Dekabrın 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə “Bir səhnə, min rəng” bədii yaradıcılıq müsabiqəsinin yekun konserti – festivalı keçirilib.
“Biz Bir Ailəyik” Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyi tərəfindən keçirilən festival şəhidlərin əziz xatirəsinin yad edilməsi işarət dilinin müşayiəti ilə Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz və suverenliyimiz naminə canlarından keçmiş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova UNEC-də inklüziv təhsilin inkişaf etdirilməsi, sağlamlıq imkanları məhdud şəxslərin keyfiyyətli təhsillə təmin edilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, bildirib ki, həmin məqsədlə universitetdə İnklüziv Təhsil Mərkəzi yaradılıb: “Universitetimizdə sağlamlıq imkanları məhdud olan tələbələrə xüsusi diqqət və qayğı göstərilir. Hətta Mərkəzin nəzdində “İnklüziv Təhsilə Dəstək” adlı tələbə təşkilatı da yaradılıb.
Təcrübə göstərir ki, fiziki məhdudiyyətli insanların gücü heç də az deyil, onların iradəsi istedad və inamla birləşdikdə ortaya daha gözəl mənzərə çıxır”.
Öz çıxışında bədii yaradıcılıq festivalı haqqında məlumat verən “Biz Bir Ailəyik” Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri Günay Ağazadə festivalın əlilliyi olan şəxslər arasında müxtəlif nominasiyalar üzrə keçirildiyini diqqətə çatdırıb: Müsabiqədə münsiflər heyətinin qiymətləndirməsi nəticəsində ən yüksək bal toplayan əlilliyi olan şəxslər festivalda çıxış etmək imkanı qazanıblar. Biz həmin çıxışları birləşdirib yekun konsert halına gətirmişik. Üç aydır onlar sərasər məşq edirlər. Tədbirin keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin yaradıcılıq potensialını üzə çıxarmaq, onların cəmiyyətə inteqrasiyasına dəstək göstərmək, bacarıqlarının geniş auditoriyaya təqdim olunmasıdır”.
Daha sonra tədbir bədii hissə ilə davam edib, əlilliyi olan şəxslər öz istedadlarını nümayiş etdiriblər.
Festival çərçivəsində, həmçinin əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi-yarmarka da keçirilib.






