Azərbaycanlı tədqiqatçı Zaur Bayramov və fransalı həmkarları Renier Viltres, Cecile Doubre, Alessia Maggi, Romain Jolivet, Luis Riveranın araşdırması dünyanın nüfuzlu “Science” jurnalında dərc olunub.
“Füyuzat”ın məlumatına görə, onlar 2023-cü ilin fevralında Türkiyədəki dağıdıcı zəlzələnin təsirlərini öyrənərək qeyri-adi nəticə açıqlayıblar.
Məlum olub ki, həmin zəlzələnin seysmik dalğaları Azərbaycanda 1000 km uzaqlıqda indiyədək görünməmiş “səssiz” zəlzələni hərəkətə gətirib. Bu proses zamanı 170 km-lik Qərbi Xəzər qırılması və Bakı ətrafındakı altı böyük fay xətti bütövlükdə sürüşüb, eyni zamanda 50-dən çox palçıq vulkanı püskürüb. Hadisə insanlar tərəfindən hiss edilməsə də, enerjisi 6 maqnitudalı zəlzələyə bərabər olub.
Alimlər böyük zəlzələlərin təsirinin qitə miqyasında yenidən dəyərləndirilməsini təklif ediblər.





