Xəbərlər

Britaniyanın hakim partiyası ABŞ seçkilərinə müdaxilədə ittiham edilib

“Böyük Britaniyanın İşçi Partiyasının (Leyboristlər Partiyası) üzvləri və fəalları ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə edirlər”.

“Füyuzat”ın məlumatına görə, bu fikri Britaniyanın sağçı populist partiyası olan Reform UK-dən (“İslahat Böyük Britaniya”) Naycel Faraj deyib.

Bundan əvvəl “The Daily Telegraph” xəbər vermişdi ki, Böyük Britaniyada hakim Leyboristlər Partiyasının 100-ə yaxın indiki və keçmiş əməkdaşı Demokratlar Partiyasının namizədi Kamala Harrisin seçki kampaniyasında iştirak etmək üçün tezliklə ABŞ-a gedəcək. Onların noyabrın 5-də keçiriləcək səsvermədən əvvəl Şimali Karolina, Pensilvaniya, Nevada və Virciniya ştatlarında seçki kampaniyası aparacağı gözlənilir.

Nəşr qeyd edib ki, bununla Leyboristlər Partiyasının fəalları ABŞ-da seçki qanunlarını poza və mühakimə olunma riski ilə üzləşə bilərlər.

Respublikaçıların prezidentliyə namizədi Donald Trampla uzun müddətdir dostluq münasibətləri saxlayan Faraj Leyboristlərin hərəkətlərini seçki prosesinə müdaxilə adlandırıb: “Bu, hakim İşçi Partiyasının seçkiyə birbaşa müdaxiləsidir”.