Qeyd : “Füyuzat” dərgisinin “Cümhuriyyət hekayələri” rubrikasında bu dəfə Cümhuriyyət dövrümüzün daha bir şanlı hadisəsindən – ADR Parlamentindən danışacağıq. Bu rubrika daxilində tarixi sənədlərə və mənbələrə istinadən edilərək Azərbaycan Demokratik Cümhuriyyətinə aid maraqlı olaylar, həmçinin dövlət xadimlərinin həyatları haqqında bilgilər bədii-publisistik üslubda təqdim edilir. Bu dəfə yaranmasının 107-ci ilini qeyd etdiyimiz Azərbaycan Cümhuriyyət parlamenti barədə danışacağıq…

1920-ci il, 27 aprel… Şərqin müasir siyasi tarixində böyük iz qoymuş, “yoxdan var edilən” bir dövlət, təəssüf ki, çıxılmaz durumla üz-üzədir. Dövlət xadimlərinin, “parlaman” nümayəndələrinin hazırda əyləşdikləri bu məkan – Cümhuriyyət parlamentinin binası heç iki il deyildi ki, öz işinə başlamış, yeni dirçəlməkdə olan dövlət üçün gecəsini gündüzünə qatmışdı. Bu binada çox qısa vaxt ərzində dövlət üçün hansı qərarlar verilməmiş, hansı işlər görülməmişdi ki?! İndi isə… Acıdan da acı, faciə qoxuyan reallıq; dənizdən bu binanın üzərinə toplar tuşlanıb. Əgər deyilən vaxtda parlament son sözünü deməsə… Gerisi hər kəsə məlumdur. Dərd burasındadır ki, o topları tuşlayanların başında duranlardan biri də elə özümüzdən olandır.
…Gənc Məhəmməd Yusif Cəfərov… Cəmi 35 yaşında o çiyinlərində ağırdan da ağır bir yükü daşımalıdır. Bəli, Cümhuriyyətin sonunun elanı ilə bağlı iclasa o sədrlik etməli və Müvəqqəti İnqilab Komitəsinin gözlədiyi qərara o imza atmalıdır. Topçubaşov Versal Sülh Konfransına nümayəndə heyətinin rəhbəri qismində getdiyindən parlamentə, son iclasa sədrlik müavin olaraq ona həvalə edilirdi. İndi isə gənc Məhəmməd Yusif bu ağır işi üzərinə götürməli və tariximiz üçün ağır bir sənədə imza atmalıdır.
Elə bu binanın, buradakı ilk iclasın başlamasını, parlamentin qurulduğu günü çox yaxşı xatırlayır. 1918-ci il 7 dekabr… O gün idi ki, Azərbaycan öz müqəddəs dövlətçilik mahiyyətinə yeni bir naxışı da əlavə etmiş, bir neçə aylıq gərgin mübarizədən sonra özünün qanunverici orqanını təsis etmişdi. Bu o gün idi ki, Məhəmməd Əmin Rəsulzadə ilk çıxışı etmiş və məclis üzvlərinə uğurlarını çatdırmışdı:
“Möhtərəm Millət vəkilləri! Azərbaycan Milli Cümhuriyyətinin ilk Parlamentosunu açmaq səadətinin, Siz möhtərəm millət vəkillərini təbrik et¬mək şərəfinin öhdəmə düşməsi ilə iftixar edirəm (alqışlar)… Əfəndilər, Ru¬siyada zühur edən böyük inqilab digər həqiqətlər arasında bir böyük həqiqəti dəxi elan etmişdi. Bu həqiqət millətlərin hürriyyət və istiqlal haqları idi….
“Bəli, artıq Azərbaycan ideyası barədə firqələrimiz arasında fikir ixtilafı yoxdur. Azərbaycan fikri millətin şüurunda yerləşmişdir. Üçrəngli əziz bayrağımız hamımızı siyasətcə birləşdirir. Azərbaycan istiqlalını müdafiə etmək hamımız üçün ortaq bir proqramdır. Ona görə firqələr Azərbaycan ideyasını propaqanda etməklə deyil, mövcud faktın siyasətən, hüquqən və xaricən müdafiəsilə məşğul olmalıdırlar”.
