Xəbərlər

“Çirkin” və fədakar ana…

Gənclik illərində olduqca sağlam, normal bədən quruluşuna malik olan Mary Bevan 1874-cü ildə İngiltərənin London şəhərində anadan olmuşdur. Daha sonra peşəkar təhsil alaraq tibb bacısı olmuş və uzun müddət bu sahədə çalışmışdır. Həyatının bu dövründə evlənmiş, ailə qurmuş və dörd uşaq anası olmuşdur. Lakin sonradan ağır bir hormonal xəstəlik nəticəsində fiziki görünüşündə kəskin dəyişikliklər baş vermişdir. Mary Bevan tarixin ən məşhur, eyni zamanda da ən faciəvi simalarından biri hesab olunur. Onun həyatı təkcə tibbi bir hadisə deyil, həm də cəmiyyətin fərqliliyə münasibətinin acı bir nümunəsidir.

Bevanın həyatını kökdən dəyişən hadisələr onda akromeqaliya adlı nadir endokrin xəstəliyinin olması ilə başlayıb.

Bu xəstəlik hipofiz vəzinin həddindən artıq böyümə hormonu ifraz etməsi ilə yaranır. Nəticədə, üz sümükləri, əllər, ayaqlar, burun və s. kəskin şəkildə böyüyür, zamanla üz cizgiləri kobudlaşır.

Təəssüflər olsun ki, Mary Bevan bu xəstəliyə yetkin yaşlarında tutulmuşdu. O dövrdə nə düzgün diaqnostika, nə də effektiv müalicə üsulları mövcud idi. Buna görə onun fiziki görünüşü sürətlə dəyişmiş və cəmiyyət tərəfindən “anormal” kimi qəbul edilmişdir. Cəmiyyətdə fərqli olanın yaşamaq kimi hüququ əlindən alınır, o təkliyə məhkum edilir və təcrid olunur.

Mary Bevanın həyat yoldaşı erkən vəfat etdikdən sonra o, dörd uşağını təkbaşına dolandırmaq məcburiyyətində qalır. Lakin xarici görünüşünə görə işindən uzaqlaşdırılır, cəmiyyətdə lağ, təhqir və ayrı-seçkiliklərlə üzləşir.

Bu səbəbdən Mary Bevan son dərəcə ağır, lakin başqa çıxış yolu olmayan bir qərar verir.

O, ABŞ və Avropada keçirilən qəribə insanlar sərgisi adlı tədbirlərdə iştirak etməyə başlayır. Bu şoularda dünyanın ən çirkin qadını adı ilə çıxış edir.

Bu onun öz seçimi deyildi, lakin onun yolunu gözləyən dörd övladı var idi və ana buna məcbur idi.

1933-cü ildə ABŞ-da vəfat edən Mary Bevan həyatının sonuna qədər maddi çətinliklər içində yaşamış, lakin övladlarının gələcəyini təmin etməyi bacarmışdır.

Bu gün o, sosial tarixdə insan ləyaqətinin istismarının simvolu kimi xatırlanır.

Onun hekayəsi bizə göstərir ki, “çirkinlik” anlayışı cəmiyyətin qurduğu süni bir anlayışdır. Əsl faciə fiziki fərqlilik deyil, ona qarşı olan münasibətdir.

Mary Bevan güclü, fədakar və faciəli bir qadın idi. O, xəstəliyin və cəmiyyətin qəddarlığına baxmayaraq, ana olaraq övladlarını qorumaq üçün hər şeyi etmişdir.

Ləman Vahid