Lüdviq Van Bethoven musiqi tarixində iz qoymuş alman bəstəkarı və pianoçusudur. O, 1770-ci il dekabrın 16-da Almaniyanın Bonn şəhərində dünyaya gözlərini açıb. Bethoven Qərbi Avropa musiqi ənənəsinin ən böyük bəstəkarlarından biri kimi, demək olar ki, bütün dünyada tanınır. Onun yaradıcılığı klassik dövrü çiçəkləndirməklə yanaşı, musiqidə romantik dövrün də başlamasına səbəb olub.
Bethoven çox çətin bir həyat tərzi keçirib. Ailəsinin maddi çətinlikləri və atasının avtoritar münasibəti gənc Bethovenin həyatına böyük təsir göstərsə də, musiqiyə olan təbii istedadı onu gənc yaşlarında musiqi aləminə çəkib. Bonnda tanınmış musiqi müəllimi Kristian Nife Bethovenin istedadını kəşf edir və ona musiqi dərsi verməyə başlayır. Bu proses Bethovenin musiqi ilə əlaqəsini gücləndirir və gənc bəstəkar tezliklə Vyanaya köçərək və yaradıcılığında yeni səhifə açır.
Vyanada dövrünün musiqi dahiləri ilə tanış olan Bethoven onların yaradıcılığından təsirlənir. Lakin Bethoven üçün çox böyük bir fəlakət baş verir…
Təxminən 1796-ci ildən etibarən Bethoven eşitmə qabiliyyətini yavaş-yavaş itirməyə başlayır. Qulaqlarındakı kəskin cingilti səsləri ona musiqi səslərini ayırd etməkdə maneçilik törətməyə başlayır. O, tədricən insanlarla ünsiyyətdən də yayınmağa başlayır. Bir müddət Vyananı tərk edib Heylingestad adlı şəhərcikdə yaşayır və burada eyniadlı əsərini – “Heylingestad vəsiyyəti”ni yazır. O, tezliklə bütün çətinliklərə baxmayaraq, sənəti üçün yaşamağa qərar verir.
Bethoven eşitmə qabiliyyətini itirməsinə baxmayaraq, emosional və yenilikçi əsərlər yazaraq klassik musiqinin sərhədlərini aşmağı bacardı. Mübarizələrlə dolu bu həyat Bethoveni musiqi tarixində təkcə dahi deyil, həm də insanın daxili gücünün nələrə qadir olduğunu dərk etməyə vadar etdi. Düzdür, eşitmə qabilliyəti onun istedadına heç cür təsir edə bilmədi, lakin əsas gəlir mənbəyi olan konsertlərinin təşkili artıq hədsiz dərəcədə mürəkkəbləşdi.
Bethovenin sənət həyatı klassik musiqinin təkamülündə təməl daşı səciyyəsini təmsil edir. Gənc yaşlarında Bonndan Vyanaya köçdükdən sonra elə həmin dövrdə musiqinin ənənəvi sərhədlərini aşmağa başladı. Bethoven klassik dövrün qaydalarını qəbul etdi, lakin özünəməxsus və emosional yanaşmasını da təqdim edərək musiqisi üçün yeni bir yol seçdi. Bəstələrində emosiya və dramlara üstünlük verməklə dinləyiciləri dərin bir daxili səyahətə çıxardı və əsərlərini təkcə səslənən melodiyalar kimi deyil, həm də insan ruhuna təsir edən ifadə vasitəsi kimi gördü.
Bethovenin sənət həyatının ən diqqət çəkən xüsusiyyətlərindən biri onun öz musiqisini “ruhun dili” kimi təsvir etməsi idi. Bu anlayış onun əsərlərinə özünəməxsus dərinlik və məna qatırdı. Eyni zamanda, onun musiqisinə təkcə estetik təcrübə kimi deyil, həm də insan duyğularını və düşüncələrini ifadə etmək vasitəsi kimi baxması Bethoveni klassik musiqi ənənəsini aşan bir şəxsiyyətə çevirdi.
Bethoven 26 mart 1827-ci ildə 56 yaşında Vyanada vəfat etdi. Lakin onun ölümü onun musiqi və ideyalarının yaşadığı bir dövrün başlanğıcı oldu.
Bethovenin ən mühüm əsərləri:
1. Bethovenin ən məşhur əsərlərindən biri olan “9-cu Simfoniya” onun musiqisində inqilabi ruhu əks etdirir. Əsər dörd hissədən ibarətdir və xüsusən də sonuncu hissədəki “Sevinc qəzəbi” bölməsi insan birliyini, qardaşlığını və azadlığını tərənnüm edən güclü mesaj daşıyır. Bu simfoniya Bethovenin dühasını və musiqinin universal dilini ən təsirli şəkildə ifadə edir.
2. “Ay işığında sonata” da Bethovenin ən məşhur piano əsərlərindən biridir. Əsər romantik dövrün təsirini daşımaqla yanaşı, həm də bəstəkarın emosional dərinliyini, həzinliyini əks etdirir. Adını əsərin həzin və təsirli melodiyasından alan bu sonata klassik musiqinin ölməz əsərlərindən sayılır.
3. Məşhur bəstəkarın “5-ci Simfoniyası” qısa və yaddaqalan taleyin çağırışı mövzusu ilə tanınır. Bu simfoniya bəstəkarın dövrünün musiqisini kökündən dəyişdirən struktur və ifadə azadlığı təklif edir. Bethovenin “5-ci Simfoniyası” musiqinin gücünü və ifadə azadlığının əhəmiyyətini vurğulayan şah əsərdir.
4. “Appassionata” Bethovenin fortepiano repertuarındakı təsirli əsərlərdən biridir. Dərin emosional ifadələr, sürətli keçidlər və texniki ustalıq bu sonatanı digərlərindən fərqləndirən xüsusiyyətlərdir. Appassionatada bəstəkar emosional intensivliyi və dramatik ifadəni ustalıqla birləşdirərək unudulmaz fortepiano əsəri yaradıb.
Bethoven Festivalı – Bethovenin musiqisini qeyd etmək, onun irsini qorumaq və dünyanın hər yerindən sənətsevərləri bir araya gətirmək üçün təşkil edilən beynəlxalq tədbirlər silsiləsidir. Bu festivallar adətən dekabrın 16-sı, bəstəkarın doğum günü həftəsində keçirilir və bir neçə həftə davam edən zəngin proqramı ehtiva edir. Festivalın əsas məqsədi Bethovenin müxtəlif dövrlərini, üslublarını və əsərlərini əhatə edən geniş repertuarı təqdim etməklə sənətsevərlərə dərin musiqi təcrübəsi təqdim etməkdir.
Bethoven haqqında az məlum olan faktlar
1. Məşhur sənətçi gününün çox hissəsini kofe içməklə keçirirdi;
2. O, tez-tez gecələr işləyir, saatlarla bəstələri haqqında düşünür və qeydlərindən təkrar-təkrar istifadə edirdi. Bu gərgin iş intizamı onun əsərlərinin dərinliyində və mürəkkəbliyində aydın görünür;
3. Bethovenin yemək vərdişləri olduqca nizamsız idi. O, tez-tez yeməksiz günlər keçirir, yalnız qəhvə içir və nizamsız saatlarda yemək yeyirdi.
Ləman Vahid



