Ədəbiyyat Füyuzat 131 Ülviyyə Rəhman

Mənası böyük hekayə

Əvvəllər məclislərdə, yığıncaqlarda insanları maarifləndirmək və ya əxlaqi cəhətdən zənginləşdirmək üçün hekayələr söylənərmiş. Kiçik bir hekayə bizə nə anlada bilər? İnsan bir hekayədən hansı mənaları çıxarmalıdır? Və ya sadəcə hekayə kifayət edərmi insanlara anlatmaq istəniləni çatdırmağa?

Bildiyimiz kimi, hekayə epik növün ən çox istifadə olunan janrlarından biridir. Həyatın konkret bir səhnəsinin və ya müəyyən bir hadisənin yığcam şəkildə təsvirindən ibarət olan bu janr bütün dövrlərdə, eləcə də klassik ədəbiyyatda aktual olmuşdur. İslam ədəbiyyatında hekayədən daha çox didaktik vasitə kimi istifadə edilmişdir. Həm dini, həm də ədəbi əsərlərdə bu anlatım şəkli yorucu, sıxıcı nəzəriyyədən daha təsirli olmuşdur. Bir baxımdan müqəddəs kitabda istifadə olunan müxtəlif məzmunlu ibrətamiz hekayələr sonrakı əsrlərdə klassik ədəbiyyatın ayrılmaz parçasına çevrilmişdir. Belə hekayələrdə təfərrüata yer verilmədən hadisədən danışılar, onun mənəvi və əxlaqi məzmun daşıması əsas götürülərdi.

Klassik ədəbiyyatda hekayələr həm nəzm, həm də nəsrlə qələmə alınardı. Mənzum hekayələr, adətən, məsnəvi formasında yazılar, müəllifin və ya söyləyən adamın şeir üslubunu əks etdirərdi. Nəsrlə yazılan hekayələrdə lirizm müşahidə olunsa da, onlar anonim xarakter daşıyırdı.

Klassik ədəbiyyatın böyük hekayə ustadlarından biri də orta əsrlər Şərqinin dahi mütəfəkkiri Mövlana Cəlaləddin Rumidir. Mövlana öz “Məsnəvi”sində hər hansısa bir mövzudan bəhs edərkən hekayə üslubundan istifadə edərək onu daha geniş izah etmişdir. Bu şah əsərdə toplanan hekayələr mənaya təşnə insana su misalındadır. Birnəfəsə içilir, lakin qatdığı mənəvi dəyər heç vaxt yox olmur.

Mövlana hekayələrində Allah və Onun yolundan gedənlər, Ona şükür etmənin fəzilətləri, ədalət, kamillik yolu ilə sevgi, şəfqət, qardaşlıq və s. kimi bir çox mövzulara toxunmuşdur. Məlumdur ki, təsəvvüf ədəbiyyatında ən geniş bəhs edilən mövzulardan biri nəfsdir. Təsəvvüfdə nəfs insanın ruhu ilə ziddiyyət təşkil edir. Hər iki anlayış insanın özünü, daxili aləmini əks etdirir. Bu Öz yaxşı şeylərə yönəldikdə ruh, dünyəvi həzlərin çirkabına batdıqda isə nəfs adlanır. Nəfs Haqq aşiqinin yolunda ən böyük səddir. Buradan belə bir nəticəyə gəlmək olar ki, kamil insan Haqq yolunda özü ilə mübarizə aparıb özünə qalib gələ biləndir.

Ruminin “Məsnəvi”də müraciət etdiyi və insanlara misal göstərdiyi hekayələrdən bir neçəsi Səba şəhəri və səbalıların başına gələn əhvalatlardan ibarətdir. Mövlananın anlatdığı Səba əhli gülüstanda yaşasa da, Allahın verdiyi hər cür naz-nemətə sahib olsa da, naşükürlük edir, Allahın ucalığını tanımır, yaxşı gündə pis günün xiffətini çəkir. “Məsnəvi”nin II cildində “Səbalıların hekayəsi”ndən bəhs edilir və onların Allaha qarşı nankorluqları ucbatından bəlaya məruz qalmaları, “Vəbanı səbadan üstün tutma”ları göstərilir. Mövlana daha sonra yenə Səba xalqının şükürsüzlüyünü, maddi dünyanın əsiri və hərisi olmasını, bu səbəbdən də min bir bəlaya məruz qalmasını ibrət göstərərək Haqq aşiqlərini bu hərəkətlərdən, nəfsin oyunlarından qaçmağa çağırır.

Burada bir haşiyə çıxmaq doğru olardı. Səba Yəmən ərazisində miladdan öncə II minilliyin sonundan 115-ci ilə qədər mövcud olmuş tarixi dövlətdir. Bu dövlət, Səba əhli və Səba yurdu haqqında “Qurani-Kərim”in “Nəml” və “Səba” surələrində məlumat verilir. Bununla yanaşı, yunan tarixçisi Plini də Səbanın necə bağ-bağatlı və gözəl bir məkan olduğundan bəhs edir. Tarix üzrə elmlər doktoru, professor Kamil İbrahimovun “Səba şəhəri haqqında mülahizələr” məqaləsində Xəzər sahilindəki Səbail qəsri barədə araşdırdığı maraqlı bir faktı nəzərinizə çatdırmaq istərdik: “Müasir Türkiyədə coğrafi-iqtisadi rayonlar “il” – yəni “el” olaraq adlandırılır. Nəticədə türk dilində bu ərazidə “Səba” toponiminin yaranmasına səbəb səbalıların – yəni səba xalqının, səba elinin bu yerə köçüb burada yaşaması ilə əlaqədar olmuşdur” (“Azərbaycan” qəzeti, 10.06.2014).

Maddiyyatın ön planda olub insanların ruhuna qədər işlədiyi bu günlərdə mənəvi aclığımızı, susuzluğumuzu doyurmaq üçün “Məsnəvi”nin timsalında məna dənizinə axan çaylardan su içmək nə gözəldir? Mövlana Cəlaləddin Ruminin “Məsnəvi”sindəki Səbanın üç sakini haqqında hekayəni oxuyaraq gördüyümüz, eşitdiyimiz və büründüyümüz dünya halının səba mehi kimi əbədiyyətə qədər sürməyəcəyinin fərqinə varaq…

Davamı…