Füyuzat 131 Tarix

Milli istiqlal məfkurəsinin memarı – Əli bəy Hüseynzadə

Siyasi-ideoloji fəaliyyəti və çağırış xarakterli yazıları ilə hələ sağlığında ikən “Yalavac” və “Dahi” adları ilə şöhrət qazanmış ideoloq haqqında fikir söyləmək həm şərəfli, həm də çətin bir işdir. Əli bəy Hüseynzadənin siyasi-ideoloji və publisistik fəaliyyətindən çox yazılmışdır. Lakin onun qələmindən çıxmış yazılardakı məna dərinliyi, fəlsəfi-ictimai konkretlik və mənəvi-ideoloji çağırış gücü o qədər əhatəlidir ki, onu yazılı şəkildə bir məqaləyə sığdırmaq mümkün deyildir…

Ə.Hüseynzadə 1889-cu ildə Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və orada müəllim kimi çalışmaq təklifini həyatının şansı kimi dəyərləndirmədən İstanbulda yeni açılan Ali Hərbi Tibbiyyə Məktəbinə daxil olmaq üçün əziyyətlərə qatlanmış və oradan yüzbaşı həkim rütbəsi ilə məzun olmuşdur. Daha sonra türk–yunan müharibəsində iştirak edərək yüzlərlə yaralı əsgərin həyatını xilas etmişdir. Onu rahat deyil, çətin, təhlükə və əziyyətlərlə dolu həyata doğru çəkən hansı qüvvə idi?..

Bir neçə dildə sərbəst danışan, bir çox elmləri: tarix, fəlsəfə, ədəbiyyat, musiqi, rəngkarlıq, teatrı öyrənərək yazılarında oxucularına dolğun məlumatlar verən, türklüyə və müsəlmanlığa xor baxanlara qarşı faktların dili ilə savaş açan Əli bəy Hüseynzadənin əsas məqsədi və xidmət etdiyi ideologiyanın mahiyyəti nə idi?..

O, savadından və biliyindən şəxsi mənafeyi üçün deyil, müsəlman və türklərin birləşmələri, elmi, mədəni və iqtisadi cəhətdən Avropa ölkələrinə çatmaları uğrunda mübarizədə istifadə etmişdir. Ə.Hüseynzadənin şəxsiyyəti və siyasi görüşləri ilə bağlı yaranan suallara doğru cavablar tapmaq üçün onun öz qələmindən çıxmış yazıları diqqətlə oxuyub dərk etmək kifayətdir. Onun əsərlərində müsəlmanlara və türklərə qarşı kin bəsləyən imperialist qüvvələr tənqid edilir, onların insanlığa yaraşmayan ikiüzlü siyasi fəaliyyətləri ifşa edilirdi. Hər bir yazısında zamanın siyasi-ideoloji və ictimai-mənəvi problemlərinə münasibət bildirməsi, əhatəsində baş verən məsələ və hadisələri zaman etibarilə keçmiş səhvlərin fonunda təhlil edib sabah üçün doğru proqnozlar verməsi onun ziyalılar arasında nüfuzunun durmadan artmasına səbəb olurdu. Ə.Hüseynzadə müsəlman və türklərin sürətlə inkişaf edən imperialist ölkələrin “şikarı” olmaması üçün bütün həyatını “Türkləşmək, islamlaşmaq və müasirləşmək!” ideologiyasına həsr edərək ömrü boyu bu çətin yolda yürüdüyü üçün “bütün türk dünyasının mücahidi” kimi tanınmışdır.

