Xəbərlər

Bakı–Sumqayıt–Bakı yoluna alternativ “Yeni yol” layihəsi təklif edilib

Mövcud Bakı–Sumqayıt–Bakı yoluna alternativ layihə hazırlanıb. Layihənin məqsədi şəhər yollarında tıxac məsələsinin həllinə dəstək verməkdir. Bakının üç tərəfi təpəlik ərazi, bir tərəfi isə dənizdir. Paytaxtın təpəlik reylef ərazidə yerləşməsi şəhərin giriş-çıxış yollarının yaradılmasına maneə törətməkdədir. Bakının iki cənub, bir şimal girişi var. Digər ərazidən isə giriş yoxdur. Şəhərin giriş-çıxışının məhdudluğu problemlər yaradır. Şəhər nəqliyyatına qoyulan investisiyaya baxmayaraq, reylef öz sözünü deyir.

Layihə üç mərhələli olaraq Bakı şəhəri Binəqdi və Abşeron rayonlarının ərazisini əhatə edir. Birinci mərhələ Binəqədi rayonu 9-cu mikrorayon ərazisində tikinti aparılacaq tunel və ya dolayı yol çəkilişidir. Bu proses Abşeron rayonunun Masazır və Saray qəsəbələrini, həmçinin Binəqədi rayonunun Biləcəri və Binəqədi qəsəbələrini əhatə edəcəkdir.

İkinci mərhələ küçələrin genişləndirilməsi – ərazi üzrə yaşayış və qeyri-yaşayış evlərinin satın alınması və plana düşəcək yaşayış və ya qeyri-yaşayış sahələrinin təyin edilməsi və sökülməsidir.

Üçüncü mərhələ yol ilə kəsişəcək yol və qovşaqların tikilməsi, eləcə də təyinidir. Yolun böyük hissəsi Binəqədi rayonunun Biləcəri qəsəbəsi və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisinə düşür.

Yolun ilkin mərhələdə 2 gediş, 2 gəliş olmaqla 4 zolaqlı olması nəzərdə tutulur. Torpaq yatağının eni 16 metr olaraq hesablanıb. Gələcək perespektivdə yolu 8 zolağa genişləndirmək mümkün ola bilər.

Layihənin bu əraziləri əhatə edəcəyi planlaşdırılır:

● Bakı–Sumqayıt şəhəri istiqamətində 4-cü mikrorayon dairəsi, 9-cu və 6-cı mikrorayon ərazisi, Zərifa Əliyeva adına Göz Klinikasının yaxınlığı, Mircəlal küçəsi, Cavadxan küçəsi, Heydər məscidinin yaxınlığı, Həmzə Babaşov küçəsi və Rezervuar küçəsi təklif edilən küçələrdir.

● Biləcəri məscidinin yanı, Məmiş Abbasov küçəsi, Nəsimi küçəsi, Yəhya Hüseynov küçəsi, Əhməd Qasımov küçəsinin kəsişməsi, Əhməd Qasımov küçəsi ilə Baksolyolu küçəsinin kəsişməsi, Məlik Abbasov küçəsi, 1-ci mədən küçəsi və Binəqədi qəsəbəsi, neftlə çirklənmiş ərazilər, Əliağa Şıxlınıski küçəsi (Duz zavodunun yanı) ilə Mübariz İbrahimov küçəsinin kəsişməsi, Saray–Novxanı yolu, Heydər Əliyev küçəsi, General Məhəmməd Əsədov küçəsi, son məntəqə Sumqayıt şəhəri Daş tikinti bazarının yanı. Beləcə, 30 irili-xırdalı küçə kəsişəcək.

Layihənin smeta xərcləri iki hissəyə ayrılır:

  1. Torpaq sahələrinin satınalınması;
  2. Yol yatağının salınmasına və çəkilməsinə ayrılan xərclər.

Layihənin icra müddəti 3 il planlaşdırılıb.

Yeni yol çəkilərsə, ərazidə yașayan əhaliyə hansı üstünlüklər verə bilər?

● Ərazidə, xüsusən Biləcəri, Binəqədi, Novxanı, Masazır ərazisində mənzil qiymətləri dəyişəcəkdir;
● Ərazidə məşğulluğun, yeni iş yerlərinin açılması baş verəcəkdir. Yerli ərazi mərkəzi tipik ərazi sisteminə daxil olacaqdır;
● Kanalizasiya, içməli su, internet kimi sosial layihələrin tipik həllərində sıçrayış olacaqdır;
● Torpaq və yaşayış sahələrinin qiymətlərinin artması, Biləcəri, Masazır, Saray, Novxanı qəsəbələrinin Nəsimi metrosuna əlçatanlığını asanlaşdıracaq;
● Kanat, funklyor inşaası ilə ərazidə şəhər turizminin inkişafı, turizmin digər elementlərini bariz göstərəcəkdir;
● Yeni marşurut xətlərinin çəkilməsi və ərazidə sərnişin daşımanın rahatlılığını təmin edəcəkdir;
● Ərazidə yerləşən Biləcəri dəmiryol stansiyasının əhəmiyyəti artacaqdır;
● Digər şəhər və rayonlara gediş-gəliş asanlaşacaqdır.

Layihəni hazırlayıb və təklif etdi:
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov