Ədəbiyyat Kültür-sənət Tarix Xəbərlər

DİRİLİK NƏDİR?

Dirilik, iştə bir mövzu ki, səhifələr dolusu yazı yazdıra bilər. Fəqət biz “Dirilik”i anladığımız kimi anlatmaq üçün hal-hazırda dirilik üçün olunan hərblərdən və dirilik naminə icra olunan qitallardan daha bəliğ bir bəyan olamaz zənnindəyiz. Dünyanın mütəməddin millətləri öz diriliklərini təmin üçün cəhənnəmi silahlarla müsəlləh olub bir-birlərinin üstünə hücum ediyorlar. Nə əcaib bir tələqqi ki, istədikləri kimi dirilə bilmək üçün ölümü qəbul ediyorlar. Dirilik üçün ölüyorlar…

Dirilik üçün ölmək… Avropa diriliyi bu dərəcədə müəzzəz tutuyor və ona bu qədər əhəmiyyət veriyor. Halbuki Şərqdə, ələlxüsus şərqi-islamda yalnız ölmək üçün diriliyorlar. Başqalarında məqsəd diriliksə, bizim məqsədimiz ölümdür. İşdə diriliyi və dirilik fikrini avropalılar kimi anlayıb və anlada bilmək “Dirilik”in məqsədini təşkil ediyor.

Avropalılarca dirilik məhzən qüvvətli olmaqdan ibarətdir: bədənən və ruhən qüvvətli olmaq. Gərək bir insan və gərək bir millət elmən və bədənən qüvvətli olmayınca dünyada yaşaya bilmək nemətindən məhrumdur. Yaşaya bilmək üçün icabında yaşamağı belə fəda edə biləcək qədər rəşid olan millətlərdir ki, dünyada dirilik haqqı qazanıyorlar.

Müdafieyi-nəfs və mübarizeyi-həyat xassəsi zatən bütün mövcudatda qoyulmuşdur. İnsan deyil, heyvanlar dəxi öz nəfslərini müdafiə və öz diriliklərini mühafizə üçün var qüvvələrilə çalışıyor, çarpışıyorlar.

İnsanlar bilafərq millət və məzhəb düşməni-ümumiləri olan təbiətlə mübarizə etmək məcburiyyətindədir. Gördüyümüz mədəniyyət, içində bulunduğumuz ümran iştə bəşəriyyətin təbiətlə etdiyi davalardan aldığı qənimətlərdir. Hər hankı millət ki təbiətə qarşı icra olunan müharibədə daha bacarıqlı və daha qüvvətlidir, o millət təbiətdən alınan qənimətdən də daha ziyadə istifadə ediyor, hələ yalnız bununla qalmayıb, dünyanın nemətlərini təqsim edərkən diri millətlər özlərinə hər kəsdən ziyadə pay çıxarıyorlar. İştə bu xüsus ümumi dirilikdən başqa, insanlar arasında bir də xüsusi bir dirilik vücudə gətiriyor ki, bu xüsusi diriliklərin ən mütəkamil bir şəkli milli diriliklərdir. Millətlər qüvvətli və tərəqqi olmadıqca və diriliyi mənayi-həqiqi və maddisi ilə anlamadıqca təbiətdən alınan qənimətlərdən hissələrinə ancaq bir quti-layəmut düşər. İştə bu quti-layəmuta qənaət edən millətlər karigahi-bəşəriyyətdə ən süfli xidmətlər ifa edən səfil əmələlərdir. Neft mədənlərində çalışan “çornıy raboçilər” kimi.

Bəncə, mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətindən hasil olan bir yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə o yekuna xüsusi, xüsusi olduğu qədər də, qiymətli bəzi şeylər əlavə ediyor ki, bir millətin ölməsi və yaxud ölgün fikirlərlə yaşaması yalnız özünün bədbəxtliyini deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil ediyor.

Yuxarıda başqaları dirilik üçün öldükləri halda bizim ölmək üçün dirildiyimizdən bəhs etmişdik, imdi təkrar bu bəhsə övdət edəlim…

Biz, yəni islam aləmi və islam millətləri dinimizin sağlam əmrlərindən çox uzaqlaşaraq dünya diriliyinə qərib bir nəzərlə baxmağa başladığımız zamandan bəri başqalarının rizəxarı və onlardakı tərəqqi və ümranın əsir və dəstgiri olduq. Bunu etiraf etməliyiz. Bizcə, dünyanın diriliyi bir manqura dəyməz; beş gün dünyadan ötrü insan çalışmasa, daha məqul bir iş görmüş oluyor; çünki bu dirilik müvəqqətidir. Burası da bir karvansaradan ibarətdir. Doğrudan da, islam aləmi ilə Avropa aləminin abadlığı müqayisə edilərsə, birincisinin xaraba bir karvansaradan ibarət olduğu həman anlaşılar.

Fəqət düşünməlidir ki, bu gün dünyanın ən möhkəm səngərlərini xak ilə yeksan edən topların müqabilində köhnə karvansaraların halı nə olar?…

Bu kimi karvansaraların insanı yaşada biləcəyindən bəhs etməliyəm. Bunlar ölümü çar çeşmlə gözləyən bir abidin hüzuri-qəlb ilə raz-niyazına da kafi gəlməz.

Böylə, dünyaya bir qələm çəkib də bütün diriliyi axirət diriliyindən ibarət bilməyi bir əmri-din bilmək səlim düşünülərsə, böyük bir xətadır. Çünki bunun nəticəsi maddi və mənəvi bir fəlakətdir ki, dünyanı da, axirəti də bərbad edə bilər. “Əd-dunya məzrəətul-axirəti”. Məzrəəni abad etmək lazımdır. Buna da ancaq dirilik yarar. Dirilik isə elmən, ruhən və cismən qüvvətli olmaqdan, diriliyi sevməkdən ibarətdir.
Nəzərə bir az qərib gəlsə də, demək istəyirəm ki, dirilik dünyanı sevməkdən ibarətdir. Mənayi-xassi ilə dünyapərəstlikdir. Diriliklərin ən qiymətlisi də milli dirilikdir.

“Milli dirilik” mövzusunda bir silsileyi-məqalat yazmağı möhtərəm qarelərimə vəd etməklə bərabər, bu pərişan sətirlərdə bitirmək istədiyim fikri xülasə etməklə xətmi-məqal edəcəyəm:

Dirilik nədir?

Filosoflar və sufilər nə deyirlərsə, desinlər:

“Dirilik, dünyanı sevməkdən və öz hüquq və namusunu mühafizə edə biləcək qədər qüvvətli olmaqdan ibarətdir”. İştə mətbuata yeni çıxan “Dirilik” də öz milləti üçün böylə bir dirilik arzu edər.

M.Ə. Rəsulzadə

Yazı MİMTA Fondunun layihəsi əsasında transliterasiya edilmiş “Dirilik” jurnalının 16 sentyabr 1914 tarixli 1-ci sayından götürülmüşdür.