Köşə Yazıları Tural İsmayılov

COP29: müşahidələrim və tendensiyalar

Ölkəmizdə keçirilən COP29 tədbirinin siyasi əhəmiyyəti və müzakirələri hələ bir müddət də davam edəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycan gələn il Braziliyada keçiriləcək COP30 tədbirlərinə qədər COP29-dan sonrakı dövrdə qlobal iqlim siyasətinə töhfələr verəcəyini artıq bəyan edib.

COP29-un Mavi Zonasında iştirakçi idim və 2 həftə boyunca çox maraqlı müşahidələrim oldu. Mütləq qeyd etməliyəm ki, Azərbaycanın bu gün dünyada qlobal təşəbbüslərin mərkəzi halına gəlməyi bizim üçün çox önəmlidir. Hər zaman bildirirəm ki, iqlim məsələsi artıq hamı üçün bir nömrəli məsələ olmalıdır. İqlim məsələsində, ekoloji təhlükəsizlik mövzularında təkcə bu sahənin mütəxəssisləri deyil, siyasətçilər başda olmaqla, yazarlar, musiqiçilər, rəssamlar və s. peşə sahibləri də öz mesajlarını verməyi bacarmalıdır. Çünki iqlim olmasa, siyasət də, hüquq, kültür də olmaz…

4 il əvvəl öz gücü ilə torpaqlarını işğaldan azad edən Azərbaycan Xankəndiyə 3 rəngli bayrağımızı sancaraq separatçılıq üzərindən regiona siyasi gərginlik bəxş edən, iqlim problemləri yaradan, ekosid də daxil olmaqla dövlət səviyyəsində bir çox cinayətlər törədən Ermənistan və onun neoimperialist havadarlarını ədalət meyarları qarşısında aciz qoydu.

Azərbaycanın beynəlxalq hüququ bərpa etməsi dünyadakı qlobal erməni lobbi şəbəkələrini və onların çirkli pullarla oynatdığı “siyasi kuklaları” narahat etdiyi üçün ölkəmiz əleyhinə dezinformasiya hücumları bir an olsun dayanmır. Lakin bütün bunlar bizim qarşımıza qoyduğumuz hədəflər qarşısında o qədər cılızdır ki...

Azərbaycan hətta 44 günlük Vətən müharibəsi dövründə də qlobal ədalətsizliklərə qarşı amansız mübarizə aparırdı. Ərazi bütövlüyümüzü bərpa etməklə təkcə beynəlxalq hüququ işlək etmədik, həm də Qoşulmama Hərəkatında pandemiyanın yaratdığı bərabərsizlik meyarlarına qarşı duruş gətirdik. Bir çox ölkələr gərəyindən artıq vaksin stoklayarkən, kasıb coğrafiyalarda insanlar pandemiya tüğyanında ölümə tərk edilirdi. Cənab Prezidentin qətiyyəti nəticəsində Azərbaycan “vaksin milliyətçiliyi”nə kəskin zərbə vurdu, sonrakı dövrlərdə Ümumdünya Səhiyyə Təşkilatı dəfələrlə Azərbaycana təşəkkür etdi.

Yenə Azərbaycanın çağırışları ilə Qoşulmama Hərəkatında, BMT-də səsləri duyulmayan Fransa müstəmləkələrində baş verənlərə qarşı mövqe nümayiş etdirildi. Bu gün də Bakı Təşəbbüs Qrupu Fransanın, Niderlandın müstəmləkələrindəki ağlasığmaz neokolonialist cinayətlərdən əziyyət çəkən insanların ümid qapısıdır.

Bu ilin ölkə başçısı tərəfindən “Yaşıl Dünya naminə Həmrəylik ili” elan edilməsi ilə Azərbaycan iqlim məsələsinin onun üçün nə qədər prioritet olduğunu göstərdi.

COP29 tədbirinə gələn hər kəs Azərbaycanı yaşıl enerji ölkəsi kimi tanıyırdı. Bundan əvvəl də BƏƏ, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı ilə enerji sahəsindəki anlaşmalarımız, təkcə paytaxtımızın və Xəzərin yaşıl enerji potensialını deyil, həm də işğaldan azad edilmiş bölgələrimizin də yaşıl enerji imkanlarını təbliğ etmək üçün gözəl bir fürsət oldu.

Artıq Azərbaycanı təkcə ənənəvi enerji ölkəsi kimi yox, regionun ən ciddi külək, günəş enerjisi imkanları olan ölkəsi kimi dəyərləndirirlər.

Azərbaycan COP29-a təkcə uğurlu ev sahibliyi etmədi. Ölkəmizin səyləri ilə ilk növbədə kasıb, diqqətdən kənarda qalan Afrika ölkələri, kiçik ada xalqlarının taleyi BMT-nin ən böyük tədbirində geniş müzakirə edildi.

İkincisi, məhz Azərbaycanın səyləri ilə COP çərçivəsində qanunsuz olaraq müstəmləkə əsarətində saxlanılan coğrafiyaların iqlim problemləri, orada baş verənlər dünayaya geniş şəkildə təqdim edildi. Bir Azərbaycan vətəndaşı olaraq kiçik ada xalqlarının COP-dakı nümayəndələrinin Azərbaycana alqışları böyük fəxarət hissi yaşadırdı.

Üçüncüsü, Azərbaycan uzun illərdir işlək olmayan Paris sazişinin vacib müddəalarının bundan sonrakı işləkləyinə nail oldu. İqlim maliyyələşməsi sahəsindəki bərabərsizlik və qeyri-müəyyənlik Azərbaycanın güclü müdaxilələri ilə yenidən formalaşdı. İtki və Zərər Fondunun maliyyələşməsinə nail olundu. Azərbaycan mükəmməl tədbir təşkilatçısı kimi yox, həm də böyük idealların təşəbbüskarı kimi COP və BMT tarixinə imza qoydu.

COP öncəsində və ərəfəsində erməni diapora təşkilatlarının ətəyində gəzənlər Azərbaycan əleyhinə koordinasiyalı şəkildə fəaliyyət göstərirdi. Xaricdə fəaliyyət göstərən “sapı özümüzdən olanlardan” Luis Moreno Okampo kimi dezinformatorlara qədər, Amerikadakı anti-türk və anti-Azərbaycan mərkəzlərin muzdlu trolu Frenk Pellonedən, Rasmussen kimilərə qədər hər biri Azərbaycanın yaşıl enerji gündəmi, mövqeləri və siyasəti qarşısında miskin vəziyyətdə qaldılar və qalmağa davam edəcək. Bu siyahıya Makron timsalında Fransa və onun dünya siyasətinə xaos yaymağa çalışan nümayəndələri də daxil idi.

Əvəzində on minlərlə insan Azərbaycan reallığı ilə tanış oldu. Azərbaycan həqiqətləri ilə bilgiləndirildilər.

Ölkəmizin təbliğatı və gələcəyi baxımdan əvəzsiz bir tədbir olduğunu öz gözlərimizlə tədbirin hər bir anında müşahidə etdik.

Azərbaycanın COP29 modeli bütün tədqiqatçılar üçün həm də gözəl bir mənbə oldu!