Xəbərlər

BMT Banqladeşdə yüzlərlə etirazçının ölümü ilə bağlı araşdırma aparır

“BMT ekspertləri bu yay tələbələrin hökumət əleyhinə kütləvi etiraz aksiyalarının bir neçə yüz iştirakçısının ölümünü rəsmi şəkildə araşdırmaq üçün Banqladeşə gəliblər”.

“Füyuzat”ın məlumatına görə, BMT-nin Beynəlxalq Fakt Araşdırma Komissiyasının nümayəndələri keçmiş Baş nazir Şeyx Hasinanın hökumətinə qarşı etirazların yatırılması zamanı dörd həftə ərzində Dəkkədə, eləcə də Çittaqonqda ölənlərin hansı şəraitdə həlak olduqlarını öyrənəcəklər.

Ekspertlər müxtəlif insan hüquqları pozuntularını, insanlığa qarşı cinayətləri və həbs edilmiş nümayişçilərə qarşı törədilmiş məhkəmədənkənar qətlləri araşdırır. Onlar noyabrın sonunda araşdırmanın nəticələrinə dair rəsmi hesabatı Banqladeşin müvəqqəti hökumətinə təqdim edəcəklər.

Respublikanın hakimiyyət orqanları etirazların vəhşicəsinə yatırılmasında keçmiş hökumət başçısı Şeyx Hasinanı, onun kabinet nazirlərini və təhlükəsizlik qüvvələrini günahlandırıb.