Ukrayna prezidenti Volodimir Zelenski və Danimarkanın baş naziri Mette Frederiksen ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
“Füyuzat”ın məlumatına görə, bu barədə Prezident Aparatının rəhbərinin müavini İqor Jovka məlumat verib.
“Ukraynanın təhlükəsizliyinə dair daha bir razılaşma. Bu gün Lvovda Ukrayna prezidenti və Danimarkanın baş naziri ölkələr arasında təhlükəsizlik və uzunmüddətli dəstək sahəsində əməkdaşlıq haqqında saziş imzaladılar”, – Jovka bildirib.
“Danimarka G7-nin üzvü olmayan ilk ölkə olub ki, belə bir sənəd imzalanıb. 2024-cü ildə Danimarkanın Kiyevə hərbi dəstəyi ən azı 1,8 milyard avro təşkil edəcək. Bundan əlavə, Danimarkanın Ukraynaya Dəstək Fondu 2023-2028-ci illərdə dövlətimizə dəstək üçün 8,5 milyard avro ayırıb”, – diplomat qeyd edib.
Jovkanın verdiyi məlumata görə, sənəd digər məsələlərlə yanaşı, Danimarkanın yüksək texnologiyalı hərbi yardım göstərməsini nəzərdə tutur. Bura pilotsuz uçuş aparatları, rabitə vasitələri, radarlar və s daxildir.
Sonda Jovka qeyd edib ki, Danimarka tərəflərin razılığı ilə 10 illik müddət ərzində Ukraynaya dəstək verəcək.