Füyuzat 131 Mustafa Çəmənli

Cənub həsrəti (xatirələr) – II hissə

Yaradıcılıqla məşğul olan cənublu soydaşlarımızın Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən biri də farsdilli klassiklərimizin əsərlərini doğma ana dilimizə uyğunlaşdırmalarıdır. Xaqani Şirvaninin “Töhfətül-İraqeyn” poeması və seçilmiş əsərlərini, Sədi Şirazinin “Gülüstan”ını, Nizami Gəncəvinin bir sıra qəzəllərini, Abbasqulu ağa Bakıxanovun bircildlik əsərlərini əslən Ərdəbildən olan şair, tərcüməçi, filologiya elm­ləri namizədi Məmmədağa Sultanov dilimizə tərcümə etmişdir. 5 yanvar 1910-cu ildə Ərdəbildə anadan olmuş Məmmədağa müəllim kiçik yaşlarında ailəsi ilə birgə Bakıya köçür. O, məşhur əruzşünas Əkrəm Cəfərlə dostluq edirdi. Bəzən onlar vədələşib bir yerdə “Yazıçı” nəşriyyatına, müdiri olduğum “Klassik ədəbiyyat və folklor” şöbəsinə də gələrdilər. Mən Məmmədağa müəllimin tərcümə və  tərtib etdiyi A.Bakıxanovun “Əsərləri”nin təkmilləşdirilmiş nəşrinin nəşriyyat redaktoru idim. Məmmədağa müəllim olduqca nəcib, mülayim təbiətli insan idi. Onu hər zaman rəhmətlə anıram.

Bizim cənublu müəlliflərimizdən biri də 1925-ci ildə Təbrizdə anadan olmuş Əbülfəzl Hüseyni idi. O, 1945-ci ildə Cənubi Azərbaycanda Milli azadlıq hərəkatına qoşulmuşdu. Milli Hökumət süqut etdikdən sonra Quzey Azərbaycana mühacirət etmiş Əbülfəzl Hüseyni Bakı Dövlət Universitetini bitirmiş, “Mirzə Ağa Təbrizinin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdı. Şair, tərcüməçi, ədəbiyyatşünas Əbülfəzl Hüseyninin şeirləri onun “Məhəbbət alovları” kitabında toplu halda çap edilmişdi. Hafiz Şirazinin “Seçilmiş əsərləri” də Ə.Hüseyninin tərcüməsində kütləvi tirajla çıxmışdı. Əbülfəzl müəllimlə də tanışlığım “Yazıçı” nəşriyyatında başlamış,  onun “Seçilmiş əsərləri” 1985-ci ildə bizim redaksiyada çapa hazırlanmışdı.

1982-ci ildə Pənahəli xanın nəvəsi Ağabəyim ağa haqqında “Təbəssüm çiçəyi” adlı povest yazmışdım, lakin onun İranda yaşadığı həyatı əks etdirən tarixi mənbələri əldə edə bilmədiyimdən əsərin çapına tələsmirdim. Elə o zaman axtarışlarımın bəhrəsi olaraq şəxsi arxivimdə bu nakam taleli şairənin həyatına dair xatirələri və poeziyasından nümunələri əldə etdim. Xoşbəxtlikdən zamanında nəyi harada axtarmağı, kimi kimdən soruşmağı bacarmışam. Axı hər işin öz xiridarı var. O zaman Ağəbəyim ağa Ağabacı ilə bağlı üz tutduğum adamlardan biri də Əbülfəzl Aslan oğlu Hüseyni (Həsrət) idi.

Bir gün növbəti görüşümüzdə Ağabəyim ağa ilə bağlı niyyətimi Əbülfəzl müəllimə söylədim, ondan şairə ilə bağlı əlinə bir fakt keçərsə, mənə verməsini xahiş etdim. Bir müddətdən sonra Əbülfəzl Hüseyni şairə haqqında tarixi mənbələrdən götürdüyü bəzi məlumatları, şeir parçalarını farscadan tərcümə edərək mənə verdi. Əlbəttə, bu faktlar bədii əsər yazmaq üçün kifayət deyildi, ancaq dəyərli idi. Onun cənublu alimlərdən Ələkbər Müşir Səliminin “Zənani-süxənvər” (şairə qadınlar) əsərindən Ağabəyim ağa ilə bağlı etdiyi tərcümə şairənin həyatını öyrənmək baxımından maraqlıdır. Ələkbər Müşir yazır: “Bu şairə xanım İbrahim xan Cavanşirin qızı, Əbülfət xan Məluminin bacısıdır. Ağabacı xanım (Ağabəyim ağanın təxəllüsü – M.Ç.) şahın sarayında böyük cəlal ilə yaşayırdı. Xanım özü ilə Qarabağdan iki yüz nəfər adam aparmışdı. Onların hamısı işbilən, qoçaq şəxsiyyətlər idi. O cümlədən Məlik bəy adlı biri xanımın xüsusi xadimi-vəziri idi. Məlik bəy Qarabağın möhtərəm şəxslərindən biri olmaqla yanaşı, həm də çalışırdı ki, bir nəfər də olsun xanıma hörmətsizlik eləməsin. Ağabacı xanım İmamzadə Qasim yaxınlığında gözəl bir saray tikdirmişdi. Əsasən orada yaşayırdı. Elə bir əzəmət və böyüklüyünə baxmayaraq, ömrü boyu şaha yaxınlaşmadı. Aralarında toy gecəsi bir neçə kəlmə söhbət oldu. Sabahı gün xanım azərbaycanca belə bir şeir yazdı:

Yarım gecə gəldi, gecə qaldı, gecə getdi,
Ömrüm necə gəldi, necə qaldı, necə getdi”.

***

1988-ci ildə məlum hadisələr bizi qəflət yuxusundan ayıltmışdı. Baş verənlər adamı daha önəmli işlərlə məşğul olmağa təhrik edirdi. İstər-istəməz Qarabağın tarixi keçmişini öyrənməyə, Qarabağ xanlığının banisi Pənah xan Cavanşir haqqında düşünməyə, XVIII əsr hadisələri ilə çağdaş problemlər arasında müqayisəli təhlillər aparmağa daxili bir ehtiyac duyurdum.

Pənah xanın dövründə yaşamış, onunla dostluq etmiş, münaqişədə, müxalifətdə olmuş şimallı-cənublu xanlıqlar barədə də yazmaq istəyirdim. Buna görə çoxlu kitablar oxuyurdum. O dövrün materiallarını əldə edib araşdırırdım. Bəxtimdən o zaman nəşriyyatımızın Şərq şöbəsində iki nəfər cənublu çalışırdı: Məmmədəli Müciri və Əyyub Nəyimi. Hər ikisi 1946-da gələnlərdən idi. Boş vaxtım olan kimi onların yanına tələsir, sorğu-suala tuturdum:

“Təbriz necə şəhərdir? Ən məşhur məhəllələri hansılardır? Şəhərin özündən, yaxud ətrafından hansı çay keçir? Şəhər dağlıq ərazidə yerləşir, yoxsa düzənlikdə?”

Davamı…