M.Cəfərov içində olduğu reallığı bir anlıq unudaraq həmin 7 dekabr gününün şirinliyini, təmizliyini yenidən ruhuna çiləyirdi. Bu saat onun da, məclisdəki əsl fədailərinin də həmin günün müqəddəsliyini su misalı ruhlarına səpərək bir az sakinləşmələrinə elə ehtiyac var idi ki… Amma… Toplar dənizdən bu binaya baxmaqda idi və o toplar o binaya hələ çox baxacaqdılar…
Amma bu da bir reallıqdır ki, min bir çətinliyə baxmayaraq, onlar o tarixi – 7 dekabr gününü yarada və yaşada bilmişdilər. O günün ziyası hələ sonralar çox nələrəsə işıq saçacaqdı. O günün ülviliyi sonralar hər bir vətən sevdalısının könlündə öz missiyasını yerinə yetirəcəkdi. Gənc sədr elə bu dəmdə özünün sələfi olmuş (Xarici işlər naziri kimi) Fətəli xan Xoyskini xatırladı. Bilaixtiyar gözləri yaşardı. Fətəli xanın açılış nitqinin onun bir şəxsiyyət kimi necə böyük olduğuna işarə idi. Məmməd Yusif həmin çıxışı eynən bu gün edirmiş kimi gözlərinin önündə canlandırdı. O gün Fətəli xan Xoyski parlamentin açıldığı tarixdə qanunverici orqanın ilk iclasındakı çıxışında Azərbaycan Hökumətinin bir neçə aylıq fəaliyyəti barədə hesabat verdikdən sonra istefası haqqında bəyanatı da təqdim etdi. Bu artıq Xoyski şəxsiyyətinin böyüklüyü demək idi:
“Fəaliyyətimizdə xətalar işləmişiksə də, hər zaman fikrimiz bu olmuşdur: Hökumət çalışmışdır ki, öz nüfuzunu millətin gözündə itirməsin. Biz xahiş edirik ki, nöqsanlarımızı göstərəsiniz, tənqidə ixtiyarınız var və tənqid xeyirli şeydir. Parlamentin əsas vəzifəsi də yol göstərməkdir. Hər nazir öz nəzarətləri barəsində bəyanat verəcəkdir. Hökumətin ixtiyarı bu günə qədər idi. Şimdi isə siz yığıldınız. Hökumət başında parlamentin etimadına müzəhhər və parlamentə istinad edən bir kabinə olmalıdır. Heç bir hökumət parlament açıldıqdan sonra iş başında qalamaz. Ona görə də mən bütün yoldaşlarım tərəfindən xəbər verirəm: hökumət hüzurunuzda istefasını verir”.
Artıq reallığa dönmək, nələrin baş verdiyinə bir daha diqqət çəkmək lazım idi. Azərbaycan Parlamentinin təcili fövqəladə axşam iclası. 27 aprel 1920-ci il. Sədr – Məhəmməd Yusif Cəfərov. Katib – Rza bəy Qaraşarlı.
Məmməd Yusif kimi eynən Rza bəy də hazırda çox böyük sınaq qarşısındadır və nəinki o, elə məclisdəkilərin demək olar hamısı həyatlarının ən ağır gününü yaşayırlar… Çünki çox yaxşı bilirlər ki, ən sonda hansı acı bir qərarı qəbul edəcəklər. Amma o qərara hələ çox var. Qərar isə yalnız gecə saat 11-də veriləcək. Sədr sözə başlayır:
“Fövqəladə iclas açıq elan edilir. İntixab olunan komissiyanın izahatı müzakirəyə qoyulacaqdır. Mən istəyirəm bizim bu tarixi iclasımızın qapalı və ya açıq olmağı haqqında fikrinizi bilim.
Səslər: Açıq olsun… bağlı olsun… açıq olsun.
Sədr: Bəlkə, bir şəxs bu haqda danışmaq istəyir?
Sözü Məhəmməd Əmin Rəsulzadə alır: “Cənablar! Çıxardığımız tarixi qərarı millətdən bixəbər çıxarmayaq. Ölkə parlamentinin qapısını açıq qoyaq ki, hər kəs nə cür təhlükəli vəziyyət içində olduğumuzu, nə cür qərar qəbul edəcəyimizi bilsin. Ona görə də təklif edirəm ki, məclisimizin qapılarını millət üzünə bağlamayaq və millətdən bixəbər qərar qəbul etməyək.
