Xəbərlər

Cənubi Koreya Rusiya səfirini çağırıb

Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen İnin iki ölkənin hərbi sahədə işbirliyini nəzərdə tutan müdafiə paktı imzalaması bölgədə geosiyasi müzakirələrin artmasına səbəb olub. Belə bir vaxtda Cənubi Koreya Rusiya səfirini çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinin müavini Kim Hong-Kyun TASS-a bildirib.

O, Cənubi Koreya hökumətinin Kim və Putinin müdafiə paktı ilə bağlı “sərt mövqeyini” ifadə edərək, Moskvanı Pxenyanla dərhal hərbi əməkdaşlığı dayandırmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə çağırıb.

Kim Hong-Kyun Rusiya səfirinə Şimali Koreyanın hərbi gücünün artmasına birbaşa və ya dolayısı ilə kömək edə biləcək hər hansı əməkdaşlığın BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozduğunu deyib və əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya məsuliyyətli davranmalıdır.