“7 oktyabr 2023-cü ildən bəri İsrailin davam edən hücumları səbəbindən Qəzza zolağında 650 min insan evsiz qalıb”.
“Füyuzat”ın məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) söyləyib.
OCHA-nın Qəzza zolağındakı vəziyyətlə bağlı dərc etdiyi gündəlik hesabatda bölgədəki dağıntılar barədə məlumat verilib.
“İsrailin hücumları nəticəsində təxminən 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağında 1,9 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Köçkün düşmüş fələstinlilərin çoxu Qəzzanın cənubunda yerləşən və İsrailin son vaxtlar hücuma başlamaq üçün siqnallar verdiyi Rəfah bölgəsinə sığınıb. Rəfaha sığınan mülki vətəndaşların çoxu qalmağa yer tapa bilmədiklərindən müvəqqəti çadırlardan ibarət düşərgələrdə sağ qalmaq üçün mübarizə aparır”, – məlumatda qeyd edilib.
“İsrail ordusunun qurudan, havadan və dənizdən hücumuna məruz qalan Qəzza zolağında 70 min ev tamamilə dağılıb, 290 min ev isə qismən zədələnib və yararsız hala düşüb”, – Fələstin mənbələri bildirib.