Xəbərlər

Didgeridoo nədir?

Didgeridoo Avstraliyanın aborigen xalqları tərəfindən min illər əvvəl icad edilmiş nəfəsli musiqi alətidir. Bu alət dünyanın ən qədim nəfəsli musiqi alətlərindən biri hesab olunur.

Təxminən 1500–2000 il əvvəl icad edilən alətin uzunluğu təxminən 1,5–2 metrdir.

Ənənəvi didgeridoo eukalipt ağacından hazırlanır. Bu ağaclar termitlər tərəfindən içi oyulmuş vəziyyətdə tapılır və sonra təmizlənir, içi tam oyulur və düzəldilir.

Bu alətin ətrafa yaydığı səs aşağı tezlikli, rezonanslı və “drone” adlanan davamlı səsdir.

Əsas ifa texnikası dairəvi nəfəsalma adlanır. Yəni bu texnika sayəsində ifaçı nəfəs alarkən belə musiqi ifa etməyə davam edə bilir. Səsin tonu və effekti ifaçının ağız forması, dil hərəkətləri, boğaz səsi və nəfəsinin ritmik şəkildə dəyişməsindən asılı olur.

Bu texnika ustalıq tələb edir və uzun məşqlər nəticəsində öyrənilir.

Qeyd edək ki, didgeridoonun səsləri meditasiyada, nəfəs məşqlərində, stressin azaldılmasında və hətta bəzi terapiya növlərində istifadə olunur. Onun yaratdığı vibrasiya və rezonans insan bədənində rahatlıq və balans hissi yaradır.

Bu gün didgeridoo yalnız aborigenlər arasında deyil, dünya musiqisində də geniş istifadə olunur. Bir çox musiqiçilər və terapevtlər bu aləti fərqli sferalarda istifadə edirlər.

Ləman Vahid