Xəbərlər

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 158-ə yüksəlib

Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 158-ə yüksəldiyi, 88 nəfərin isə itkin düşdüyü bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Mülki Müdafiəsi məlumat yayıb.

Qeyd edilib ki, ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində 2 həftədən çox davam edən yağışların səbəb olduğu daşqınlar nəticəsində can və mal itkiləri artır.

Açıqlamada seldən zərər çəkənlərin sayının 2 milyon 300 mini keçdiyi, 82 min 666 nəfərin fəlakət bölgələrindən xilas edildiyi bildirilib.

Təxminən 30 min adamla axtarış-xilasetmə işlərinin davam etdiyi əlavə edilib.

Milli Mülki Aviasiya Agentliyindən verilən son açıqlamaya görə, yağışların həftə sonuna qədər davam edəcəyi gözlənilir.