Dumanlı payız günlərinin birində Qarqar çayının sahilində xoş bir əks-səda eşidilir. Uzun illərdir dərin hüznlə sükuta qərq olan Xanın kəndinin qonağımı var idi? Gəlişi ilə qara buludları yox edib “Könüllər cəlb edən xoş mənzərə” yaradan bu qonaq kim idi? Nəhayət, başı dumanlı dağlar əzəmətli və məğrur duruşundan tanıdı onu. Xanın kəndinə qonaq gəlməmişdi, onun baş tacı – al duvaqlı, yaşıl gözlü türk gözəli yurduna geri dönmüşdü. İstiqlalın ən böyük təcəssümü olan – millətinin azadlığı uğrunda canlarını fəda edən vətən övladlarının qanından yoğurulan al bayraq böyük bir zülmətdən keçib gəlmişdi öz yurduna. Onun dastana dönən Zəfər yolunun başlanğıcı da elə bir payız günü başlamışdı. 2020-ci il, 27 sentyabr – barıt qoxulu yollarda düşmənə qan udduran, üçrəngli bayrağını gözünün üstündə, qəlbinin içində daşıyan igidlərin səngərindən başladı bu Zəfər savaşı.
2020-ci il, 8 noyabr – böyük bir millətin tarixini andıran Zəfər meydanlarının bayrağı qürur və iftixarla öz doğma yurdunun üzərində dalğalanır. “Ah!” deyərdim… heç ölməzdim, düşə bilsəm ayağına” deyərək haray qoparan al duvaqlı yaşıl gözlü gözəl Qafqazın qaş səhləbinə – öz həmdəmi olan Xarı Bülbülə qovuşur. Lakin onların bu görüşündən doğan məğrur zəfər gülüşünün ardında ümid dolu bir arzu da gizlənirdi. Daha böyük coşğu ilə Xanın kəndində dalğalanmaq.
2023-cü il, 9 noyabr – son rəqəmi ilə hürriyyətin sonsuzluğunu təcəssüm etdirən istiqlal tarixinin yadigarı – al duvaqlı, yaşıl gözlü türk gözəlinin sədası Xankəndində duyulur. “Adı gəlcək könlüm xəndan göründü” deyib Vətən eşqi ilə çırpınan qəlblərin Qarqar çayının sahilində eşitdikləri həmin xoş əks-sədanı indi bütün dünya duyur. Xanın kəndinin baş tacı – al duvaqlı, yaşıl gözlü türk gözəli qürurla dalğalanaraq deyir – “Dumanlı dağların başında durdum!” Bu sədanı duyan adı da, özü də dastana dönən cənnətin əbədi mərd sakinləri onun sədasına qoşulurlar:
“Deyirlər bülbülə çəmən yaxşıdır,
İnsançün laləzar vətən yaxşıdır,
Vahid, sorma, vətən nədən yaxşıdır,
Adı gəlcək könlüm xəndan görünür”.