Xəbərlər

Bakı Beynəlxalq Kitab Sərgisi başa çatır

Bu gün, 7 oktyabr tarixində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi öz qapılarını son dəfə ziyarətçilərin üzünə açıq elan edir.

“Füyuzat”ın məlumatına görə, Bakı Ekspo Mərkəzində təşkil olunan tədbir 1–7 oktyabr tarixlərini əhatə edib və bir həftə ərzində yerli və xarici nəşriyyatlar, yazarlar və minlərlə kitabsevəri bir araya gətirib.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgi bu il “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunub. Tədbirdə 123 yerli və 68 xarici nəşriyyat iştirak edib, ümumilikdə 220-dən çox təqdimat, panel, seminar və imza günü keçirilib.

Qeyd edək ki, fəxri qonaq ölkə qismində Qətər dövləti təmsil olunub. Qətərin stendində ölkənin nəşriyyat məhsulları, müasir ədəbiyyatı və mədəniyyət nümunələri ziyarətçilərə təqdim olunub.

Nəzərinizə çatdıraq ki, “MİMTA Yayımları” da sərgiyə öz stendi ilə qatılıb.

Sərginin son günündə ziyarətçilər nəşriyyatların təqdim etdiyi endirim kampaniyalarından yararlana, müəlliflərlə görüşə və imza günlərində iştirak edə bilərlər.

Bakı Beynəlxalq Kitab Sərgisi bir daha sübut etdi ki, oxumaq təkcə fərdi zövq deyil, həm də ictimai və mədəni dəyərdir. Kitablarla dolu bu yeddi gün, hər yaşda insan üçün yeni dünyaların qapısını açdı.