Xəbərlər

“Dünya vətəndən başlayır” kitabının təqdimatı keçirilib

Bu gün LIBRAFF kitab evinin Park Akademiya filialında səyyah-yazar İradə Qədirovanın “Dünya vətəndən başlayır” kitabının təqdimatı keçirilib.

“Füyuzat”ın məlumatına görə, təqdimat mərasimində ziyalılar, ictimaiyyət nümayəndələri və oxucular iştirak edib.

Tədbiri açılış sözü ilə başlayan MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu bütün qonaqları salamlayıb, Azərbaycan xalqının tarixən malik olduğu yüksək mədəni-əxlaqi dəyərlərindən, insanların bir-birinə bəslədiyi dərin insani sevgidən bəhs edərək kitabın bu kimi məsələlərə geniş yer verdiyini, bu mövzuların kitabda uğurla işləndiyini ifadə edib.

Daha sonra çıxış edən müəllif gələn qonaqlara təşəkkürünü bildirib.

Kitabın redaktoru Loğman Məmmədov insan həyatından, xarakter fərqliliyindən danışaraq kitabdakı mövzuların yüksək əxlaqi dəyərləri ələ aldığını, insan hekayələrini təqdirəlayiq şəkildə işlədiyini qeyd edib.

Sonra söz Əzizə Cəfərzadə irsinin qoruyucusu və naşiri Turan İbrahimova verilib. T.İbrahimov dinləyicilərlə xatirələrini, anası – Xalq yazıçısı Əzizə Cəfərzadə ilə bağlı yaddaşında qalanları bölüşüb. Hər iki səyyah-yazarın qələmə aldığı kitabların oxucu üçün önəmindən bəhs edib və belə əsərlərin davamlı olmasını arzulayıb. Nitqini bitirərkən Əzizə Cəfərzadənin ilk dəfə nəşr olunan dörd kitabını da yazar və naşirlərə hədiyyə edib.

Tədbirdə İradə Qədirovanın anası, tanınmış bloqqer Elmira Qədirova da çıxış edərək övladının fəaliyyətindən, qələmə aldığı əsərlərdən bəhs edib. Həmçinin yazarın işinə necə məsuliyyət hissi ilə yanaşdığını oxucularla bölüşüb.

Kitabın dizayneri Murad Əzizov isə tərtibat haqqında fikirlərini, kitabın dizaynının və üz qapağının ərsəyə gəlmə prosesi barədə təəssüratlarını bölüşüb.

LIBRAFF kitab evinin və Teass Press Nəşriyyatının PR mütəxəssisi Sərxan Rüstəmov müəllif və kitab haqqında fikirlərini oxucularla bölüşüb, müəllifə uğurlar diləyib.

Tədbiri son söz ilə bağlayan müəllif İradə Qədirova kitabın ərsəyə gəlməsindən, kitabda yer alan ərazilərə səyahət müddətində başına gələn maraqlı hadisələrdən danışıb. Eyni zamanda ona evini açan insanlarımızdan, qarşılaşdığı qonaqpərvərliklərdən bəhs edib.

Sonda oxucularla imza saatı keçirilib.

Qeyd edək ki, “Dünya vətəndən başlayır” kitabı Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun nəşr şöbəsi olan MİMTA Yayımları tərəfindən çap edilib.