(Şəfi bəy Rüstəmbəyov, “Azərbaycan” qəzetinin redaktoru ağlayır).
Sədr: Təklifi rəyə qoyuram. Kim iclasın açıq keçirilməsinin əleyhinədir əl qaldırsın.
Səslərin çoxluğu ilə iclasın açıq keçirilməsi qərara alındı. Komissiya tərəfindən onun sədri Məhəmməd Həsən Hacınski izahat verir:
Cənablar: “Vəziyyət hamıya məlumdur və bu barədə danışmaq istəmirəm. Bir komissiya təşkil olunub və mən onun sədriyəm. Arkadaşlarla bərabər biz yerli kommunist firqəsi nümayəndələri ilə müzakirəyə girişdik. Burada olan “Azərbaycan kommunist” firqəsindən bir məktub gəlib. Bu məktubun məzmununu hamı bilir. Lakin onu təkrarən oxuyuram. Mərkəzi Azərbaycan kommunist firqəsi bizə təklif edir ki, axşam saat 7-yə qədər hökuməti onlara təslim edək. Bununla belə, əmin edirlər ki, onların şərtlərini qəbul etsək, Qızıl Ordu əsla Bakıya gəlməyəcək və Qızıl Ordunun Bakıya gəlməməsi üçün onlar əllərindən gələni edəcəklər. Onlar deyir ki, hökumət Azərbaycan kommunistlərinin əlində olarsa, Qızıl Ordu heç bir vədə buraya gəlməyəcək. Hökumət mexaniki surətdə təslim edilməlidir. Nə kimi məmurlar varsa, hamı öz yerlərində qalacaqlar. Yalnız hökumət başında olanlar kənar edilib, yerlərinə Azərbaycan kommunistləri keçir və müsəlmanlardan başqa orada kimsə yoxdur. Altıncı şərtləri budur: – əgər bu gecə bu məsələ həll olunarsa, onlar bir deklarasiya çıxarırlar ki, Azərbaycan Parlamentinə daxil olan siyasi firqələr musavi (bərabər) və azad fəaliyyət göstərəcəklər. Onlara qarşı və xüsusən hökuməti üzvlərinə qarşı heç bir xüsusi tədbir görülməyəcək və onlar təqib olunmayacaqlar. Sonra gələn Qırmızı Ordunun məqsədləri millətə yardım etməkdir. Biz tərəfdən də bir neçə təklif verildi. Lakin onlar qəbul etmədilər. Onlar bir şeyi də söylədilər ki, hərgah onların təklifi qəbul olunmasa, gələcəkdə məsuliyyət Parlament üzvlərinin üzərinə düşəcək. Onların təklifi birlikdə müzakirədən sonra komissiya üzvləri tərəfindən də müzakirə olundu. Biz də qərara gəldik ki, o şərtlər ki onlar qoyur və deklarasiyanın özü komissiya tərəfindən qəbul edilə bilər. Biz onlara etiraz edən deyildik və bizim də məqsədimiz budur. O ki qaldı dedikləri sözlərin doğru olub olmamasına, bunu onların görəcəyi iş göstərir və bunun məsuliyyəti də həmin təklifi verən firqənin üzərinə düşür. Əgər bu gün onlar millətimizin lazım olduğu qədər hazır olmadıqlarından dolayı, müşkül bir müdafiə vəziyyətində qalarlarsa, biz öz məsuliyyətimizdən heç vaxt boyun qaçırmayacağıq. Zənn edirəm ki, başqa firqələr də millətin müqəddəratını bizlə bərabər həll etməlidirlər və bunu onlar da inkar etməzlər. Boynumuza almalıyıq ki, bu gün sərhəddə lazımi qədər düşmənə qarşı mütəşəkkil müdafiəyə hazır deyilik. Hökumətin laqeydliyi nəticəsində Qarabağ dağlarından Yalamayadək sərhəd açıq buraxılmışdır. Bununla belə ictimaiyyətin fikri ilə də razılaşmalıyıq ki, Şimaldan heç bir qorxu yoxdur və orada yaşayanlar da Azərbaycan kəndliləri kimi kəndlilərdir və Azərbaycanlı kəndlilərin razılığı və istəyi olmasa, heç kəs Azərbaycana soxula bilməz. Cənablar, bu firqə münaqişələri sonu görünməyən mübahisələrə çevrilib. Lakin deyirlər ki, belə bir fikirlərlə xalqımızın əksəriyyətinin etimadını qazanmaq olar və onların vəzifələri Azərbaycandan keçib Türkiyəni zalım imperialistlərdən azad etməkdir. Əgər məqsəd budursa, Şimaldan gələn qüvvələrin təzyiqi altında hökuməti təslim etməyə nə ehtiyac var? Bir halda ki, türklərin imperializm əsarətindən azad olmasına hamı və o cümlədən biz də sevinirik.
