Xəbərlər

Bakıda təhsil sərgisi keçiriləcək

5-6 oktyabr tarixlərində Bakıda Türkiyənin məşhur “Akare International Education Fairs” şirkəti tərəfindən 50–dən artıq xarici ali təhsil müəssisəsinin iştirakı ilə təhsil sərgisi keçiriləcək.

“Füyuzat”ın məlumatına görə, sərgidə İngiltərə, İsveç, Şimali Kipr, İtaliya, Yunanıstan, ABŞ, Türkiyə və bir sıra başqa ölkələrin universitetləri və xaricdə təhsil şirkətləri iştirak edəcəklər.

Ümumilikdə, sərgidə 10 ölkənin ali təhsil ocağı təmsil olunacaq.

Qeyd edək ki, sərgidə tələbə və valideynlərə dövlət və özəl universitetlərdə yüksək keyfiyyətli təhsil imkanı, MBA proqramları, sertifikatlaşdırılmış ingilis dili proqramları, eləcə də pulsuz ali təhsil imkanları haqda ətraflı məlumatlar veriləcək.

Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitet və dil məktəblərində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər, üstünlüklər və s. məsələlərlə bağlı sualları cavablandıracaqlar.

Bundan əlavə, sərgi çərçivəsində bir sıra seminarların keçirilməsi də nəzərdə tutulub.

Sərgi 5-6 oktyabr tarixlərində saat 13:00 -18:00 arası Hilton hoteldə baş tutacaq.

Sərgidə diplomatik korpusun nümayəndələri və dövlət rəsmilərinin iştirak edəcəyi gözlənilir.

Sərgiyə giriş ödənişsizdir.