ABŞ dövlət katibi Entoni Blinken yanvarın 4-9-da Koreya Respublikası, Yaponiya və Fransaya səfər edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Qeyd edilib ki, Blinken Koreya Respublikasında “yuxarı vəzifəli şəxslərlə görüşlər” keçirəcək və bu görüşlərdə ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin “azad, açıq və çiçəklənən Hind-Sakit okean regionunun təşviqi” məsələlərini müzakirə etməyi planlaşdırır. Yaponiyada Amerika xarici siyasət departamentinin rəhbəri iki ölkə arasında “müttəfiqlik münasibətlərində irəliləyiş”i, həmçinin bir sıra “ikitərəfli, regional və beynəlxalq məsələləri” müzakirə etməyi planlaşdırır.
Bəyanatda deyilir ki, Fransa rəhbərliyinin nümayəndələri ilə təmaslar zamanı Blinken “Avropa, Yaxın Şərq və ondan kənarda olan çağırışları” müzakirə edəcək.