Bu gün Bakı Biznes Universitetində Beynəlxalq Ana Dili Günü ilə bağlı kitab sərgisinin açılış mərasimi olub.
“Füyuzat”ın məlumatına görə, mərasimdə rəsmi şəxslər, naşirlər, ictimaiyyət nümayəndələri və oxucular iştirak edib.
Sərgi XAN nəşriyyatı, MİMTA Yayımları, “Füyuzat” və “Çapar” jurnallarının birgə təşkilatçılığı ilə keçirilir.

Açılış mərasimində çıxış edən Bakı Biznes Universitetinin (BBU) rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov gələn qonaqları salamlayıb, tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib. O, Azərbaycan dilinin inkişafından, həmçinin bir dil üçün ən yüksək dəyər olan onun dövlət dili statusu qazanmasının önəmindən danışıb, kitabların dilin inkişafındakı roluna toxunub.

Daha sonra çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin eksperti Əkbər Qoşalı ana dilinin qorunmasının vacibliyindən, bu dildə yazıb yaratmaq vərdişlərinin artmasında kitabların rolundan danışıb. Belə tədbirlərin əhəmiyyətini vurğulayaraq sayının artmasının vacibliyindən danışıb.

Daha sonra çıxış edən filologiya üzrə fəlsəfə doktoru, BBU-nun müəllimi Reyhan Dadaşova sərginin ərsəyə gəlmə prosesindən, həmçinin Azərbaycan dilinin əhəmiyyətindən və kitabların insanın özünü yetişdirməsində, dünyagörüşünün artmasındakı rolundan danışaraq gələn qonaqları salamlayıb və sərgini açıq elan edib.
Daha sonra tələbələr sərgidəki naşirlərlə görüşüb, sərgilənən kitablarla tanış olub və onları əldə ediblər.
Eyni zamanda sərgi ərzində yazarlarla görüş və müxtəlif konfranslar təşkil edilib.
Qeyd edək ki, sərgi 20–21 fevral tarixlərində davam edəcək.