Əziz oxucu, bağışlayın ki, sizi xəyalən də olsa, getdiyiniz o ağır gündən – 1920-ci ilin 27 aprelindən ayırıram. Amma bir daha təkrarlayım ki, yuxarıda yazılanların hamısı, doğrudan da, olub, deyilənlərin hamısı, doğrudan da, deyilib. Hətta Şəfi bəy Rüstəmbəylinin ağlamağı da tarixi həqiqətdir. O ağlayaraq iclas zalını sonradan tərk də edib. İndi qayıdaq yenidən iclasa. Amma burada bir məsələni xüsusilə deməliyəm: bəhs etdiyimiz sonuncu iclasın stenoqramı ilk dəfə “Elm” qəzetinin 11 may 1991-ci il sayında yayımlanıb.
Sədr: Danışan yoxdur? Məhəmməd Əmin, siz təklifinizi buyurun. Söz Aslan bəy Səfikürdlüdədir.
Aslan bəy: Həzarat! Doğrudur, biz indi çox məsuliyyətli bir vaxta, məsuliyyətli dəqiqələrdə yaşayırıq. Millət üçun çalışan hər bir şəxs qarşısına fəqir-füqəranın müdafiəsi məsələsini məqsəd qoymalıdır. Bu yoldan da qorxub dönməməlidir. Ələlxüsus parlament üzvləri ki bir ildən artıqdır cəmiyyətin müqəddaratını öz üzərinə götürmüşlər. Burada hər kəs, o cümlədən indiyədək parlamentin sol firqəsi sayılan sosialist firqəsi daima istiqlaliyyəti müdafiə edib. Böyük Rusiya inqilabının bizə xeyri bundan ibarətdir ki, o, hər bir millətin hökumət təşkilatının və Cümhuriyyət məsələlərinin həllini onların öz ixtiyarına verib. Camaat bu ixtiyarı heç kimə verməyəcək və verməz də. İndi bir məsələ var ki, bu vaxta qədər heç bir iş başında olmayanlar parlamentdə oturmayıb, hökumət işində iştirak etməyənlər indi bizə təklif edirlər ki, camaatın müqəddəratının həlli onlara verilsin və deyirlər ki, əgər verməsən, bunu Qızıl Ordu və fəhlələr özləri alacaqlar. İndi biz nə etməliyik? Təbii ki, razı olmalıyıq. Hərgah bizim millət bu istiqlaliyyətdən həqiqi bir ləzzət ala bilməzsə, onda millət özü-özünü indi də olmasa, bir aydan sonra, ya da bir ildən sonra müdafiə edəcək. Bu məsələni millət özü həll etməlidir. Bizim sosialistlərin əqidəsi odur ki, gərək hökumət onların əlində olaydı. Necə ki deyirlər: “Biz bacarsaydıq, hakimiyyəti özümüz ələ alardıq. Lakin qüvvəmiz olmadığı üçün bunu edə bilmədik”. İndi başqa bir firqə var ki, o da Azərbaycanın fəhlələri tərəfindədir. Onlar da bizim vətəndaşlarımızdır, özlərini azərbaycanlı sayırlar və hökuməti bizdən istəyirlər. Biz isə heç bir şey bilmədən hökuməti veririk öz camaatımıza, yəni fəhlələrə və kəndlilərə ki, onlar da bunu istəyirlər. Məhəmməd Əmin demişkən, öz edamımıza özümüz qol çəkirik. Bu da doğrudur. Amma etiraf etməliyik ki, bu ixtiyarı və hökuməti öz camaatımıza veririk. Azərbaycanın ixtiyarını Azərbaycan fəhlələrinin nümayəndələrinə veririk. Bu nümayəndələr deyirlər ki, bütun məsuliyyəti biz öz üzərimizə götürürük. Biz Azərbaycan kommunistlərinin təklifini rədd etməyib, qəbul etməli və hakimiyyəti bununla birlikdə millətin ixtiyarını onlara verməliyik. Hökumət ixtiyarı gərək Azərbaycan kommunistlərinə verilsin və istiqlaliyyətin müdafiəsi və bütün məsuliyyət onların firqəsinin öhdəsinə qoyulsun, hərgah onlar istiqlaliyyəti müdafiə edə bilməzlərsə, onda camaat özü onu müdafiə edər və özü istədiyinə nail olar.
