“Pekin gözləyir ki, Vaşinqton ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, qarşılıqlı hörmət prinsipinə əməl edəcək və ikitərəfli münasibətlərin stabil inkişafına çalışacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Çinin ABŞ-dakı səfirliyinin mətbuat katibi Liu Penqyu TASS-a müsahibəsində deyib.
“Prezident seçkiləri ABŞ-ın daxili işidir. Çin başqalarının daxili işlərinə qarışmamaq prinsipinə sadiqdir, buna görə də, ABŞ-da keçiriləcək prezident seçkilərinə qarışmayacaq. Çin-ABŞ münasibətlərinin inkişafı köklü maraqlara cavab verir. Kimin ABŞ prezidenti seçilməsindən asılı olmayaraq, ümid edirik ki, Birləşmiş Ştatlar bizimlə eyni istiqamətdə işləyəcək, qarşılıqlı hörmət, dinc yanaşı yaşama və əməkdaşlıq prinsiplərinə əməl edəcək və ikitərəfli münasibətlərin sabit, sağlam və davamlı inkişafına kömək edəcək. Eyni zamanda, biz suverenliyimizi, təhlükəsizliyimizi və inkişaf maraqlarımızı qətiyyətlə müdafiə etməyə davam edəcəyik”, – Penqyu vurğulayıb.