Xəbərlər

Baba Vəziroğlu: Dilin saflığı ailədən başlayır

Azərbaycan dilinin saflığının qorunması, ilk növbədə, ailədən başlayır. Daha sonra isə uşaq bağçası, məktəb, insanın sosial çevrəsi və sosial şəbəkələr bu formalaşmanın mühüm tərkib hissəsinə çevrilir. İnsan şəxsiyyətinin formalaşması bir neçə ilin işi deyil; onun hansı dil mühitində, hansı mənəvi dəyərlər zəminində yetişməsi son dərəcə əhəmiyyətlidir.

“Füyuzat“ın AZƏRTAC-a istinadən məlumatına görə, bunu tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu açıqlamasında qeyd edib.

“Hazırkı şəraitdə Azərbaycan dilinin saflığını qorumaq üçün hər kəs ilk növbədə öz işinə vicdanla yanaşmalıdır. İnsan əvvəlcə “Vətənə necə xidmət edə bilərəm?” sualını özünə verməlidir. Dilimizə sevgi və ehtiram göstərməliyik. Hər şey şüarla, səslənən sözlə ölçülməməlidir. Anadolu türklərinin məşhur bir sözü var: “Kimisi vətən üçün şeir yazar, kimisi vətən üçün canını fəda edər”. Biz də heç olmasa o ruhda yaşamalıyıq”, – deyə Baba Vəziroğlu vurğulayıb.

Şair əlavə edib ki, dilin saflığının qorunmasında uşaq ədəbiyyatının da rolu əvəzolunmazdır. O vurğulayıb ki, uşaqlar və gənclər üçün yazılan əsərlər təkcə estetik zövqü formalaşdırmır, həm də onların dil duyumunu, söz ehtiyatını, düşüncə tərzini zənginləşdirir: “Uşaq ədəbiyyatı sağlam cəmiyyətin təməlidir. Uşaqlar təmiz, səlis və obrazlı dildə yazılmış hekayə və nəşrlərlə böyüməlidir. Çünki onlar oxuduqları əsərlərin dili ilə danışmağa başlayırlar. Əgər biz sabah yaxşı danışan, düşünən və yaradıcı gənclər görmək istəyiriksə, onda uşaq və gəncləri üçün yazılan əsərlərə, bu ədəbiyyata xüsusi diqqət ayırmalıyıq”.