ABŞ-ın dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əl Səud ilə telefon danışığında Qəzzada atəşkəslə bağlı razılaşmaların əldə olunmasının zəruriliyini müzakirə edib.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel deyib.
Həmçinin qeyd edilib ki, Blinken Yəməndə Husi üsyançılarının hərəkətlərindən, xüsusən də avqustun 3-də BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Sənadakı ofisini ələ keçirməsindən narahatlığını ifadə edib.
Bundan əlavə, amerikalı diplomat Səudiyyə Ərəbistanından olan həmkarına Sudanda hərbi əməliyyatların dayandırılması üçün danışıqların təşkilində göstərdiyi köməyə görə təşəkkür edib.