Xəbərlər

Cənubi Koreya süni intellekt üzrə təhlükəsizlik institutu açmağı planlaşdırır

“Cənubi Koreya hakimiyyəti 2024-cü ildə milli süni intellekt (AI) təhlükəsizlik institutunu işə salmağı planlaşdırır”.

“Füyuzat”ın məlumatına görə, bunu Koreya Respublikasının elm, informasiya və kommunikasiya texnologiyaları naziri Li Conq Ho söyləyib.

O qeyd edib ki, Seulda mayın 21-22-də baş tutan süni intellekt üzrə qlobal forumda süni intellekt təhlükəsizliyi məsələləri üzrə iştirakçı ölkələrin milli institutlar və ya digər təşkilatlar yaratmaq planlarını alqışlayan bəyannamə qəbul edilib. İştirakçı ölkələr belə qurumların süni intellektin müxtəlif aspektlərini birgə öyrənəcəkləri və təcrübə mübadiləsi aparacaqları barədə razılığa gəliblər.

“Deepfakes” kimi məsələlər cəmiyyətimiz üçün risklər yaradır. Biz bu il ərzində süni intellekt üzrə təhlükəsizlik institutu açmağı planlaşdırırıq və bu prosesi sürətləndirməyə ehtiyac var”, – Li Conq Ho bildirib.

Qeyd edək ki, forumda Avstraliya, Böyük Britaniya, Aİ, İtaliya, Kanada, Koreya Respublikası, Sinqapur, ABŞ, Fransa, Almaniya və Yaponiyadan nümayəndələr iştirak ediblər. Həmtəşkilatçılar Cənubi Koreya və Böyük Britaniya olub. 2023-cü ilin noyabrında Böyük Britaniya süni intellektin təhlükəsiz istifadəsi üzrə ilk beynəlxalq sammitə ev sahibliyi edib və eyni zamanda, ölkə dünyada ilk olaraq süni intellektin təhlükəsizliyi üzrə dövlət institutunu işə salıb.