Əziz oxucu, gəlin yenidən geri qayıdaq: yəni, bu günümüzə qayıdaq. Sonra yenidən parlament zalına “yollanarıq”. Aslan bəyin təsirli nitqindən sonra sədr M.Cəfərov çıxış yolunu fasilə elan etməkdə görür. O da gəncdir. Dediyimiz kimi cəmi 34 yaşı var. 10 dəqiqəlik istirahət verməklə gərginliyin azalacağını zənn edir. Amma… Nə isə… Gəlin davam edək:
Məmməd Əmin Rəsulzadə: Mənə bu barədə söz veriniz.
Sədr: Buyurun.
Məhəmməd Əmin Rəsulzadə: Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət, firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bugünkü kommunist firqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq.
Sədr: Söz Saniyev Hacıkərimə verilir.
H.Saniyev: Musavat firqəsinin namizədi burada yeni bir şey söyləmədi. O şəxsə ki, etimad göstərilir və o bu vəzifəni layiqincə yerinə yetirirsə, deməli, bu etimad doğrulmuş hesab olunur. Yox, əgər bu vəzifə yerinə yetirilmirsə, onda bu etimad geri götürülür. Biz də, əlbəttə, bu cür hərəkət edəcəyik.
Sədr: Məsələ səsə qoyulur. Təklif olunur ki, bütün ixtiyarat kommunistlərə verilsin. Hökumət və Parlament onların rəyi əsasında təşkil olunsun. Kim buna tərəfdardırsa, əl qaldırsın. Kim əleyhinədir?
M.Ə.Rəsulzadə (yerindən): Bəs səs verməyənlər?
Sədr: Kim səs vermədi? Demək, əksəriyyət səslə hakimiyyətin kommunistlərə verilməsi qərara alınır. Bir səs əleyhinə, üç bitərəf, üç nəfər səs vermədi.
Qardaşov İslam bəy “Əhrar fraksiyası” (yerindən): Bəs bu Parlamentin taleyi?
Sədr: Onlara verilməsi qəbul olundu. Madam ki bütün ixtiyarat kommunistlərə verildi, demək, parlament də onların ixtiyarına keçir.
Səs – Məsələ belə deyil axı.
Sədr – Bu barədə danışmaq istəyən varmı? Təklif var ki, parlamentin nə cür olmağı barədə müzakirələr açılsın.
Ağa Aşurov – Orada proletar hakimiyyəti var və özlərini kəndli və fəhlə hökuməti adlandırırlar. Biz isə burada dövləti, tacir və o şəxslərik ki, hərəsi bir yerdən gəlibdir. Siz onlarla bir yerdə işləyə bilməyəcəksiniz. Onların fikirlərinə görə bu vaxta qədər olan hökuməti Parlamentə qulluqçu idi. Amma indi elə deyil. O adam sənə hökm edir, sən də qəbul edirsən. Məsələ bu növ bitir. Parlamentin qalmasını heç onlar da istəmirlər. Qəbul etsələr belə, yeni bir nəticə verməyəcəkdir.
Sədr: Söz Məhəmməd Həsən Hacınskiyə verilir.
