“Çin bu vəziyyətdən tamamilə narazıdır və qəti şəkildə buna qarşıdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, ABŞ dövlət katibi Antoni Blinken Lai Çinq-teni yanvarın 13-də Tayvanda keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib: “Lai Çinq-teni Tayvanda prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edirik. Həmçinin Tayvan xalqını azad və ədalətli seçkilərdə iştirak edərək demokratik sisteminin gücünü nümayiş etdirdiklərinə görə də təbrik edirik”.
Çin Xarici İşlər Nazirliyi isə öz növbəsində Blinkenin bəyanatının “vahid Çin” siyasətinin pozulması olduğunu vurğulayıb.
“ABŞ Dövlət Departamenti Çinin Tayvan bölgəsində keçirilən seçkilərlə bağlı bəyanat yayıb və bu, “vahid Çin” prinsipini və Çin-ABŞ birgə bəyannaməsini ciddi şəkildə pozur. Bu, Birləşmiş Ştatların Tayvan regionu ilə yalnız mədəni, kommersiya və digər qeyri-rəsmi əlaqələr saxlamaqla bağlı siyasi öhdəliyini ciddi şəkildə pozdu, səhv siqnal göndərdi. Çin bu vəziyyətdən qətiyyən razı deyil və qəti şəkildə buna qarşıdır”, – Çinin Xarici İşlər Nazirliyi qeyd edib.