Ə.Hüseynzadənin 1903-cü ildə Azərbaycana gəlməsinin və burada jurnalist olaraq fəaliyyətə başlamasının məxsusi səbəbləri var idi. O, son əsrlərdə Avropa xalqlarının həyatında yaşanan mədəni-mənəvi inkişaf və demokratiya uğrunda ideoloji mübarizə hərəkatını Azərbaycanda qabaqcıl ziyalıların düşüncə və yaşantılarında əks etdirmək üçün gəlmişdi. Ə.Hüseynzadə Azərbaycan aydınları mədəni inkişaf prosesində maneələrlə qarşılaşdığı zaman çaşqınlıq yaşamasın deyə onlara siyasi-ideoloji cəhətdən daha münasib yollar göstərməyə çalışmışdır. Həmçinin maraqlı məqalələri ilə soydaşlarına inteqrasiya prosesində səhv etməmək və yad millətlərin içərisində əriyib yox olmamaq üçün faydalı tövsiyələr vermişdir. O, “Şeyx Şamil və həfidi” məqaləsində soydaşlarına “frak geyinib kəpənək bağlamaqla” müasirləşməyin mümkün olmadığını bildirərək yazırdı: “Avropalıların mədələrində həzm olunmamaq üçün onların elm və dimağlarını həzm edib öyrənməliyik! Əks təqdirdə onların içərisində əriyib yox olarıq!..”

Ə.Hüseynzadənin siyasi-ideoloji görüşlərindəki qətilik və millilik hələ Peterburqda tələbə olarkən yaranıb formalaşmışdı. O, ikinci kursda oxuduğu zaman universitetdə baş vermiş qorxunc bir hadisənin şəxsən şahidi olmuşdu. Universitet tələbələrindən bir neçəsi çara qarşı sui-qəsd hazırlamaqda ittiham edilərək edam edilmişdi. Şəkidən olan və texnologiya fakültəsində oxuyan həmyerlisinin Saşa Ulyanovun dəstəsində edam edilməsi və hadisədən sonra hərbi nazir Delyanovun universitetə gəlib tələbələri hədələyərək: “Siz kimsiniz? Topunuz yox, topxananız yox! Çarın silahlı ordusunun qarşısında neyləyə bilərsiniz? Hamınızı qarışqa kimi əzərlər!” – deməsi gənc və ağıllı tələbəni çox düşündürmüşdü. Hadisədən sonra tələbələrin hamısı sorğu-sual edilmiş, yataqxanalarda və evlərdə axtarışlar aparılmışdı. Elə o zaman tələbə Əli bəy dərk etmişdi ki, zülmə qarşı çıxmaq və onu məhv etmək üçün terror aksiyaları yanlış üsuldur. Ədaləti bərqərar etmək üçün Avropa ölkələrində olduğu kimi birlik və mədəni inqilab lazımdır!.. O həm də anlamışdı ki, yad millətlərin inqilabı onun millətinə azadlıq verə bilməz! Türklər və müsəlmanlar güclü dövlətlərin “şikarı olmamaq” üçün ilk növbədə islam dininin bayrağı altında birləşməli, sonra isə birlikdə mədəni, iqtisadi və siyasi cəhətdən güclənməlidirlər. Bu məqsədlə o, Peterburq təhsilini başa vurduqdan sonra zaman itirmədən İstanbula gəlmişdi. İnqilab beşiyində təhsil aldığı illərdə siyasi-ideoloji cəhətdən öyrəndiklərini türk dünyasına tətbiq etmək üçün ən münasib məkanı seçən Hüseynzadə burada ziyalıların dəstəyi ilə yenilənmək və demokratiya uğrunda ideoloji mübarizə hərəkatı başlatmaq istəmişdi. Peterburqda ali təhsil almış gəncin İstanbuldakı Ali Hərbi Tibbiyyə Məktəbinə daxil olmaq üçün gəlməsi, təbii ki, hamı tərəfindən xoş qarşılanmamışdı. Əli bəyin yazdığı bir mənbədə “bəzi hocaların onun bu məktəbə daxil olması üçün süni maneələr yaratması” haqqında fikirləri yer alır. Çünki həmin tarixi ərəfədə Avropada gündən-günə güclənən azadlıq mübarizəsi bir sıra geridə qalmış dövlətlərin mənafeləri üçün təhlükə hesab edilirdi. Müxtəlif bəhanələrlə Hüseynzadənin sənədlərini məktəbə qəbul etmək istəməyən qüvvələr onun osmanlıca danışa bilməməsini bəhanə etmişdilər. Lakin ağıllı və savadlı Əli bəyə yardım edənlər də tapılmışdı. Bütün maneələri aşaraq məktəbə daxil olan Hüseynzadə öz məqsədinə doğru irəliləməkdə israrlı və qərarlı idi…

Davamı…