Ədəbiyyat Ləman Vahid

Bir ərənlik dastanı…

Bu gün 44 günlük Vətən müharibəsinin 5-ci ildönümüdür.

Tariximizin şanlı səhifələrində ən mühüm və yadda qalan hadisələrdən biri olan bu savaş yalnız ərazi məsələsinin deyil, həm də ədalətin, suverenliyin və milli qürurun mübarizəsidir.

27 sentyabr 2020-ci il tarixində Ermənistanın cəbhəboyu bölgələrdəki təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başladı. Əməliyyat qısa müddətdə genişmiqyaslı müharibəyə çevrildi və ölkə rəhbərliyi bu mübarizəyə “Vətən Müharibəsi” adını verdi. 44 gün davam edən bu savaşda Azərbaycan Ordusu peşəkar hərbi planlama və ruh yüksəkliyi ilə unudulmaz uğurlar əldə etdi, tarixi yenilədi.

Müharibə ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Hadrut qəsəbəsi, Şuşa şəhəri və yüzlərlə kənd işğaldan azad edildi.

Şuşa şəhərinin azad olunması, müharibənin taleyini həll edən strateji bir dönüş nöqtəsi oldu. Bu, düşmənin müqavimətini qırdı və Ermənistanı atəşkəsə razı saldı. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla müharibə dayandırıldı və Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu sənəd Ermənistanın kapitulyasiya aktı olaraq dövlətlərarası hüquqi reallığı təsdiq etdi.

30 ilə yaxın davam edən işğala son qoymaq məqsədilə başlanan bu müharibə, təkcə ön cəbhədə deyil, arxa cəbhədə də cəmiyyətin bütün təbəqələrinin zəncir kimi birləşdiyi tarixi dönüm nöqtəsi oldu. Müxtəlif şəhərlərdə könüllü qruplar yaranaraq əsgərləri isti geyim, tibbi ləvazimat, ərzaq və digər vasitələrlə təmin etdilər. Qadınlar tikiş sexlərində cəbhə üçün geyimlər tikdi, həkimlər səfərbər oldu, tədqiqatçılar informasiya cəbhəsində mübarizə apardılar.

Medianın, blogerlərin və sosial şəbəkə istifadəçilərinin aktivliyi sayəsində beynəlxalq ictimaiyyətə Azərbaycanın haqq mübarizəsinin səsi çatdırıldı. Bir çox insanlar öz şəxsi resurslarını səfərbər edərək müharibəyə dəstək oldular. Dövlət strukturları isə bu prosesləri koordinasiya edərək həm cəbhədəki vəziyyəti, həm də ictimai əhvali-ruhiyyəni yüksək səviyyədə saxladı.

Bu zəfərin əldə olunmasında nə qədər ağrı-acılarla üzləşdik. Bu müharibə bizdən minlərlə can aldı…

Ermənistanın raket zərbələri nəticəsində mülki şəxslər həyatını itirdi, yüzlərlə insan yaralandı, obyektlər və evlər darmadağın edildi.

44 günlük “Vətən Müharibəsi” Azərbaycan cəmiyyətində dərin izlər qoysa da, milli birlik və vətənpərvərlik ruhunu gücləndirdi. Ordumuzun nə qədər güclü, qüdrətli, yenilməz olduğunu anlatdı.

Nəhayət, 30 ildən sonra doğma torpaqlarımız mənfur düşmənlərdən təmizləndi, üçrəngli bayrağımız işğaldan azad olunmuş ərazilərdə dalğalandı, yenidənqurma işləri başlandı.

Bu gün də həmin ərazilərdə bərpa işləri davam edir. Yollar çəkilir, məktəblər, xəstəxanalar tikilir, kəndlər çiçək açır. Dövlət tərəfindən “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş köçkünlərin öz torpaqlarına dönüşü təmin edilir.

Şəhid ailələri, qazilər və müharibədən əziyyət çəkən insanlar bu gün də dövlətin sosial qayğısı ilə əhatə olunur. Onların yaşadığı faciə Azərbaycanın gələcəyi naminə verilmiş ən böyük fədakarlıq kimi yaddaşlarda silinməz iz buraxacaq.

Onu da qeyd edək ki, bu müharibə Azərbaycanı regional və beynəlxalq siyasətdə daha güclü və təsirli bir aktora çevirdi. Həm diplomatik sahədə mövqelər gücləndi, həm də hərbi-siyasi güc balansında yeni reallıqlar formalaşdı.

44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi, ədalətin bərpası, qürurun qələbəsi kimi qalacaq. Bu müharibə yalnız torpaqlarımızın işğaldan azad olunması deyil, həm də milli kimliyimizin, birliyimizin simvoludur.

Əldə etdiyimiz zəfəri canımız bahasına qorumaq, tariximizi gələcək nəsillərə düzgün şəkildə çatdırmaq bizlərin borcu, vəzifəsidir. Çünki bu torpaq qanla alınmış, canla qorunmuş bir Vətəndir.

“Bura Vətəndir,
Gülü bitəndir,
Əlim çatandır,
Ünüm yetəndir,
Bura Vətəndir!..”

Ləman Vahid