman yalnız yemək-içmək, müxtəlif mətbəx nümunələrini dadmaq və əylənmək kimi anlayır. Təəssüf ki, istirahət məkanlarında bəzən təbiətin çirkləndirilməsi hallarına da rast gəlinir.
İstirahət mədəniyyətinin inkişafı üçün həm paytaxtda, həm də bölgələrdə parkların, ictimai istirahət zonalarının, xüsusən də dənizkənarı ərazilərdə pulsuz və əlçatan məkanların yaradılması vacibdir. Bu, insanlara daha sərbəst seçim imkanı verər və istirahəti yalnız maddi imkanlarla ölçməməyə kömək edər. Əsas məsələ odur ki, vətəndaşlarımız istirahəti sağlamlıq, ekoloji mədəniyyət və mənəvi dəyərlərlə bağlı kompleks bir anlayış kimi qəbul etsinlər.
Sosioloji aspektdən yanaşdıqda, istirahət mədəniyyətinin formalaşmasında cəmiyyətin əsas sosial institutları – ailə və təhsil mühüm rol oynayır. İlk növbədə, övladlar ailədə gördükləri nümunə ilə istirahət vərdişlərini formalaşdırırlar. Daha sonra məktəb dövründə təhsil sosial institutu bu prosesi davam etdirir. Məktəb təkcə ümumi təhsil funksiyası daşımır, həm də istirahət mədəniyyəti, ekoloji mədəniyyət və milli-mənəvi dəyərlərin şagirdlərə aşılanmasında mühüm rol oynayır.
Nəticə etibari ilə, istirahət mədəniyyəti yalnız şəxsi seçim və ya fərdi maraq məsələsi deyil, həm qanunvericiliyin, həm maarifləndirmənin, həm də ailə və təhsil institutlarının birgə fəaliyyətinin nəticəsində formalaşan sosial prosesdir.
Məryəm Hacıyeva



