Xəbərlər

Blinken Ukraynaya 500 milyon dollarlıq hərbi yardım paketi açıqlayıb

“Vaşinqton administrasiyası Ukraynaya sursat, zirehli texnika, radiasiya, kimyəvi və bioloji mühafizə vasitələri də daxil olmaqla, 500 milyon dollar dəyərində daha bir hərbi yardım paketi təqdim edir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında bildirilib.

“ABŞ prezidenti Co Baydenin sentyabrın 26-da elan etdiyi artan hərbi yardımın bir hissəsi olaraq, Birləşmiş Ştatlar ukraynalı tərəfdaşlarına təcili ehtiyac duyulan daha bir əhəmiyyətli silah və texnika paketi təqdim edir. Silahlar Amerika anbarlarından təhvil veriləcək. Paketə “HIMARS” çoxsaylı buraxılış raket sistemləri, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, “HARM” anti-radar raketləri, pilotsuz uçuş aparatları (PUA), minaya davamlı “MRAP” zirehli personal daşıyıcıları, “HMMWV” üçün döyüş sursatı, zirehli avtomobillər, radiasiya, kimyəvi və bioloji mühafizə vasitələri, tank əleyhinə “AT-4”, “TOW” və “Javelin” raket sistemləri daxildir. Bundan əlavə, müxtəlif avadanlıq və ehtiyat hissələri Ukrayna tərəfinə veriləcək”, – bəyanatda qeyd olunub.