“Rusiya ordusunun Ukraynada cəbhə xəttində verdiyi itkiləri doldurmaq üçün kifayət qədər əsgəri yoxdur. İtkilər 2022-ci ilin fevralında Rusiyanın işğalı başlayandan bəri ən yüksək həddə çatıb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” Kremlə və Rusiya Müdafiə Nazirliyinə yaxın üç mənbəyə istinadən yazır.
Real vəziyyətlə tanış olan şəxs qeyd edib ki, hərbi xidmətə çağırılanların ödənişlərinin artmasına baxmayaraq, regional məmurlar orta hesabla çağırış kvotalarının üçdə birindən çoxunu doldura bilmirlər.
“Rusiya ordusunun Kursk vilayətində Ukrayna qüvvələrinin hücumunu dəf edə bilməməsi və sərhədə nəzarət edə bilməməsi Rusiyada müdafiə ehtiyatlarının qeyri-kafi olduğunu göstərdi”, – bunu isə BBC yazır.
Agentliyin mənbələrindən birinin sözlərinə görə, bütün bunlar Rusiya hakimiyyətini yeni hərbi səfərbərlik keçirməyə məcbur edə bilər ki, bu da cəbhədəki hərbçilərə “nəfəs almaq” şansı vermək üçün “rotasiya” kimi təqdim oluna bilər.
Başqa bir mənbə “Bloomberg”ə bildirib ki, yeni səfərbərlik əmri 2024-cü ilin sonunda verilə bilər.
21 sentyabr 2022-ci ildə Rusiya Prezidenti Vladimir Putin Rusiyada 300.000 nəfərin iştirak etdiyi qismən hərbi səfərbərlik elan edib. Oktyabrın sonunda Putin hərbi səfərbərliyin başa çatdığını elan etsə də, müvafiq fərman imzalamayıb.