Hacınski (“Müsavat”): Mən bir qədər izahat vermək istəyirəm. Bu məsələ bizim müzakirəmizdə olanda onlar bizə belə cavab verdilər ki, inqilabı hökumət ilə Parlament yaşaya bilməz. Məsələ orasındadır ki, Parlament öz ixtiyarını həmin inqilab komitəsinə verir. Beləliklə, məsələ aydındır.
Sədr – Söz Muxtar Mahmudova verilir.
M.Mahmudov (“Müsavat”): Həzərat! Bu gün Parlamentin çıxardığı qərar bilirik ki, Şimaldan hücum edən qüvvənin təsiri altında çıxarılan qərardır və təkcə bu məsələyə görə Parlament 2 dəfə yığılır və məsuliyyəti tamamilə öz öhdəsinə götürən firqə ilə danışıq aparır. Danışığın səbəbi qan tökülmə balasının qabağını almaqdır. Şimaldan gələn bu qüvvənin dəf etməyə, təəssüf ki, cavan Azərbaycanın qüvvəsi olmadığına görə, Parlament öz işini dayandırıb, hüquqlarını məsuliyyəti öz üzərinə götürən firqəyə verir. Deyirlər ki, təzə firqə, bəlkə, Parlamenti qovub dağıtsın, lakin Parlament bütün Azərbaycan millətinin nümayəndələrindən olduğu üçün onu kimsə dağıda bilməz. Nə vaxta qədər ki, Parlament öz dağılması haqqında qərar çıxartmayıb, yenə parlamentliyində qalır. Bizə burada “Müsavat” firqəsi adından deyirlər ki, onlar hökumətin kommunistlərə verilməsinin tərəfdarı və nə qədər ki, müstəqillik şüarı mövcuddur, onlarla həmkarlıq etməyə razıdırlar, ancaq o vaxta qədər ki, kağızda yazdıqlarına əməl edəcəklər. Yenə təkrar edirəm – Azərbaycanın müstəqilliyini mühafizə edəcəklər, onlarla bərabər işləyib müttəfiq olacaqlar. Məhəmməd Hacınskinin verdiyi izahatdan belə məlum olur ki, Parlament bu gün kommunist firqəsi tələbnaməsini qəbul edib hökuməti onlara təslim etməyi qərara almışdır. Lakin bu tələbnamə yoxdur. Təslim olmağın bir çox texniki cəhətləri vardır ki, onları sabaha qədər qurtara bilməyəcəyik. Məsələn, hökumətin dəniz avadanlığı, ordusu, nefti və sairəsi var. Tutaq ki, hökumət yıxılır, amma ola bilər ki, sabah silah başında olan əsgər təslim olmasın, müqavimət göstərsin. Gərək bunların hamısını hökumət qayda-qanun çərçivəsində həll etsin və əhali də bilsin ki, bu, Parlamentin və hökumətin qərarıdır. Parlament məsələsinə gəldikdə isə, o gərək öz hüquqlarını layiqincə saxlasın və təmin etsin. Parlamentin dağılması barədə qərar çıxarmaq üçün başqa iclas lazımdır, yoxsa belə hay-küylə iş getməz. Millətin müqəddəratını həll etmək üçün buraya yağışanlar bu səviyyəli olmamalıdırlar. Bir də təkrar edirəm, başqa iclas lazımdır.
Sədr: Söz Aslan bəy Qardaşova verilir.
A.Qardaşov: Parlamentin necə olmağını təklif edən mən idim. İndi isə təklifimi geri götürüb rica edirəm ki, müzakirəsi olmasın.
Sədr: Beləliklə, Parlamentin məsələsi bağlanır. Ona görə də iclası qapalı elan edirəm.
Əziz oxucu, bu da 23 aylıq dövlətin 15 aylıq parlamentinin son iclası… Amma hələ son qərar qəbul olunmayıb. Son qərar gecə saat 23:00-da qəbul ediləcək. Ona sədr M.Cəfərov qol çəkəcək. Və beləcə…
Amma… Həmin 1918-ci il 7 dekabr gününün ziyası bu gün də yaşayır. Dənizdən top atəşinə hazır olanların topları çoxdan susdu, özü də dəfələrlə… Amma həmin 7 dekabr bu gün də yaşayır. Özü də öz ziyası ilə birlikdə…



