15 sentyabrın bizim üçün dəyəri çox böyükdür. Çünki hər il Bilik Günü münasibətilə minlərlə şagird, tələbə və müəllim yeni dərs ilinə qədəm qoyur. Bu tarix hər kəs üçün yenidən başlanğıc, inkişaf və ümid günüdür. Məktəb həyatı ilə ilk dəfə tanış olan uşaqlar üçün bu gün həyəcanlı ilk addım, ali məktəblərə qədəm qoyan gənclər üçün gələcəyə aparan yolun başlanğıcı, müəllimlər üçün isə yeni nəsli formalaşdırmaq yolunda atılan məsuliyyətli addımdır.
Bilik Günü yalnız dərslərin başlandığı təqvim günü deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran bir mərhələnin başlanğıcı, elmə, maarifçiliyə və gələcəyə atılan addımdır. Təhsil bir millətin dirəyi, sabahının təminatıdır. Abdulla Şaiqin diliylə desək, “Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır”. Bu fikir zamanın sınağından keçmiş bir həqiqəti ifadə edir: təhsil olmadan inkişaf, elm olmadan tərəqqi mümkün deyil.
Bugünün şagirdləri gələcəyimizin mütəxəssisləridir. Onların biliklə silahlanması, təkcə fərdi uğurlarına deyil, həm də ölkənin gələcəyinə mühüm təsir edir. Bu baxımdan, təhsil yalnız şəxsi məsələ deyil, ictimai məsuliyyətdir. Hər bir gəncin aldığı düzgün təhsil cəmiyyətin təməl dayaqlarını formalaşdırır.
Bu sahədə müəllimlərin rolunu da unutmaq olmaz. Onlar yalnız bilik ötürmür, həm də şəxsiyyət formalaşdırır, yol göstərir, milli və mənəvi dəyərləri bizlərə aşılayırlar. Onlar gələcəyi aydınladan mayak kimidir.
Bilik Günü bizə bir məsuliyyəti daha xatırladır: öyrənmək, inkişaf etmək, öyrəndiklərimizi cəmiyyətin xeyrinə yönəltmək. Təhsilə, elmə verilən dəyər hər zaman yüksək tutulmalıdır.
Bu yazıda MİMTA Yayımları tərəfindən çap edilən “Ağıla və qəlbə işıq saçan sözlər” kitabından məktəblə bağlı sitatları sizlərə təqdim edirik:
“Məktəb elm və maarifin bağı, ağıl və fikir çiçəklərinin meyvəsidir. Elm və mədəniyyət bir günəş, məktəb də o günəşin doğduğu yerdir. Mərifət nuru həmişə oradan saçılır”.
“Füyuzat” jurnalı
“Məktəbdə oxuduqları ilə kifayətlənənlər yalnız tərbiyəçiləri ilə danışa bilən uşaqlara bənzər”.
Mari Fransua Arue Volter – fransız filosofu və yazıçısı
“Məktəb təhsilin sonu deyil, başlanğıcıdır”.
Lord Broham – ingilis dövlət xadimi
“Yenə təkrar edirəm: məktəb, məktəb.
Bizi ancaq məktəb nadanlıqdan xilas edər”.
Nəriman Nərimanov – Azərbaycan yazıçısı, dramaturqu və dövlət xadimi
“Hər açılan məktəb bir həbsxananın bağlanması deməkdir”.
Viktor Mari Hüqo – fransız yazıçısı
“Məktəbləri olan bir millətin gələcəyi əmniyyətli və təhlükəsizdir”.
Otto Bismark – Almaniyanın dövlət xadimi və kansleri
“Məktəb nə demək? Xadimi-qüdsiyyəti-millət,
Məktəb nə demək? Baisi-ülviyyətü-şövkət,
Məktəb nə demək? Cilvəgahi-nuri-həqiqət,
Məktəb nə demək? Rəhbəri-irşadü-səadət”.
Məhəmməd Hadi – Azərbaycan şairi
“Məktəb həyat üçün hazırlıq deyil, həyatın özüdür”.
Naməlum
Elm və təhsil ocağı olan məktəbin daşıdığı mənanı dərk edək və daim öyrənməyə, inkişafa maraq göstərək!



