Xəbərlər

BMT Baş Assambleyası Fələstinin xeyrinə 5 qətnamə qəbul edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstin problemi ilə bağlı 5 qətnamə qəbul edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamaya görə, BMT Baş Assambleyasında Fələstin məsələsi ilə bağlı 5 qətnamə səs çoxluğu ilə qəbul edilib.

Fələstinli qaçqınlara yardımla bağlı ilkin qərar 168 ölkədən dəstək alıb. Qərara yalnız İsrail qarşı çıxsa da, ABŞ, Uruqvay və Paraqvay da daxil olmaqla 10 ölkə bitərəf qalıb.

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyəti ilə bağlı qərarı 165 ölkə dəstəklədiyi halda, 4 ölkə (ABŞ, Kanada, İsrail və Mikroneziya) əleyhinə, 6 ölkə (Kamerun, Qvatemala, Kiribati, Palau, Papua Yeni Qvineya və Vanuatu) bitərəf qalıb.

Fələstin ərazilərində İsrail yaşayış məntəqələri ilə bağlı qərar 149 ölkənin dəstəyini qazanarkən, 6 ölkə (ABŞ, Kanada, İsrail, Macarıstan, Mikroneziya və Nauru) əleyhinə səs verib, 19 ölkə isə bitərəf qalıb.

Fələstinli qaçqınların mülkləri və gəlirləri ilə bağlı qərarı 163 ölkə dəstəklədiyi halda, 5 ölkə (ABŞ, Kanada, İsrail, Mikroneziya və Nauru) əleyhinə səs verib, 9 ölkə isə bitərəf qalıb.

Fələstin xalqının və ona aid ərazilərdə yaşayan digər ərəblərin insan hüquqlarına təsir edən İsrailin addımlarını araşdırmaq vəzifəsi daşıyan Xüsusi Komitənin işi ilə bağlı qərarı 86 ölkə dəstəkləyib. ABŞ, Böyük Britaniya, İsrail, Kanada, Çexiya, Macarıstan, Avstriya və Avstraliya da daxil olmaqla 12 ölkə əleyhinə səs verib, 75 ölkə isə bitərəf qalıb.

Bəyanatda Fələstin xalqının iztirablarına son qoyulması, İsrailin Qəzzaya hücumlarının dayandırılması və atəşkəsin təmin edilməsi üçün təcili addımların atılmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, simvolik əhəmiyyət daşıyan bu qərarlar məcburi xarakter daşımır.