Xəbərlər

Çin ABŞ-ı “cəhənnəm” ilə hədələyib

“Tayvan boğazında dron istifadə edərək cəhənnəm ssenarisi üzərində düşünən Birləşmiş Ştatlar özü cəhənnəmə getməyə hazır olmalıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu brifinqdə Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Qian deyib.

“Başqa insanların evlərini cəhənnəmə çevirmək barədə qışqıranlar əvvəlcə özləri cəhənnəmə getməyə hazırlaşmalıdırlar. Birləşmiş Ştatlarda Çini Tayvanla cilovlamaq istəyən bəzi insanlar Tayvan boğazını yer üzündə cəhənnəmə çevirməkdən çəkinmirlər. Bu, ifrat dərəcədə dəlilikdir”, – Vu Qian bildirib.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının rəhbəri Samuel Paparo “The Washington Post” qəzetinin müxbirlərinə müsahibəsində Tayvan boğazında “dronlarla cəhənnəm ssenarisi” yaratmağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-ın Çinin işğalı halında Tayvanı müdafiə etmək planı pilotsuz uçuş aparatlarından, pilotsuz qayıqlardan və sualtı sistemlərdən kütləvi istifadəni nəzərdə tutur.